Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:50

Yeni İpoteka Fondu: köhnə niyə işə yaramadı?


Arxiv fotosu
Arxiv fotosu

Yeni İpoteka Fondu kimlərin mənzil dərdinə çarə ola biləcək? Ekspert rəyləri.

İki uşağı və həyat yoldaşı ilə təxminən 25 kv. metrlik evdə yaşayan orta məktəb müəlliməsi Səkinə Əliyeva illərdir mənzil şəraitini yaxşılaşdırmaq istəyir:

"İkimərtəbəli evdi, üst mərtəbədə iki otaq var, qayınanam, qayınatam yaşayır. Altda isə bir otaqdı, həm yataq, həm qonaq otağım, həm də mətbəximdir. Yoldaşım sürücüdür, bəzən iş tapır, bəzən yox. Uşaqların boğazından, əynindən kəsib 6-7 min manat pul toplamışdıq. Düşünürdük ki, bir az da borc götürüb iki otaqlı ev alaq”.

“İPOTEKA ALMAQ ÜMİDİM YARANIB”

Ancaq onların axtarışı fayda verməyib:

“Əslində 35-40 minə iki otaqlı almaq olardı, amma o qədər borc yığa bilməzdik, uzağı 10 min borc tapardıq, 20 min manata isə 1 otaq belə tapmaq mümkün deyil.

İpotekanın indiki şərtlərinə cavab vermirik. Maaş azdır, üstəlik, ayda aşağısı 250-300 manat ödəmək lazımdır, buna da gücümüz çatmaz”.

Müsahibimiz prezidentin oktyabrın 27-də imzaladığı “Yeni İpoteka Fondunun” yaradılması ilə bağlı fərmandan ümidlənib:

“Deyirlər, həm ilkin ödəniş məbləği ləğv olunacaq, həm də ayda 150 manat ödəməklə ev almaq olacaq”.

Natiq Cəfərli
Natiq Cəfərli

“GÖRÜNÜR, ... YENİ QURUMA EHTİYAC YARANIB”

İqtisadçı Natiq Cəfərli deyir ki, fərmanda ipoteka verilməsi şərtləri və aylıq ödənişlə bağlı məsələ yoxdur. Bu yaxınlarda prezidentin sərəncamı ilə İpoteka Fonduna 200 milyon manat vəsait ayrılıb deyə, görünür, bu vəsaiti keyfiyyətli idarə etmək üçün Açıq Səhmdar Cəmiyyət yaradılmasına ehtiyac duyulub.

İqtisadçı xatırladır ki, hökumət 2011-12-ci illərə qədər İpoteka Fonduna vəsait yönəldəcəkdi, sonra isə Fond özü-özünü maliyyələşdirəcəkdi:

“Əgər doğrudan da düzgün menecment qurulsaydı, artıq geri qaytarılan kreditlərlə, ödəmələrlə daha çox ipoteka müraciətləri maliyyələşə bilərdi. Problemlərin kökündə təkcə idarəçilik dayanmırdı, həm də vətəndaşların ipotekaya əlçatımlılığı, ipoteka götürən insanların son dövrlərdə ödəmələrindəki çətinliklər, iş yerlərinin itirilməsi nəzərə alınmalı idi”.

Buna da bax: «Şahdəniz-2»nin işçiləri etiraza qalxdı

“SOSİAL EVLƏR LAYİHƏSİ LAZIMDIR”

Natiq Cəfərli qeyd edir ki, yeni İpoteka Fondunun ipoteka bazarına, mənzil şəraitinin yaxşılaşdırılmasına təsiri az olacaq. Belə ki, vətəndaşların ipotekaya çıxış imkanları məhduddur, sosial ipoteka ən sərfəli ipoteka növü olsa da, buna az vəsait ayrılır, yüksək faizli ipoteka növlərinin şərtləri isə ağırdır. Mənzil bazarında qiymətlər nisbətən düşsə də, yenə də maksimum 50 minlik ipoteka krediti Bakıda şəhər mərkəzinə yaxın yerlərdə mənzil almağa imkan vermir.

Müsahibimiz əlavə edir ki, vətəndaşların ipoteka ala bilməsi üçün şərtlər yenidən nəzərdən keçirilməlidir. Ancaq ayda 150 manat ödəməklə mənzil sahibi olmağın çarəsini Natiq Cəfərli sosial evlərin tikilməsində görür. Onun fikrincə, şəhərin müəyyən istiqamətlərində torpaq sahəsi ayrılmalı, tender elan edilməlidir:

“Bu ərazidə yol, su və s. infrastruktur xərclərini hökumət öz üzərinə götürməklə, tikintini özəl sektora həvalə etməlidir. Bu zaman da hökumətlə tikinti şirkəti arasında imzalanan müqavilədə mənzillərin sosialyönümlü olması vurğulanır. Məsələn, torpaq sahəsi tikinti şirkətinə pulsuz verilə bilər ki, mənzilin də ucuz satılmasını tələb edə bilsin”.

Elman Rüstəmov
Elman Rüstəmov

“Hökumətə sənəd veriləcək”

Bu ilin sentyabrında Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, yaxın günlərdə hökumətə təqdim olunacaq sənəddə sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcələrinin aşağı salınması və ilkin ödəniş şərtlərinin asanlaşdırılması nəzərdə tutulur. Sənəddə beynəlxalq təcrübəyə, o cümlədən Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq, dövlət və özəl sektorun tərəfdaşlığı əsasında dövlətin "azxərcli” mənzil tikintisini genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir.

İpoteka Fondu yeni ASC və sosial ipoteka şərtləri ilə bağlı hazırlanan sənəd barədə hələlik açıqlama vermir. Fonddan yalnız onu dedilər ki, bu il üçün nəzərdə tutulmuş 50 milyon manat yeni müraciətlərin maliyyələşməsinə yönəlib.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Rəqəmlər deyir ki...

İpoteka Fondunun 2015-ci ilin 2-ci rübünə olan məlumatına görə, borcalanlar arasında 300 manata qədər maaşı olanlar 2,4 faiz, 300-500 əmək haqqı alanlar 7,3 faiz təşkil edib. İpoteka krediti əldə edənlərin çoxu (35,3%) 1100 dollardan yuxarı maaş alanlardır.

İpoteka krediti alanların 42,7 faizi dövlət, 57,3 faizi özəl sektorda çalışır.

2014-cü ilin statistikasına əsasən, ipoteka krediti alanlar arasında dövlət xidməti sahəsində çalışanlar (32,8%) üstünlük təşkil edir. Müəssisə və firmalarda işləyənlər 29,6%, bank sektorunda çalışanlar isə 23,8%-dir. İpoteka krediti alanların 13%-i neft-qaz sektorunda işləyənlərdir.

Bu ilin 2-cü rübünün məlumatına görə, güzəştli kateqoriyaya aid borcalanlar arasında ən çox hərbi qulluqçular (79,5%) ipoteka krediti götürə biliblər. Bu kateqoriyaya aid borcalanlar arasında idmançılar (1,5%), məcburi köçkünlər (8%), şəhid ailələri (0,3%), dövlət qulluqçuları (8,6%), elmlər namizədi (2,1%) var.

XS
SM
MD
LG