Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

Finlandiya: seçki sonrası və NATO öncəsi


Sanna Marin, Riika Purra və Petteri Orpo
Sanna Marin, Riika Purra və Petteri Orpo

Finlandiya son bir neçə gündə olduğu qədər heç vaxt xəbər başlıqlarında olmayıb.

AzadlıqRadiosunun müxbiri Rikard Cozviyakın məqaləsində deyilir ki, aprelin 2-də Finlandiyada parlamentə son dərəcə rəqabətli seçki başa çatıb.

Bu seçkidə mərkəz-sağçı Milli Koalisya Partiyası, mərkəz-solçu Sosial Demokrat Partiyası və populist Finns partiyası yarışırdılar. Seçki nəticələri onlar arasında fərqin 1 faiz olduğunu göstərir. Beləliklə, ölkənin gələcək hökuməti koalisiyadan ibarət olacaq.

Sabah aprelin 4-də isə ölkə NATO blokunun üzvü olacaq. Finlandiyanın Şimal alyansına üzvlük üçün müraciət etməsindən heç bir il də ötməyib.

Finlandiya və qonşusu İsveç NATO üzvlüyünə Rusiyanın Ukraynaya təcavüzkar müdaxiləsi başlanandan dərhal sonra müraciət etmişdilər.

Beləliklə, Finlandiyanın yeni hökumətinin hansı partiyaları təmsil etməsindən asılı olmayaraq Helsinkinin NATO üzvlüyü istəyi təsirlənməyəcək.

Məqalədə deyilir ki, ABŞ prezidenti Co Baydenin bu ilin əvvəllərində Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirdiyi fikir özünü tamamilə doğruldub:

“O elə zənn edirdi ki, NATO-nu finlandiyalaşdıracaq, amma əvəzində Finlandiyanı NATO-laşdırdı”.

Açıq qalam suallar

Amma bütün bunlara baxmayaraq həm seçki, həm də ölkənin NATO üzvlüyü ilə bağlı bəzi suallar qalmaqdadır.

Populist Finns Partiyası bu seçkidə indiyədək özünün ən böyük nəticəsini qazanıb və ikinci yeri tutmaqla səslərin 20.1 faizinə nail olub.

Bu isə o deməkdir ki, ölkə Avropa daxilindəki siyasətini yürüdərkən bu faktoru nəzərə almalı olacaq. Bu həm də o deməkdir ki, Avropa İttifaqı qitədə hələ də müəyyən qüdrətə malik sağ təmayüllü populizmlə münasibətlərini müəyyənləşdirəcək.

Burada təsəllü odur ki, söhbət sağ təmayüllü populizmin yumşaq formasından gedir və həm də bu meyl özünün qadın simasını göstərir.

Fransada Marin Le Pen və İtaliyada Giorgiya Meloni kimi Finns partiyasına qadın siyasətçi - Riika Purra rəhbərlik edir. Hərçənd o son vaxtlarda Avropa İttifaqının və avronun tənqidini azaldıb və aşkar şəkildə Finlandiyanın NATO üzvlüyünə tərəfdardır.

Sanna Marinin siyasi gələcəyi

Ölkənin hazırkı baş naziri Sanna Marinin sosial-demokratları seçkidə 19.9 faiz nəticə göstəriblər. Amma onun koalisiya üzrə müttəfiqlərinin seçkidə zəif nəticələri o deməkdir ki, xanım Marin böyük bir ehtimalla postunu tərk edəcək. Amma bu, onun heç də siyasətdən getməsi demək deyildir. Sanna Marinin hökuməti Ukraynada müharibə boyunca Kiyevə dəyişməz dəstək verib.

Lakin əgər seçkidə birinciliyi qazanan Milli Koalisiya Partiyasının başçısı, həm də potensial baş nazir Petteri Orpo sosial-demokratları da əhatə edən daha böyük koalisiyaya gedərsə, xanım Marın də hər hansı nazir, məsələn elə xarici işlər naziri vəzifəsini tuta bilər.

Cozviyak yazır ki, Sanna Marinin Avropa İttifaqında daha yüksək vəzifəyə gedəcəyini də istisna etmək olmaz. O bir qadın, sosial demokrat və skandinaviyalı kimi İttifaqın bir çox kriteriyalarına uyğun gəlir.

Məqalə müəllifi bir az da irəli gedərək Marinin NATO-nun bu payızda istefaya gedəcək baş katibi Yens Stoltenberqə belə əvəz ola biləcəyini düşünür.

O vurğulayır ki, bu, həm də NATO-nun ilk qadın baş katibi olardı.

Rusiya ilə ən uzun sərhəd

Başqa bir məsələ budur ki, Finlandiya NATO-ya qonşusu İsveçlə eyni vaxtda üzv olacağını düşünürdü. Bu iki ölkənin sıx əməkdaşlıqda olan orduları var və onlar müntəzəm qaydada birgə hərbi təlimlər keçirirlər.

Lakin Türkiyə İsveçin NATO üzvlüyünü əngəlləməkdə davam edir. Türkiyə İsveçi onun “terrorçu” hesab etdiyi şəxs və qruplara hamilik etməkdə ittiham edir.

Macarıstan isə İsveç siyasətçilərinin onun insan haqlarını tənqid etməsindən narazıdır. Amma ümumi gözlənti belədir ki, Ankara və Budapeşt sonunda alyansın 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl İsveçin də NATO üzvlüyünə yaşıl işıq yandıracaqlar. Məlum olanı budur ki, bu, ən azı 14 maya, daha doğrusu Türkiyə seçkilərinədək baş verməyəcək.

Bütün hallarda Finlandiyanın NATO üzvünə çevrilməsi Avropa İttifaqı üçün daha önəmli hadisədir. Onun Rusiya ilə 1300 kilometrlik sərhədi var və indi bu üzvlük NATO-nun onun düşməni ilə ortaq sərhədini iki dəfə uzadacaq.

İsveç isə hər tərəfdən NATO üzvləri ilə əhatə olunduğuna görə indilik onun təhlükəsizliyi bir elə problem təşkil eləmir.

İsveçin hərbi qüdrəti

Bu da qeyd olunmalıdır ki, İsveç ordusunun NATO komandanlığı sisteminə inteqrasiya prosesinə hazırlıq artıq başlanıb.

Nəzərə alınır ki, İsveçin Oresund körpüsü təkcə İsveçlə Danimarkanı deyil, həm də Skandinaviya yarımadasını Avropa qitəsi ilə birləşdirir.

Bundan başqa İsveçin ikinci böyük şəhəri olan Göteborq həm də Skandinaviyanın ən böyük portudur.

İsveçin Qotland adası Baltik dənizinin tam ortasındadır və Estoniya, Latviya, Litva və Polşanın dəniz yolları burdan keçir.

NATO-ya öz ÜDM-nin 2 faizini ödəmək öhdəliyi olan Finlandiyanın müharibə vaxtı üçün potensial qoşun sayı 280 mindir və o Avropada ən böyük artilleriyaya malikdir.

Ekspertlər deyirlər ki, bu baxımdan Finlandiya Avropasız da özünü müdafiə etmək qabiliyyətindədir.

Bununla belə Avropanın təhlükəsizlik arxitekturası baxımından İsveçin NATO-da olması çox mühümdür.

Amma bu həftəlik Finlandiya əsas xəbər başlığı olaraq qalır.

XS
SM
MD
LG