Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:43

Ermənistanda müxalifət yenə də mübahisəli sərhəd əraziləri məsələsini qaldırır


Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan
Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan iddia edib ki, 2020-ci ilin dekabrında Ermənistanın Sünik vilayətində mübahisəli sərhədyanı ərazinin Azərbaycana verilməsindən xəbəri olmayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan silahlı qüvvələri həmin ərazidən 44 günlük müharibədə, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən bir ay sonra geri çəkilib. Həmin vaxt bu əraziyə Azərbaycan silahlı qüvvələrinin daxil olması Sünik vilayətində o qədər də geniş olmayan etirazlara səbəb olmuşdu.

Azatutyun yazır ki, həmin hadisədən demək olar bir il keçdikdən sonra Azərbaycan Ermənistanın Qafan və Gorus şəhərlərini birləşdirən magistral avtomobil yolunun 21 kilometrlik hissəsi üzərində öz nəzarətini bərqərar edib.

Bu da qeyd olunmalıdır ki, Qafan-Gorus yolunun bir ucu qonşu İrana gedir və əslində bu, Ermənistanı İranla birləşdirən yeganə yoldur.

Müxalifət yola Azərbaycanın nəzarət etməsini qanunsuz sayır

Azərbaycan yolun bu hissəsinə nəzarəti ələ aldıqdan sonra Ermənistan və İran avtomaşınları bu yoldan istifadəni dayandırıblar və Ermənistan hökuməti tələsik şəkildə Sünikdə yolun həmin sektorundan yan keçən 70 kilometrlik yol tikməyə məcbur olub.

Azatutyun yazır ki, təxminən həmin dövrdə hökumət bir neçə müxalifət deputatına Erməni qoşunlarının yolun mübahisəli hissəsindən çıxarılmasına dair sənədlə tanış olmaları üçün imkan yaratmışdı.

Həmin deputatlardan biri – Geğam Manukyan iddia edir iki, həmin sənəd yalnız Ermənistan və Rusiya müdafiə nazirləri tərəfindən imzalanıb və buna görə də ərazinin Azərbaycana verilməsi üçün hüquqi əsas sayıla bilməz.

Manukyan iyulun 29-da israr edib ki, o ərazinin Azərbaycana verilməsini qanunsuz hesab edir, çünki bunun üçün heç bir delimitasiya və demarkasiya aparılmayıb.

Müxalifətçinin sözlərinə görə baş nazir Nikol Paşinyan elə bu səbəbdən sözü gedən sənədi bir il müddətində açıqlamayıb.

Yola Rusiya hərbçiləri nəzarət etməliydi

2020-ci ilin atəşkəs razılaşmasından bir neçə gün sonra xarici işlər naziri təyin edilmiş Ayvazyan deyib ki, bu sənəd ondan və Xarici İşlər Nazirliyindən gizli saxlanıb:

“Mən bu barədə eşidəndə baş nazir vasitəsilə Müdafiə Nazirliyinə müraciət edərək sənədin bizimlə paylaşılmasını xahiş etdim. Lakin vəzifədə olduğum müddətdə bu sənədlə tanış ola bilmədim”.

Geğam Manukyan isə deyib ki, “bu təkcə Xarici İşlər Nazirliyinin sənəddən xəbərsiz olması deyildi, həm də erməni xalqının aldadılması idi”.

Qafan-Gorus yolunun Azərbaycanın nəzarətində olan hissəsi
Qafan-Gorus yolunun Azərbaycanın nəzarətində olan hissəsi

Müxalifət deputatının sözlərinə görə 2020-ci ilə aid sənəddə Gorus-Qafan yolunun bir hissəsi üzərində Azərbaycanın nəzarəti nəzərdə tutulmamışdı:

“Həmin memoranduma görə Ermənistan və Azərbaycan sərhədçiləri yolun qarşı tərəflərində üzbəüz yerləşdirilməliydi və yola heç bir tərəf nəzarət etməməli idi”.

Azatutyunun yazdığına görə Müdafiə Nazirliyi 2020-ci ilin dekabrında bildirmişdi ki, yolun mübahisəli hissəsinə Rusiya hərbçiləri nəzarət edəcək.

Belə görünür ki, Paşinyan 2021-ci ilin avqustunda yol ilk dəfə bağlananda Bakını üçtərəfli anlaşmanı pozmaqda bu səbəbdən ittiham etmişdi.

Ara Ayvazyan keşişin hərəkatını dəstəkləyir

2021-ci ilin oktyabrında parlamentdə çıxış edən baş nazir etiraf etmişdi ki, Ermənistan hərbçilərinin həmin yoldan çəkilməsini şəxsən əmr edib. O iddia edirdi ki, əks halda Azərbaycan ordusu Sünikə daxil ola bilərdi.

Azatutyun xatırladır ki, Paşinyan bu ilin əvvəllərində Qazax rayonunda Azərbaycana aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına razılaşmasına eyni şəkildə haqq qazandırmışdı.

Həmin dörd kəndin Azərbaycanın nəzarətinə qaytarılması Ermənistanda bir ayadək davam edən mitinq və etirazlara səbəb olmuşdu. Bu etirazlar ötən may və iyun aylarında Yerevanda böyük antihökumət mitinqi ilə nəticələnmişdi.

Bu etirazlara Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edirdi. O Paşinyana qarşı etirazları bu payız bərpa edəcəyi ilə hədələyib.

Ermənistanda Ara Ayvazyanın da iştirakilə yenicə yaradılmış keçmiş diplomatlar assosiasiyası keşişin hərəkatını dəstəkləyir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə ATƏT-in Minski qrupu vasitəçilik edib. ABŞ, Rusiya və Farnsa qrupda həmsədrlər idi.

XS
SM
MD
LG