Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:33

"Ailəlikcə dedik, üstümüzdən keçin, sökün"


İllüstrasiya
İllüstrasiya

►Gəncəli sahibkarın mağazası necə söküldü

Gəncədə yaşayan Nahib Hüseynov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, Dədə Qorqud küçəsindəki 36 saylı binanın qarşısında şəxsi mağazası olub.

Ötən il avqustun 17-də icra hakimiyyəti başçısının müavini 3 nəfərlə birlikdə mağazaya gələrək ona heç də xoş olmayan xəbər veriblər – mağaza söküləcək… Sahibkar deyir, düzü, bu xəbərə inanmayıb. Düşünüb ki, mağazanın sənədləri qaydasında, fəaliyyəti də tam qanuni… Axı niyə sökülsün?..

“Gəncə şəhəri icra başçısının sərəncamını, mağazanın Çıxarışını, texniki pasportunu – hamısını icra başçısının müavininə göstərdim. Dedim, “axı, siz kimsiniz ki, mənim əmlakımı sökəsiniz?” Dedi, “xoşun gəlmir, get, ver məhkəməyə”. Dedim, “niyə də verməyim ki?” Elə günü sabah sizdən məhkəməyə şikayət edəcəm. Güldü, dedi, “məhkəmə də bizlikdir””.

“DEDİK, ÜSTÜMÜZDƏN KEÇİN, SÖKÜN”

Nahib Hüseynov danışır ki, uzun illərdir şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkdiyi üçün mağazanı özü işlədə bilmirmiş. Bir Gəncə sakininə icarəyə veribmiş. İcra hakimiyyətinin işçiləri mağazanı icarəyə götürənə hədə-qorxu gələrək malları oradan çıxarmasını tələb ediblər:

“Mağazanı işlədəni necə qorxutdularsa, yazıq elə həmin gün mallarını yığışdırıb qaçıb getdi”.

Əsl məşəqqət bundan sonra yaşanıb – ağır texnikalar mağazanın qarşısına toplananda… Əvvəl mağazanın bir hissəsini uçurublar, Nahib Hüseynov DİN-nin “102” xidmətinə zəng vurub, əraziyə polis göndərilməsini tələb etsə də, gələn olmayıb:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Ailəlikcə toplaşdıq texnikaların qabağına, dedik, “üstümüzdən keçin, sökün”. Bu yolla söküntünü yarımçıq dayandırdıq. Əvvəl “102” çağırışımıza məhəl qoymadı, ancaq səs-küy salmağa başlayanda, az qala, bütün bir alay töküldü ora… Adamlar da bu vəhşiliyə dözə bilmirdilər. Yoldan keçənlər vəziyyəti görüb mağazanın sökülməsinin qarşısını almaq üçün bizə qoşulurdu. Elə polisi də icra hakimiyyətinin işçiləri çağırmışdılar ki, həmin adamları hadisə yerindən uzaqlaşdırsınlar”.

RƏSMİLƏR ONU ARXAYIN EDİR

Sahibkar Prezident İlham Əliyevə, Baş prokurora, Daxili işlər nazirinə, Ombudsmana yazmaqdaykən, məmurlar söküntünü başa çatdırmaq üçün müxtəlif yollara əl atıblar. Dediyinə görə, Gəncə və Kəpəzin icra hakimiyyətlərinin vəzifəli şəxsləri, polis rəisləri onları gah şirin dilə tutur, yağlı vədlər verir, gah da həbslə hədələyirdilər. O, ailəsini götürüb Bakıya gəlir, DIN istintaq şöbəsi rəisinin qəbulunda, daha sonra Prezident Administrasiyasının (PA) qəbul şöbəsində olur. PA-nın qəbul şöbəsində onun sənədlərinə baxıb deyiblər ki, şəxsi mülkiyyət toxunulmazdır, mağazanın yerində dövlət əhəmiyyətli obyekt tikiləcəyi halda ona kompensasiya verilməlidir. Oradan Gəncənin kuratoru Vəfadar Bağırova zəng edib, başlarına gələnləri ona danışıblar və dediklərini görə, kurator da onları arxayın edib.

Prezident Administrasiyası
Prezident Administrasiyası

Beləcə, Nahib Hüseynov arxayınlaşıb ailəsini də götürüb qayıdır Gəncəyə. Ancaq hədələrin davam etdiyini görüb Gəncənin prokuroru ilə görüşür. Bu görüşün də mənasız olduğunu başa düşüb yenə Bakıya üz tutur. Bu dəfə PA-nın qarşısında etiraz aksiyası keçirmək istəyir. Lakin tanımadığı bir nəfər ona yaxınlaşaraq problemlə maraqlanır, sonra da Gəncə icra hakimiyyətinin başçısına zəng vurur:

BAŞÇI DEYİB “QAYIT, GƏL”

“Başçı ilə danışdı, dedi, “başçı da səninlə danışmaq istəyir”, telefonu uzatdı mənə… Başçı məni arxayın elədi ki, “qayıt gəl, hər şey yaxşı olacaq. Heç nəyə görə narahat olma”. Mən də uşaq kimi sevindim, ailəmi götürüb qayıtdım Gəncəyə”.

Ancaq qayıdıb qarşılaşdığı mənzərə onu məyus edir. Mağaza tamamilə dağıdılıb, başçı işçilərə göstərişlərini verir…

Nahib Hüseynovun öz vəziyyəti pisləşdiyi üçün bu dəfə həyat yoldaşı Bakıya qayıdır. Prezident Administrasiyasında əvvəllər onları qəbul etmiş məmurların qəbuluna girərək başlarına gələni danışır. Eşitdiyi isə yalnız bu olur: “Axı… ola bilməz…Çox təəssüf…”

ÖHDƏLİKLƏR YERİNƏ YETİRİLMƏYİB

Gəncə şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Nahib Hüseynovun sahibi olduğu obyekt abadlaşdırma işləri ilə əlaqədar sökülüb və sahibkar ona təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır.

Nahib Hüseynovsa deyir, İcra Hakimiyyətinə göstərişlərdən sonra ötən ilin oktyabrında ona zəmanət məktubu verilib. Məktubda qeyd olunur ki, mağaza başqa bir yerdə – 120 kvadrat metr torpağın üzərində tikilib, içindəki avadanlıqlarla birlikdə tam yararlı vəziyyətdə, həmçinin sənədləri tam qaydasında olmaqla, ona təhvil veriləcək. Hətta ona məxsus həyət evinin tam sənədləşməsini də təmin edəcəkmişlər. Bu öhdəliklər dekabrın 31-dək yerinə yetiriləcəkmiş. Lakin qurum hələ də öhdəlikləri yerinə yetirməyib.

Nahib Hüseynovun ailə üzvlərindən biri 1990-cı illərdə Qarabağ uğrunda döyüşlərdə həlak olub. Deyir, sökülən ərzaq mağazası ailənin yeganə gəlir mənbəyi idi. O, mağazanın qazancıyla həm özünün, həm də bir neçə yaxınının ailəsini dolandırırmış. (Son)

Buna da bax:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG