Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:44

MDB Oyunları Gəncəyə nə verəcək?


Kazanda Birinci MDB Oyunları
Kazanda Birinci MDB Oyunları

Azərbaycanda 2025-ci ildə Üçüncü MDB Oyunları keçiriləcək. Yarışlara ölkənin ikinci böyük şəhəri Gəncə ev sahibliyi edəcək.

Bu barədə jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini Mariana Vasileva açıqlama verib. O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir.

Birinci MDB Oyunları 2021-ci ildə Rusiyada keçirilib. İkinci MDB Oyunları isə avqustun 5-də Belarus paytaxtı Minskdə başlayıb. Yarışlar avqustun 14-dək davam edəcək.

Azərbaycan əvvəlki illərdə də bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Bakıda Avropa Oyunları (2015), İslam Həmrəyliyi Oyunları (2017) keçirilib. Azərbaycan paytaxtında 2016-cı ildən də Formula-1 yarışları davam edir. Belə yarışlara ev sahibliyi etmək Azərbaycanda daim mübahisələrə səbəb olub. Elə MDB Oyunlarının Azərbaycanda keçiriləcəyi xəbəri də yeni mübahisələr doğurub.

'Formula-1 Gəncədə, Mingəçevirdə, nə bilim, Sumqayıtda ola bilərdi'
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

"O cür yarışlara ayrılan vəsaitə Gəncədə iş yerləri açardılar"

Gəncə sakini, Müsavat üzvü Cahangir Əmirxanlı AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamasında deyib ki, şəhərlərində belə yarışlara qəti ehtiyac yoxdur. Onun fikrincə, Gəncədə sosial-iqtisadi vəziyyət çox ağırdır: "İnsanlar illərdir işsizlikdən əziyyət çəkir, imkanı olanlar ölkə xaricinə, az imkanı olanlar isə paytaxta üz tutur. Araşdırsınlar, görəcəklər ki, Bakıda nə qədər gəncəli fəhləliklə ailəsinə çörəkpulu qazanır. Yəni, vəziyyət o qədər ağırdır ki, adi fəhləlik üçün də iş yeri yoxdur. Yaxşı olardı, o cür yarışlara ayrılan vəsaitə Gəncədə iş yerləri açardılar".

Əmirxanlının sözlərinə görə, Gəncənin Yeni Zod qəsəbəsi illərdir susuzluqdan əziyyət çəkir: "Dəfələrlə müvafiq orqanlara müraciət olunub, amma tədbir görülmür. Təsəvvür edin ki, 21-ci əsrin üçüncü onilliyinin bir addımlığındayıq, ölkənin ikinci böyük şəhərinin bir sıra qəsəbələri içməli suya möhtacdır. Bununla bərabər insanlar əkin yerlərini suvarmağa da su tapmır".

"Nə turizm baxımından cəlbediciliyi, nə də..."

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, MDB Oyunlarının bir önəmi qalmayıb. Onun fikrincə, bu yarışın nə turizm baxımından cəlbediciliyi, nə də dünya idman təqvimində yeri var.

"Gəncədə belə yarışın keçirilməsindənsə, türk cümhuriyyətlərinin yarışlarının keçirilməsi daha məntiqli və maraqlı olardı. Ən azından azarkeşlər baxımdan maraq kəsb edərdi",- Cəfərli əlavə edib.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

"Bunları bir-birinə qarışdırmağa ehtiyac yoxdur"

Mövzu ilə bağlı səslənən fikirlərə Gəncə şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Gəncədən olan deputat Musa Quliyev "Turan"a açıqlamasında deyilənlərlə bağlı fərqli düşündüyünü söyləyib. Quliyev bildirib ki, MDB Oyunları yarışlarının öz üstünlükləri var. Onun sözlərinə görə, Gəncənin problemlərinin həlli üçün büdcədən vəsait ayrıldığından bunlar ayrı-ayrı məsələlərdir: "Gəncəyə kifayət qədər vəsait ayrılır, demək olar ki, şəhərdə ciddi problem yoxdur. Ölkədə ümumi sosial-iqtisadi islahatlar istiqamətində Gəncədə də işlər gedir. MDB Oyunları yarışlarının keçirilməsi Azərbaycana əlavə avantajlar da gətirir. Ölkəmiz tanınır, reklam olunur, ola bilsin ki, biznes, turizm əlaqələrinin qurulması üçün imkanlar yaranır. Bunları bir-birinə qarışdırmağa ehtiyac yoxdur".

Quliyev əlavə edib ki, problem həmişə var: "İnsan nə qədər var, problem də var. İnsan da, hökumət də problemi həll etməkdən ötrüdür. Mənim bildiyimə görə, Gəncədə vacib və ciddi problem yoxdur. Həmin yarışlar Bakıda, yaxud Naxçıvanda keçirilsəydi, həmin ekspertlər yenə oxşar fikirlər səsləndirəcəkdilər. Bu, niyyətdən, hadisələrə hansı prizmadan baxmaqdan asılıdır".

MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaranıb. Gürcüstan və Baltikyanı respublikaları çıxmaqla keçmiş SSRİ-nin müttəfiq respublikaları orada təmsil olunub.

XS
SM
MD
LG