Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:27

'Gəncə işi'ndə daha bir nəfər azadlığa çıxdı


Nemət Heydərli (sağda) və vəkili Nazim Musayev
Nemət Heydərli (sağda) və vəkili Nazim Musayev

Gəncə hadisələrinə görə həbs olunmuş daha bir nəfər - Nemət Heydərli məhkəmə zalından azadlığa buraxılıb. Onunla birlikdə mühakimə olunan 5 nəfərə - Elman Rüstəmov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar XudiyevRenat Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsinin kəsdiyi cəza isə azaldılıb. Bu qərar avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində elan edilib.

Adları çəkilən şəxslərə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanırlar.

Yeni qərarla həm ittiham maddələri dəyişib, həm də cəzalar azaldılıb – E.Allahverdiyev, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 220-ci maddə ilə verilən ittiham 29.220.1 (kütləvi iğtişaşda iştiraka cəhd) maddəsinə tövsif olunub. E.Allahverdiyevin cəzası 4 ilə, V.Xudiyevin cəzası 3 ilə, E.Nəzərov və R.Məmmədovun hər birinin cəzası isə 2 il 6 aya endirilib.

Təqsirləndirilən E.Rüstəmova 220.1 maddəsi ilə irəli sürülmüş ittiham olduğu kimi saxlanıb. Ancaq 315.2 maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Cəzası da 8 ildən 5 ilə endirilib.

Azadlığa buraxılan N.Heydərliyə gəlincə, ona 1 il cəzası kəsilib və müddət tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb.

N.Heydərli AzadlıqRadiosuna həm özünün, həm də onunla birlikdə mühakimə olunan digər şəxslərin günahsız olduğunu söyləyib: «Allah bütün günahsız insanların qapısını açsın! Tək mən yox, çox qardaşlar haqsız yerə həbs olunub».

Gəncə hadisələriylə bağlı apellyasiya instansiyasında keçirilən məhkəmə proseslərinə jurnalistlər buraxılmır. Lakin AzadlıqRadiosunun əməkdaşı məhkəmə zalında baş verənlərdən xəbər tutub.

Təqsirləndirilən şəxslər öncə məhkəmə önündə əlləri qandallı saxlanıblar. Onlar buna etiraz ediblər. Bildiriblər ki, Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olsa da, burada mühakimə olunan ermənilər belə, məhkəmə önündə əlləri qandallı saxlanmır. Etirazlardan sonra onların əllərindəki qandallar açılıb.

Təqsirləndirilən şəxslər çıxışlarında günahsız olduqlarını, məhkəmədən də güzəşt yox, ədalət istədiklərini bildiriblər.

«Bizə elə zülmlər olunub, sözlə deyiləsi deyil»

Elvin Nəzərov deyib ki, heç bir cinayət törətməyib, ona görə də humanizm istəmir, haqqı olan azadlığı tələb edir. Gəncədə ötən il iyulun 10-da keçirilən aksiyanın təşkilində suçlansa da, o aksiyada ümumiyyətlə, iştirak etmədiyini söyləyən E.Nəzərov etiraf edib ki, orada iştirak etmək niyyəti olub. Bu istəyini də belə izah edib: «Elmar Vəliyevin insanlara etdiyi zülmə dözmək mümkün deyildi. Mən də o aksiyada iştirak edib, onun zülmünə etiraz etmək istəyirdim. Bunu gizlətmirəm. Ancaq məsələ ondadır ki, mən orada iştirak etməmişəm».

Müxtəlif telekanallarda Gəncə hadisələrinə görə həbs olunanların «terrorçu» kimi təqdim olunmasına etiraz edən E.Nəzərov bildirib ki, «terrorçu» onlara zülm edənlərdir: «Bizə elə zülmlər olunub, sözlə deyiləsi deyil. Burada ana-bacılar var. Dəfələrlə anama dedim ki, məhkəməyə gəlməsin. O gəlməsəydi, olanları rahat danışa bilərdim, onun yanında danışa bilmirəm. Dəfələrlə əməliyyat olunub, ürəyi dözməz. 9 gün bizə zülm eləyiblər. Döymək, işgəncə verməklə də ürəkləri soyumayıb, yemək, su da verməyiblər. İndi baxın, görün, terrorçu kimdir? Bizi döyürdülər-döyürdülər, arada Orxan Babayev (Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi, Gəncə hadisələriylə bağlı istintaq qrupunun rəhbəri-red.) gəlib qapını açıb soruşurdu ki, «deyir?». Sonra yenə döyürdülər ki, onların istədikləri ifadəni imzalayaq».

E.Nəzərov bildirib ki, hətta azadlığa buraxılsa belə, sevinməyəcək: «Bu xalqa edilən zülmlər davam edir. Bu vəziyyətdə necə sevinmək olar?».

«Videolar hanı?»

Vüqar Xudiyev də çıxışında deyib ki, güzəşt yox, ədalət istəyir. 1 il 2 aydır heç bir günahı olmadan həbsdə saxlandığını deyən V.Xudiyev məhkəmə zalından baş prokuror Zakir Qaralova da səslənib: «Zakir Qaralova üzümü tutub deyirəm, ortaya sübut qoysunlar, nə cəza versələr, çəkməyə hazıram. Heç bir sübut yoxdur. Deyirdilər, videolar var, hanı?».

Elvin Allahverdiyev da günahsız olduğunu, ailəsinin ağır vəziyyətdə qaldığını vurğulayıb. Deyib ki, onun özü də çox çətinliklə böyüyüb boya-başa çatıb: «Mən yetimçiliklə, çay sata-sata böyümüşəm. Bir körpə övladım var, onu da atasız qoyublar. Bu zülmü Allah da götürməz. Biz bu 1 il 2 ayda ədalət görmədik. İmam Hüseyndən danışırıq, prokuror deyir ki, «mən onu tanımıram», qəsdən bizi qıcıqlandırır».

Digər təqsirləndirilən şəxslərin çıxışı qısa olub, onlar ədalətli qərar çıxarılmasını istəyiblər. Ardınca hakimlər qərar vermək üçün müşavirəyə gedib. Təxminən 1 saat sonra isə apellyasiya məhkəməsinin qərarı elan olunub.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir.

Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində dörd nəfər məhkəmə zalından azadlığa buraxılıb.

«Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Həbs olunanlar məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

XS
SM
MD
LG