Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:23

'Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar'


Gəncədən olan gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin
Gəncədən olan gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin

Noyabrın 5-də Gəncədə saxlanılan gənc fəallardan birinin ailəsi onun üzərində işgəncə izi olduğunu bildirir. Bu haqda AzadlıqRadiosu-na NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli deyib:

“Bir az gec də olsa, Elmir Təhminin ailəsi ilə əlaqə saxlaya bildik. Onlara 30 sutka həbs verilib. Yaxınları gənc fəalları bu gün (noyabrın 7-də - red.) məhkəmə zalında görüblər. Onların sözlərinə görə, gənclərə polisdə işgəncə verilib. İşgəncə izi gözlə də görünəndir. Onlardan birinin başında şiş olub”.

Ülvi Həsənli gənc fəallara rəsmi qaydada hansı ittihamın irəli sürülməsindən xəbərsizdir.

O, noyabrın 8-də Gəncəyə gəncləri müdafiə edəcək vəkilin gedəcəyini və rəsmi məlumatları almağın mümkün olacağını bildirir.

Buna da bax:​ Kəpəz polisi iki gəncin saxlanmasını təsdiqlədi

“Deyiblər ki, 30 sutkadan sonra çıxacaq”

Elmir Təhminin ailəsi AzadlıqRadiosu-na işgəncə haqda deyilənləri nə təsdiqləyir, nə də təkzib edir.

23 yaşlı Elmir Təhmin zavodda fəhlə işləyir. Anası və bacısı onun siyasi fəaliyyətindən xəbərsiz olub. Buna görə də Elmirin həbsi, öz sözləri ilə deyilsə, “gözlənilməz”dir. Çaşqın haldadırlar və nə edəcəklərini, nə deyəcəklərini də bilmirlər.

Onlar məlumat verilmədiyindən, gəncin konkret nədə suçlandığını bildirirlər. Elmir Təhminin bacısı Ülviyyənin sözləridir:

– Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar. İttihamın nə olduğunu bilmirik. Sadəcə dedilər ki, 30 sutka veriblər. Görək sonra nə olur. Deyiblər ki, guya 30 sutkadan sonra çıxacaq... Bizə gec xəbər verdilər. Gecə tutmuşdular, amma ertəsi gün günorta xəbər verdilər ki, polis saxlayıb. Hələ görüşdürməyiblər bizi.

Buna da bax:​ Müsavat: 'Gənclərin həbsi repressiya aktıdır'

– Vəkili var?

– Yoxdur.

– Sizdən ötrü gözlənilməz olub, deyəsən?

– Bəs nə. Düzü, belə şey gözləmirdik.

“Mən onu süpürgəçiliklə, təkbaşına böyütmüşəm”

Elmir Təhminin anası Südabə Məmmədova daha çox dilxordur: “Mən onu süpürgəçiliklə, təkbaşına, zülmlə böyütmüşəm... Nə deyim belə uşağa? Belə məsuliyyətsizlik olar? Uşaq valideynini düşünməz? Hansı ana övladının ora düşməsini istəyər?”.

Ailə Elmirlə birgə saxlanıldığı deyilən Tapdıq Məmmədovun valideynlərinin də çaşqın halda olduğunu deyir: “Biz onların dost olduğunu bilmirdik. Bu gün məhkəmənin qabağında gördük. Onlar da başları hayına qalıblar. Uşaq dördüncü kursda oxuyur...”.

Buna da bax:​ Daha 3 gənc fəal həbs olunub

XATIRLATMA

Gəncə şəhəri Kəpəz rayon polis bölməsinin rəis əvəzi Adil Əliyev gənclərin saxlanıldığını təsdiqləsə də, əlavə məlumat verməyib. O araşdırma aparıldığını, işdə zərərçəkənin olduğunu, gəncləri bir vətəndaşın şikayət etdiyini bildirib.

Rəis əvəzi gənclər barəsində hər hansı məhkəmə qərarının olub-olmaması haqda da detallı danışmayıb. Ancaq əlavə edib ki, hər bir işdə olduğu kimi gənclərin işində də saxlama rəsmi qaydada həyata keçirilib.

Sosial şəbəkələrdə noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq MəmmədovElmir Təhminin saxlanması barədə xəbər yayılmışdı.

Xəbərdə gənclərə 30 sutka inzibati həbs cəzası verildiyi, onların Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının divarlarına “Diktaturaya yox!” və başqa şüarlar yazdıqlarından saxlandığı bildirilirdi.

XS
SM
MD
LG