Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Fazil Mustafaya sui-qəsd işi: 'İstəsəydik, güllə onun çiyninə yox, başına dəyə bilərdi'


Azər Səricanov
Azər Səricanov

Milli Məclisin üzvü Fazil Mustafaya silahlı hücumda suçlanan beş nəfərdən biri - Azər Səricanov deyir ki, deputatı din və dini inanclı şəxslərlə bağlı söylədiklərinə, sosial şəbəkələrdə yazdıqlarını görə cəzalandırmaq qərarına gəlib. Onun sözlərinə görə, onu öldürmək niyyətləri olmayıb. Bu üzdən, onun başına, həyati önəmli orqanlarına atəş açılmayıb.

"İstəsəydik, güllə onun çiyninə yox, başına dəyə bilərdi. Bunu ona görə eləməmişik ki, məqsəd onu öldürmək yox, cəzalandırmaq idi. Onun ağrı hiss eləməsini istəyirdik", - 48 yaşlı A.Səricanov məhkəmədə ifadəsində belə deyib.

F.Mustafaya silahlı hücumda suçlanan şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Müttəhimlər kürsüsündə A.Səricanovdan başqa daha dörd nəfər var – Rəşad Əhmədov, Səbuhi Şirinov, Elşad ƏsgərovEmin Əliyarov.

Məhkəmənin hazırlıq iclasında olduğu kimi, yanvarın 22-də keçirilən iclasa da zərərçəkmiş qismində tanınan F.Mustafa qatılmayıb. Təqsirləndirilən şəxslər tələb ediblər ki, deputat mütləq gəlsin. Hakim deyib ki, hələlik, onun iştirakı olmadan keçirilir, gələcək məhkəmə iclaslarında zərurət olsa, gətiriləcək.

"Azər Səricanov ona verilən 30 min dolları..."

Prokuror ittiham aktını elan edib. Orada iddia edilir ki, deputatın dini baxışlarına görə öldürülməsi məsələsi İranda "Hüseyniyyun" qrupunun üzvləri ilə müzakirə olunub və qərar verilib. F.Mustafaya sui-qəsd planının icrasından ötrü İrandakılar 30 min dollar verib. Bu vəsaiti də hazırda təqsirləndirilən şəxslər arasında olan R.Əhmədov gətirib, Bakıda A.Səricanova çatdırıb.

İttihama əsasən, martın 28-də - deputatla bağlı gərəkli bilgilər toplanandan sonra S.Şirinov "Kalaşnikov" avtomatı ilə sui-qəsd planını gerçəkləşdirib. Bu silahı da ona A.Səricanov verib.

"Azər Səricanov ona verilən 30 min dolları şəhərin müxtəlif ərazilərindəki valyutadəyişmə yerlərində manata dəyişib. O puldan da hadisədən sonra 15 min manat Səbuhi Şirinova verib", - ittihamda belə yazılıb.

Sui-qəsddə suçlanan şəxslər ittihama münasibət bildirərkən özlərini qismən təqsirli bildiklərini deyiblər. Onlar cinayətdə iştiraklarını təsdiqləsələr də, bunun İrandakıların təhriki ilə baş verməsi haqda ittihamda yazılanları qəbul etmirlər.

Təqsirləndirilən A.Səricanov məhkəmədə geniş ifadə verib. O deyib ki, deputatı cəzalandırmaq onun ağlına gəlib, çünki F.Mustafa səsləndirdiyi fikirlərlə onun dini inancına toxunub və bu, bir neçə il davam edib: "2019-cu ildən bu adamın dedikləri, Facebook-da yazdıqları məni narahat edirdi. Dövlət xadimi olmur, lap kim olursa-olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında "hürürlər, mələşirlər" ifadəsini işlətmək nə deməkdir? Dəfələrlə şikayətlər olunub, baxılmayıb. Özünə, oğluna da sosial şəbəkədə yazmışdım, xeyri olmadı".

"Şərt qoymuşdum ki, arvad-uşaq yanında olmasın"

A.Səricanov deyir ki, İrandan göstəriş almayıblar, amma F.Mustafanı vuracaq şəxsə öncədən İranda sığınacaq axtarsa da, istədiyi cavabı ala bilməyib.

O, əlavə edib ki, təqsirləndirilən S.Şirinovla məclislərin birində tanış olub, onun vaxtilə xüsusi təyinatlılarla xidmət etdiyini öyrənib. Onunla F.Mustafanın dinlə bağlı fikirləri ətrafında müzakirələr aparanda eyni mövqedə olduqlarını görüb. Bundan sonra deputata silahlı hücum ideyasını gerçəkləşdirməyi ona həvalə edib: "Qayınatam mənə basdırmaq üçün avtomat vermişdi. Onu Səbuhiyə verdim. Amma şərt qoymuşdum ki, arvad-uşaq yanında olmasın. Adamla düşmənçiliyi də kişi kimi eləyərlər".

A.Səricanovun sözlərinə görə, hadisədən sonra S.Şirinov onlara gəlib, əynində olmuş paltarları samovarda yandırıblar. O, S.Şirinova 15 min manat pul verdiyini də təsdiqləyib. Ancaq bunu "şirinlik" kimi qiymətləndirib.

"Mən həbs olunandan sonra telefonumda nömrəsi olanların 80 faizini tutublar. Diş həkimi, qəssaba qədər hamını narkotiklə şərləyiblər", - A.Səricanov vurğulayıb.

Digər təqsirləndirilən şəxslər fevralın 16-da keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcək.

Xatırlatma

Milli Məclisin deputatı Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb. Hadisə ilə bağlı araşdırmaları DTX-nın İstintaq Baş İdarəsi aparıb.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar irəli sürülüb. Həmin maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG