Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:59

'Fazil Mustafa haqqında statusa gülüş işarəsi atdığıma görə həbs olundum' 


Rza Kərimov
Rza Kərimov

Bakının Bayıl qəsəbəsində yaşayan dini inanclı fəal Rza Kərimov ilyarım öncə həbs olunandan az sonra – aprelin 1-də bir sıra yerli saytlar bunu "daha 8 nəfər İran casusu saxlanıldı" kimi təqdim etmişdi. Ancaq o, məhkəmə önünə casusluq yox, narkotik ittihamı ilə çıxarıldı. Oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla da ona 3 il həbs cəzası kəsildi.

İddia olunur ki, R.Kərimovu 2023-cü il martın 29-da polislər şübhəli şəxs kimi saxlayıb, axtarış vaxtı onun cibindən 20 qram narkotik çıxıb. Bu üzdən ona Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib.

R.Kərimov isə deyir ki, narkotik ittihamı yalandır, bu cür pis vərdişlərdən tamamilə uzaq adamdır. Onu da küçədə saxlamayıblar, işlədiyi mebel sexindən aparıblar.

"Mənə aid kartın üstünə də bunu yazıblar"

R.Kərimov vurğulayıb ki, həbsinin gerçək səbəbi sosial şəbəkədə Milli Məclisin üzvü Fazil Mustafa ilə bağlı paylaşıma gülüş işarəsi ilə reaksiya verməsi olub.

"Məndən əvvəl də bir xeyli tanıdığım dindarları tutmuşdular, sonradan da tutmaqda davam elədilər. O ərəfədə – martın 28-də Fazil Mustafa ilə bağlı hadisə olmuşdu. Facebook-da onunla bağlı zarafatyana bir status yazılmışdı ki, "haran ağrıyır, Fazil?". Mən də o statusa gülüş işarəsi atdığıma görə həbs olundum. İstintaq təcridxanasında mənə aid kartın üstünə də bunu yazıblar", – məhkəmədə ifadəsində belə deyib.

R.Kərimov əlavə edib ki, narkotik istifadəçisi olması haqda verilmiş rəy də saxtadır. Onun sözlərinə görə, ekspertiza üçün narkoloji dispanserə aparılsa da, orada özünə heç nə deməyiblər. Sonradan bilib ki, qanında narkotik tapıldığı yazılıb: "Bu qədər yalanı, böhtanı necə yazmaq olar?".

Lakin məhkəmə onu Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə təqsirli bilib.

Xatırlatma

Fazil Mustafa 2023-cü il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisəyə görə beş nəfər həbs olunub. İki ay öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlardan Azər Səricanova ömürlük, Səbuhi Şirinova 20 il, Rəşad Əhmədova 19 il, Elşad Əsgərova 18 il, Emin Əliyarova isə 4 il həbs cəzası kəsildi.

Cinayət işində iddia olunur ki, F.Mustafaya sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası barədə tapşırıq verilib və Bakıya bundan ötrü 30 min dollar pul göndərilib.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil olmaqla, bir sıra ağır ittihamlar verilib.

Onlar özlərini qismən təqsirli bilirlər. Deputatı vurduqlarını təsdiqləsələr də, bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər vurğulayıb ki, deputatı öldürmək niyyətləri olmayıb, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq qərarına gəliblər. İddia edirlər ki, bu üzdən də atəş həyati əhəmiyyətli orqanlarına yox, çiyin və ayaq hissəsinə açılıb.

XS
SM
MD
LG