Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:24

Feyziyevlərin hesabındakı milyonların müsadirəsi məsələsi qaldırılıb


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Milli Cinayət Agentliyi bu pulların Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edir.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) saytında Britaniyada Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin ailə üzlərinin adında olan bank hesablarında 15.3 milyon funt sterlinq pulun aşkar edildiyinə dair xəbərinin ardınca Londonda çıxan The Evening Standard mövzu barədə geniş material dərc edib.

Məqalədə deyilir ki, Azərbaycanın oliqarx ailəsindən olan və pəncərələri Londondakı Regent Parka baxan malikanədə yaşayan üç milyonçunun Britaniya banklarındakı 15.3 milyon funt sterlınq vəsaiti “çirkli pullar” kimi müsadirə oluna bilər.

Britaniya Milli Cinayət Agentliyi bu pulların Britaniyaya “qanunsuz” yolla gətirildiyini iddia edir.

Qəzet yazır ki, azərbaycanlı maqnat və millət vəkili doktor Cavanşir Feyziyevin arvadı Pərvanə Feyziyevanın, onların oğlu Orxanın və qohumları Elman Cavanşirin deputatın korrupsiya yolu ilə əldə edilmiş vəsaitindən mənfəətləndikləri iddia olunur.

Üçlük hər hansı qanunsuzluğa yol verdiyini inkar edir və iddia edir ki, ailənin sərvəti doktor Feyziyevin legitim biznes fəaliyyətindən qaynaqlanlır.

The Evening Standard yazır ki, Feyziyev Azərbaycanın ən varlı oliqarxlarından biridir və ailəsi üçün Regent Parkla üzbəüz milyonlarla dəyəri olan malikanə alıb.

Məqalədə deyilir ki, o habelə arvadı və oğlu üçün Britaniya Daxili İşlər Nazirliyindən investisiya vizası alınmasının da haqqını ödəyib.

Lakin qəzetin yazdığına görə, Britaniya Milli Cinayət Agentliyi – NCA Uestminister məhkəməsinə bildirib ki, Feyziyevin ailəsinə verdiyi pul bu ölkəyə Azərbaycanın pulyuyan maşını vasitəsi ilə transfer edilmiş qanunsuz sərvətdir.

NCA iddia edib ki, pulun Britaniyaya gətirilməsi üçün saxta sənədlərdən və saxta müqavilələrdən istifadə olunub.

Agentliyin vəkili Kollinqvud Tompson deyib ki, iddia olunan çirkli pul yuyulmasında “klonlanmış” və ya qondarma şirkətdən və pulun Estoniya və Latviya bankları vasitəsilə Britaniyaya köçürülməsi üçün başqa balıqqulağı şirkətlərdən istifadə olunub.

1 milyard dollarlıq polad boru idxalı

Vəkilin sözlərinə görə qanunsuz pul köçürmələri 1 milyard ABŞ dolları dəyərində polad boruların idxalı adı ilə pərdələnib. Vəkil qeyd edib ki, belə bir idxal çox böyük bir ehtimalla reallıqda mövcud olmayıb.

Tompson iddia edib ki, reallıqda Feyziyevin arvadına, oğluna və qardaşı oğluna köçürdüyü pullar “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasından” əldə olunmuş mənfəətdir.

Vəkil deyib ki, bütün bunları nəzərə alaraq hüquq-mühafizə orqanı Orxan Cavanşirə məxsus hesabdakı 6.5 milyon, Pərvanə Feyziyevaya məxsus hesabdakı 7.8 milyon və Elman Cavanşirin hesabındakı 1 milyondan bir qədər çox pulun müsadirə edilməsi üçün müraciət edib.

Vəkil əlavə edib ki, Azərbaycandakı böyük Avromed şirkətinin həmtəsisçisi olan doktor Feyziyev sözü gedən müsadirə prosedurunun subyekti olmasa da, o bu işdə “mərkəzi fiqurdur, çünki müsadirə olunması nəzərdə tutulan pulların onun nəzarətində olan bank hesablarından gəldiyi düşünülür”.

Cənab Tompson deyib ki, bu pul azərbaycanlı deputatın Latviyanın ABLV bankındakı hesabından gəlib, öz növbəsində həmin hesaba Avromed şirkətinin eyni bankdakı hesabından təxminən 34.5 millyon dollar daxil olub.

Vəkil məhkəməyə bildirib ki, həmin Avromed şirkətinin hesabı ayrıca olaraq Hilux və Polux adlı iki şirkətdən toplam 36 milyon dollar vəsait qəbul edib.

Vəkilin sözlərinə görə bu iki şirkət Azərbaycanın pulyuyuan maşını sisteminin özəyi sayılır və pulların təmizə çıxarılması üçün edilmiş ödəniş tranşları saxtadır.

Tompson bildirib ki, deputatın arvadının və oğlunun hesabına pul köçürməsindən məqsəd vəsaitin Britaniyaya gətirilməsi olub. Deputatın arvadı və oğlu Britaniyada investor vizası ilə yaşayırlar.

Ziddiyyətli məqamlar

Vəkil təəccübləndiyini deyib ki, öz sərvətini 45-50 milyon dollar civarında dəyərləndirən doktor Feyziyev özü üçün belə bir viza almaq istəməyib.

Vəkilin sözlərinə görə əvəzində o Britaniyaya arvadının yoldaşı kimi səfərlər edib və Birləşmiş Krallıqda ailəsinin, himayəsində olanların və ya dostlarının olmadığına dair “yanlış” məlumat verib.

Cənab Tompson qeyd edib ki, doktor Feyziyev 2013-cü ildə Britaniyaya viza alarkən özünü Avromed şirkətinin menecer direktoru kimi təqdim edib. Halbuki o sonralar onun şikayəti üzrə baxılan böhtan iddiasına dair Ali Məhkəmədə keçirilən dinləmədə şirkəti 2010-cü ildə tərk etdiyini bəyan edib.

Məhkəməyə bu da bildirilib ki, Londondakı Withers hüquq firması doktor Feyziyevin oğlu Orxanın adından hazırlanmış sənədlərdə onun hesabına bundan əvvəl köçürülmüş mənşəyi bilinməyən 1.8 milyon funt sterlinqin onun Bakıda şəxsən imzaladığı torpaq satışından əldə olunduğu göstərilir.

Vəkil Tompson deyib ki, halbuki onun debit kartının hesabatı guya Bakıda sənəd imzaladığı gün kimi göstərilən tarixdə İngiltərənin Co-op qrupunda və ərzaq topdansatış bazarında, habelə iki gün əvvəl Selfridges mağazasında bazarlıq etdiyini göstərir.

Vəklin fikrincə bu, Withers firmasının hazırladığı sənədlərin saxta olmasına dair şübhələr yaradır.

“Doktor Feyziyevin uğurlu biznes karyerası”

The Evening Standard yazır ki, Orxan Cavanşir, onun anası Pərvanə və Bakıda böyük tütünçülük şirkəti olan Elman Cavanşirin iddialara cavabı qarşıdan gələn günlərdə təqdim olunmalıdır.

Onların vəkili Çarlz Bottun əsas arqumentində iddia olunur ki, Britaniya Milli Cinayət Agentliyi bu işi üç milyonçunun hesabına edilmiş köçürmələrin təbiəti barədə “yanlış təsəvvürlər”, “ümumiləşdirilmiş ehtimallar” və “şişirdilmiş nəticələr” üzərində qurub.

Cənab Bott habelə deyib ki, NCA hesablardakı pulların cinayətdən gələn mənfəət olduğunu sübut edə bilməyib.

O əlavə edib ki, “qanuni yolla alınmış mülkiyyət” yalnız onun alınması “çirkli pulların yuyulması kimi qanunsuzluqla pozulmuş prosesdən keçməsi” səbəbi ilə müsadirə oluna bilməz.

Feyziyevlər ailəsinin məhkəmədən kənar verdiyi bəyanatda da NCA-in açdığı iş rədd edilir və iddia olunur ki, sözü gedən sərvət “doktor Feyziyevin uğurlu biznes karyerasından” qaynaqlanır.

Bəyanatda iddia olunur ki, doktor Feyziyev “bütün həyatı boyu çirkli pulların yuyulmasına qarşı olub və bununla mübarizə aparıb”.

XS
SM
MD
LG