Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:00

İntim görüntülərlə bağlı FHN polkovnikinə 5 il yarım istəndi


Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.
Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə 5 il 6 ay həbs cəzası istənilib. Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror bildirib ki, Mirzəyevə qarşı ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Növbəti məhkəmə iclasında təqsirləndirilən polkovnikin vəkili müdafiə nitqi ilə çıxış edəcək, ardınca özü son sözünü deyəcək.

Mirzəyevin işi üzrə zərərçəkmiş qismində tanınan iki qadından biri ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəmədə mülki iddia qaldırıb.

Görüntüləri qətiyyən yaymaq niyyəti olmadığını deyir

43-yaşlı Mirzəyev özünü qismən təqsirli bilir. O, qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. O, gizli çəkilişləri də ünsiyyətdə olduğu qadınlar tərəfindən sonradan özünün şantaja məruz qala bilməsi ehtimalını nəzərə alaraq, işini ehtiyatlı tutması kimi izah edib. Deyib ki, kompüterində olan həmin görüntüləri qətiyyən yaymaq niyyəti olmayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, nazirlik də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Mirzəyev onunla bağlı aparılan istintaqdan narazı qalıb. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Məhkəmə prosesinin əvvəlində vəkili məhkəmədə vəsatət qaldırmışdı ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmamışdı.

Zərərçəkmiş prosesin açıq keçirilməsini istəyirdi

Mirzəyevin məhkəməsində şəxsi həyatla bağlı məqamların olduğu əsas gətirilərək proses qapalı keçirilir. Hərçənd, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.

Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-in 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video- və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

XS
SM
MD
LG