Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:34

'Gəncə məhbusları'nın yaxınları şikayətə getdilər


'Gəncə məhbusları'nın yaxınları
'Gəncə məhbusları'nın yaxınları

Gəncə hadisələrinə görə həbs olunanların yaxınları avqustun 14-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Gəncə hadisələri üzrə istintaq qrupuna rəhbərlik etmiş Orxan Babayevlə görüş tələb ediblər. Bu barədə AzadlıqRadiosuna aksiyada iştirak edən valideynlərdən Sevinc Hüseynzadə məlumat verib:

«Mənim oğlum Elmirin mühakimə olunduğu qrupun işi hələ birinci instansiyadadır, məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Biz Orxan Babayevə iradlarımızı, etirazımızı bildirmək istəyirdik. O ittihamları haradan götürüb yapışdırıb bizim övladlarımıza, cavab versin. Amma qarşımıza çıxmadı. Mənim 24-yaşlı övladım da daxil, həbs olunan onlarla günahsız insana işgəncə verilməsinin başında da, ayağında da, ortasında da onun adı hallanır».

Valideynləri idarənin rəis müavini Vüqar Nəsibov qəbul edib. S.Hüseynzadə deyir ki, onlar istintaqla bağlı iradlarını, O.Babayevin əməllərindən şikayətlərini rəis müavininə çatdırıblar: «Bizi dinlədi, dedi ki, aidiyyəti üzrə məruzə eləyəcək. Söz verdi ki, yaxşı olacaq».

Valideynlər oradan Baş Prokurorluğun binasına gediblər, orada baş prokurorun müavini Rüstəm Usubovla görüşmək istəyiblər: «İstəyirdik cavab versin ki, saxta, yalanla dolu ittiham aktını necə imzalayıb. Amma bizə bildirildi ki, məzuniyyətdədir. Bizi İlqar Cəfərov qəbul elədi, dinlədi. O da söz verdi ki, səbirli olun, yaxşı olacaq».

Daha sonra onlar Prezident Administrasiyasına gediblər. Orada valideynlərdən altı nəfəri qəbul edib, şikayətlərinin araşdırılacağına söz veriblər.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG