Bakıdakı “Location” gecə klubunda 4 nəfərin ölümüylə nəticələnən partlayışa görə həbs edilənlərin heç biri özünü təqsirli bilmir.
Təqsirləndirilən 3 nəfərin hamısı prokurorluqda aparılan araşdırmalardan narazıdır. Bunu iyulun 25-də məhkəmədə dilə gətiriblər.
Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında üç nəfər dayanıb. Onlar obyekti icarəyə götürmüş “Merser food” MMC-nin administratoru Rəsul Rəsulov, şirkətin təsisçisi Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.
Adları çəkilənlərdən FHN əməkdaşı azadlıqdadır, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Digər iki nəfər isə həbsdədir. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, səhlənkarlıq kimi əməllərdə suçlanır.
Təqsirləndirilən şəxslərdən Rəsulov təqsirsiz olduğunu desə də, indiki mərhələdə ifadə vermək istəməyib.
“Mənim təsisçiliyim yalnız formal xarakter daşıyıb”
Səfərov isə geniş danışıb, gecə klubuna aidiyyəti olmadığı halda, nahaqdan cəzalandırıldığını bildirib.
Onun sözlərinə görə, “Mersel Food”un digər təsisçisi İsrail Usubovla dost olub. Dostu ona şəriklik təklif edib, o da razılaşıb:
“Bu şirkəti 2018-ci ildə İsrail və Ayxan təsis edib. Əvvəl çay evi kimi fəaliyyət göstərib. Pandemiya dövründə Ayxanla İsrailin münasibətləri korlandı. Onda İsrailin təklifiylə Ayxana aid 50 faizlik hissə mənim adıma rəsmiləşdirildi. Mənim təsisçiliyim yalnız formal xarakter daşıyıb. Lazım olanda şirkətin hüquqşünası sənədləri gətirirdi, mən də imzalayırdım”, - Səfərovun sözləridir.
O deyir ki, nə kimisə işə götürüb, nə də orada çalışanları tanıyır. Təqsirləndirilən şəxs vurğulayıb ki, “Location”da cəmi 1 dəfə olub. Onda da günorta saatlarında qonaq kimi gedib.
“Mən Həcc ziyarətində olmuşam, hacı adamam, içkidən, spirtdən gələn gəlir mənə lazım deyil. Heç vaxt oradan maddi gözləntim olmayıb. Mənə qazanc da verilməyib”, – Səfərov əlavə edib.
“Hadisənin ertəsi günü xəbər tutmuşam ki, partlayış olub”
Digər təqsirləndirilən Rəsulov istintaqa ifadəsində tapşırıqları Səfərovdan aldığını deyib. Lakin üzləşmə zamanı bunu təsdiqləməyib.
Şirkətin digər təsisçisi İsrail Usubov bu iş üzrə təqsirləndirilən yox, şahid qismində tanınıb.
Üçüncü təqsirləndirilən - FHN əməkdaşı Ruslan Məmmədov deyir ki, “Location” gecə klubunun yerləşdiyi əraziyə hadisədən 1 ay öncə təyin edilib. Gecə klubu qeydiyyatdan keçmədiyinə, VÖEN-i olmadığına görə obyektdə yoxlama aparmayıblar.
“Hadisənin ertəsi günü xəbər tutmuşam ki, partlayış olub. Partlayışın səbəblərilə bağlı keçirilən baxışda iştirak eləməmişəm”, – Məmmədov bildirib.
Bu iş üzrə araşdırmalar avqustun 1-də davam edəcək.
Xatırlatma
Hadisə aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində baş verib. “Location” gecə klubunda partlayış nəticəsində 4 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
İstintaq belə nəticəyə gəlib ki, hadisə obyektin mətbəxində istifadə olunan qaz balonunun partlaması nəticəsində baş verib.
İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.
Təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.