Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:42

Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırır


Ermənistanda istixana
Ermənistanda istixana

Rusiyanın ərzaq təhlükəsizliyi ilə bağlı Ermənistandan meyvə-tərəvəz idxalını qadağan etdiyi bildirilir. AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" bunun iki müttəfiqin bir-birindən uzaqlaşdığı, münasibətlərindən gərginliyin artdığı bir dönəmdə baş verdiyini yazır.

Rusiyanın "Rosselxoznadzor" kənd təsərrüfatına nəzarət qurumu iyulun 4-də Ermənistan hökumətinin Ərzaq Təhlükəsizlik Müfəttişliyinə bu barədə məktub göndərib. Məktubu iyulun 17-də Ermənistanın azı iki media orqanı dərc edib.

Məktubda deyilir ki, apreldən iyunun əvvəlinədək Rusiya orqanları ölkəyə Ermənistandan idxal edilən pomidor və almada Rusiya və Avrasiya İqtisadi İttifaqının digər üzvlərində icazə verilən normadan artıq pestisidin olduğu səkkiz hal aşkarlayıblar.

"Rosselxoznadzor"un rəis müavini Anton Karmazinin imzaladığı məktubda deyilir ki, iyunun 5-də Ermənistan tərəfə bu pozuntularla bağlı məlumat verilib, ancaq sonuncu uyğun araşdırmaya boyun olmayıb. Bu səbəbdən Ermənistan iyulun 15-dən kənd təsərrüfatı məhsullarının ixracını dayandırmalı, Rusiyanı narahat edən məsələlərlə bağlı "məqsədli" tədbirlər görməlidir.

Karmazin qadağanın aid edildiyi Ermənistan ixracatçılarının 18 səhifəlik siyahısının da məktuba əlavə olunduğunu yazıb. Ancaq bu məktub Ermənistan mediasına sızdırılmayıb.

Rusiyadan gələn xəbərdarlıqlar

İyulun 18-i axşamadək Ərzaq Təhlükəsizlik Müfəttişliyi Rusiyanın qadağasına reaksiya verməyib. "Azatutyun" yazır ki, bu qadağa Rusiya bazarından asılı on minlərlə ermənistanlı fermerə və istixana sahibinə təsir göstərəcək. Hökumət "Azatutyun"un suallarını da cavablandırmayıb.

Ermənistanda meyvə bağı
Ermənistanda meyvə bağı

Müvəqqəti ola biləcək bu qadağanı yerli şərhçilər Rusiyanın Ermənistan hökumətinin Qərbə davamlı meyllənməsinə cavab sayırlar. Moskva son aylar Yerevana sərt xəbərdarlıqlar edir.

Ötən ilin noyabrında Rusiya Ermənistandan bir çox ərzaq məhsullarının idxalını blokladı. Onda "Rosselxoznadzor" həmin məhsullarda zərərli karantinli orqanizmlərin sayında kəskin artımın olduğunu əsas gətirirdi. O vaxtdan bəri Rusiya-Ermənistan münasibətləri daha da pisləşib. Baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyanın rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martda deyirdi ki, əgər Paşinyan KTMT-dən çıxarsa, Ermənistan Rusiya ilə davamlı azad ticarətə bel bağlaya bilməz. Onun müavinlərindən biri Mixail Qaluzin ötən ay bu xəbərdarlığı bir daha dilə gətirib.

İxracın 90 faizi Rusiyaya gedir

Rəsmi statistikaya görə, 2023-cü ildə Ermənistandan 182.5 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib, 2024-cü ilin yanvar-mayında isə bu rəqəm 70 milyon olub. İxracın 90 faizi Rusiyaya gedib, - Yerevanda yaşayan iqtisadçı Suren Parsyan belə deyir.

"Bu qadağalar qüvvəyə minərsə, bizim fermerlər üçün çətin olacaq. Onlar məhsullarını yerli bazarda, daha aşağı qiymətə satmalı olacaqlar", - Parsyan "Azatutyun"a deyib.

Ermənistanda istehlakçı hüquqları qrupuna başçılıq edən Babken Pipoyan isə Ermənistan hökumətini "Rosselxoznadzor"un iyun xəbərdarlığından sonra tədbir görmədiyinə görə tənqid edib.

"Ərzaq təhlükəsizliyi risklərini qiymətləndirən mexanizm var. Hökumət bu sistemi işlədə bilməyəndə başımıza gələn də bu olur", - o deyib.

XS
SM
MD
LG