Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:56

Fuad Əhmədli: 'Heç bir cinayət törətməmişəm'


Fuad Əhmədli
Fuad Əhmədli

«Mən heç bir cinayət törətməmişəm. Səkkiz aydır qanunsuz və əsassız həbsdəyəm. Həbsim siyasi sifarişdir», – AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli aprelin 25-də məhkəməsində deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində F.Əhmədlinin işi üzrə hazırlıq iclası keçirilib.

«HƏR YERƏ NÖMRƏSİNİ ÖZÜ YAYIB»

Məhkəmədə F.Əhmədlinin vəkili Əsabəli Mustafayev onun günahsız olduğunu bildirərək, barəsindəki cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb.

Müdafiəçinin daha bir vəsatəti isə gənc fəalın barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda olub.

Vəkil deyir ki, F.Əhmədli özü də dəfələrlə istintaqa ifadələrində ittihamdakı əməllərin heç birini törətmədiyini israrla söyləyib. Ə.Mustafayevin sözlərinə görə, iş materiallarında da ciddi sübut yoxdur.

«Fuad Əhmədli haqqında həbs-qətimkan tədbiri avqustun 19-da seçilib. Avqustdan fevrala qədər zərərçəkən tapmayıblar. Fevralda zərərçəkənlər tapıblar ki, guya Fuad Əhmədli onlar haqqında fərdi məlumatları yayıb. Həmin zərərçəkənlərdən biri sosial şəbəkələrdə reklam işi ilə məşğuldur, hər yerə özü nömrəsini yayıb. İndi necə oldu narahatlıq keçirdi?», – Ə.Mustafayev vəsatətləri əsaslandırarkən belə deyib.

Fetlullah Gülen-in Azərbaycan bağları...
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

«BİR VƏZİFƏM OLUB»

Vəkilinin vəsatətlərinə münasibət bildirən Fuad Əhmədli özü də günahsız olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb: «Mən heç kimin haqqında heç bir fərdi məlumatı yaymamışam. Mən «Azerfon»a işə qəbul olunanda daxili məlumatları yaymamaq barədə öhdəliyə imza atmışam və buna əməl etmişəm. Orada işçilərin əməllərinə qiymət verən monitorinq qrupu vardı, əgər hansısa nöqsanım olsaydı, o qrup qeydə alardı. Belə bir hal olmayıb. Mən sadəcə, Qaynar xəttə gələn şikayətləri yuxarı rəhbərliyə çatdırmışam. Həbsimin siyasi sifariş olması hələ həbs olunduğum ilk günlərdə müstəntiqin hərəkətindən də görünürdü. Həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan apellyasiya şikayəti verilmişdi. Hələ şikayətə baxılmamış müstəntiq mənə deyir ki, məhkəmədən sonra təcridxanaya ifadə almağa gələcəyəm. Deməli, bu adam əmindir ki, apellyasiya məhkəməsi məni buraxmayacaq».

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi haqda ittihamdan danışan F.Əhmədli bildirib ki, o, ümumiyyətlə, vəzifəli şəxs olmayıb. «Mənim bir vəzifəm olub, liderim də burdadır», – deyə F.Əhmədli məhkəmə zalında AXCP sədri Əli Kərimlini göstərib.

Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı mayın 2-nə təyin olunub.

«ÖZLƏRİ BİABIR OLACAQLAR»

Fuad Əhmədlinin atası Zəfər Əhmədli məhkəmədən ədalətli nəticə gözləmədiyini deyir: «Amma bu məhkəmə ittihamın saxtalığını, Fuadın əslində siyasi mübarizəsinə görə həbs olunduğunu ortaya qoyacaq. Yəni, bu işi düzüb-qoşanlar özləri biabır olacaqlar».

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli isə bütün bunların yalan olduğunu bildirir.

XS
SM
MD
LG