Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Mətbuat azadlığı: 199 ölkə içində 189-cu olduq


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Ötən il dünyada mətbuat azadlığı son 12 ildə ən aşağı həddə düşüb. Siyasi, kriminal və terrorçu qüvvələr daha geniş hakimiyyət uğrunda mübarizədə medianı öz tərəfinə çəkməyə, yaxud susdurmağa çalışıb». ABŞ-da mənzillənən «Freedom House» təşkilatının aprelin 27-də açıqladığı «Mətbuat Azadlığı 2016» hesabatında belə deyilir.

Bu hesabatda dünyanın 199 ölkəsində və ərazisində media azadlığının səviyyəsi dəyərləndirilib. Ən azad ölkələr 0, ən qeyri-azad olanlar isə 100 bal alıb. Ölkələrə «Azad», «Qismən azad» və «Qeyri-azad» statusları verilib.

AZAD MƏTBUAT – CƏMİ 13 FAİZ

Bəlli olub ki, dünya əhalisinin cəmi 13 faizi azad mətbuatdan yararlanır. Bu ölkələrdə siyasi xəbərlər hərtərəfli işıqlandırılır, jurnalistlərin təhlükəsizliyi təmin olunur, dövlət mediaya minimum müdaxilə edir, mətbuat hüquqi, yaxud iqtisadi təzyiqə məruz qalmır.

Dünya əhalisinin 41 faizi mətbuatı «Qismən azad», 46 faiz isə «Qeyri-azad» olan ölkələrdə yaşayır.

Dünyada mətbuatın ən qeyri-azad hesab olunduğu ölkələr və ərazilər Belarus, Krım, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistandır.

Mətbuatın azad sayıldığı ölkələrin sıralamasında isə ilk onluğu Norveç, Belçika, Finlandiya, Niderland, İsveç, Danimarka, Andorra, Lüksemburq, İsveçrə və Lixtenşteyn tutur.

GERİLƏMƏNİN SƏBƏBİ

Azərbaycan 199 ölkə içində 189-cu yerdə qərarlaşıb, «Qeyri-azad» statusu alıb. Ermənistanda (139) və Rusiyada (176) da mətbuat qeyri-azaddır. Qonşu Gürcüstan isə 96-cı yeri tutub və mətbuatı «qismən azad» hesab olunub.

Azərbaycan ötən il də mətbuat azadlığına görə «qeyri-azad», internet azadlığına görə «qismən azad» kateqoriyasına salınmışdı.

Hesabatda vurğulanır ki, Rusiya, Azərbaycan və Tacikistanda narazıların əksər platformalarını darmadağın edən hakimiyyət informasiya axınına sistematik nəzarəti dərinləşdirib. Ancaq azsaylı müstəqil jurnalistlər işlərinə davam etməklə bir nümunə sərgiləmiş olublar.

«Azərbaycan ona görə mətbuat azadlığına görə geriləyib ki, tanınmış jurnalistin qətlinin üstü hələ də açılmayıb. Üstəlik, ötən ilin iyununda Avropa Oyunları çərçivəsində xarici jurnalistlərə məhdudiyyətlər qoyulub», - hesabatda belə deyilir.

AZƏRBAYCAN VƏ ANQOLA

«Avrasiyada ötən il mediaya ikihissəli hücumun şahidi olduq. Repressiv rejimlər əhaliyə çatdırılan xəbərləri daha da məhdudlaşdırmaqdan ötrü senzura və təbliğata əl atdı. Onlar, həmçinin, bu baryerləri aşmağa çalışan ayrı-ayrı jurnalistləri təqib etdilər». Bunu tədqiqatın təhlilçisi Elen Aghekyan bildirib.

«Freedom House» onu da vurğulayır ki, biznes və hökumətdə korrupsiyanı işıqlandıran jurnalistlər dünyanın hər bir regionunda qısnama və zorakılıqla üzləşir:

«Anqola və Azərbaycan daxil olmaqla, bəzi ölkələrdə yüksəksəviyyəli dairələrdə korrupsiyadan yazan jurnalistlər sərt hüquqi təqiblə üzləşiblər, şübhəli ittihamlarla həbsə atılıblar».

Hələlik, Azərbaycan hakimiyyətindən bu hesabata reaksiya gəlməyib. Ancaq ənənəvi olaraq, hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığının, digər təməl azadlıqlar kimi, tam təmin olunduğunu, heç bir media orqanının, yaxud jurnalistin təzyiqlə üzləşmədiyini bildirir.

XS
SM
MD
LG