Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:26

Gəncə sakini: "Başçı torpağımı qarış-qarış satıb"


Azerbaijan - Ganja city
Azerbaijan - Ganja city

►“İcra məmurlarının qapısına gedib-gəlməkdən yorulmuşam. Açıq-aşkar deyirlər ki, onlara gücümüz çatmır”

“2011-ci ildə xəbər tutdum ki, torpağımda tanımadığım adamlar tikinti işləri aparırlar. Dərhal sahəyə getdim, tikinti aparanlara torpağa dair sənədlərimi göstərdim. Dedim ki, “bu torpaq mənim mülkiyyətimdədir. Başqasının mülkiyyətində olan torpaq sahəsində necə rahat ev tikmək olar?” Onlar mənə Gəncə şəhəri, Nizami rayonunun keçmiş icra başçısı Məharət Mustafayevin sərəncamını göstərdilər. Dedilər ki, başçı torpaq sahəsinin sotunu 5 min manatdan onlara satıb”.

Gəncə sakini Vaqif Quliyevin söylədikləri həyat yoldaşı qətlə yetiriləndən sonra 1 hektar torpaq sahəsinin icra başçısı tərəfindən başqalarına satıldığını iddia edən Venera Rüstəmovanın başına gələnlərə bənzəyir.

“TORPAĞIMI PARÇA-PARÇA EDİB”

Deyir, elə torpaq sahəsi də Rüstəmovların torpağına bitişik imiş. Başçı Rüstəmovların torpağını satanda onunkuna da “əl gəzdirib”:

“Torpaqlarımız qonşu idi. İcra başçısı tək onun yox, eyni üsulla mənim də torpağımı hissə-hissə başqalarına satıb. Həmin sahəyə hüquqlarımı tanıyan bütün sənədlərim ola-ola başçı torpağımı parça-parça edib, satıb”.

Yeni Gəncə qəsəbəsində 42 hektar torpaq sahəsinin Vaqif Quliyevin mülkiyyətində olması və yerinin təyin olunması barəsində Göygöl rayon Məhkəməsi tərəfindən 2010-cu ildə qətnamə çıxarılıb. Ancaq bir il sonra torpaq sahəsi hissə-hissə satılıb. Vaqif Quliyev ayrı-ayrı şəxslərə başçı tərəfindən verilmiş sərəncamların ləğv edilməsi, tikintilərin dayandırılması, tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi uzun çəksə də, nəticə Vaqif Quliyevin xeyrinə olub –iddiası təmin edilib. Məhkəmənin 11 iyul 2013-cü il tarixli qətnaməsində göstərilir ki, torpaq sahəsi tikililərdən təmizlənərək mülkiyyətçiyə qaytarılsın.

“ONLARA GÜCÜMÜZ ÇATMIR”

“Bu günə kimi də məhkəmənin qərarı icra olunmayıb. İcra məmurlarının qapısına gedib-gəlməkdən yorulmuşam. Açıq-aşkar deyirlər ki, onlara gücümüz çatmır”.

Vaqif Quliyev ötən il ayrı-ayrı tarixlərdə bir neçə dəfə Ədliyyə naziri Fikrət Məmmədovun, müavini Vilayət Zahirovun, Nazirliyin İcra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olub:

“Hamısı deyir ki, yaxın vaxtlarda məsələ həll olacaq. Hələ də ortada bir şey yoxdur. Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələsgərovun köməkçisi də söz verib ki, məsələ yoluna qoyulacaq. Ancaq nə vaxt? Bir başçı ilə o boyda Ədliyyə Nazirliyi, o boyda Prezident Administrasiyası bacarmır”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“DƏFƏLƏRLƏ XƏBƏRDARLIQ OLUNUB”

2015-ci ilin sentyabrında torpaqda tikinti işi aparanlardan biri – Tacəddin adlı şəxs apellyasiya şikayəti verib. Şikayətini belə əsaslandırıb ki, icra başçısının sərəncamı ilə əldə etdiyi və tikinti apardığı torpaq sahəsinin başqasına məxsus olduğunu bilməyib:

“Tacəddin adlı şəxs torpaq sahəsinin mənə məxsus olduğunu bilmədiyini deyəndə, məhkəməyə videogörüntü təqdim etdim. Bildirdim ki, bu adam yalan danışır. Torpaq sahəsinin mənə məxsusluğunu ona dəfələrlə demişəm və videogörüntülərim də var. Bundan başqa, həm Göygöl, həm də Gəncə şəhərinin icra məmurları ona dəfələrlə tikintini dayandırması barədə xəbərdarlıq edib. Ancaq hakim Fikrət Mehdiyev mənim dəlil- sübut kimi təqdim etdiyim videogörüntüləri qəbul etmədi, tələblərimə baxmayaraq, icra məmurlarını məhkəməyə çağırıb dindirmədi. Göygöl rayon Məhkəməsinin torpaq sahəsinin mənim mülkiyyətimdə olmasını təsdiqləyən qətnaməsindən 5, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin zəbt olunmuş torpağın mənə qaytarılması barədə qətnaməsindən 3 il keçməsinə baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsi müddəti ötmüş həmin şikayətə baxdı”.

“VERSİNLƏR MƏHKƏMƏYƏ”

Gəncə şəhər İcra Hakimiyyətində telefon dəstəyini qaldıran xanıma məsələni bildirib qurumun hüquqşünası ilə danışmaq istədiyimizi söyləyəndə cavabı qısa oldu – “icra olunmur, versinlər məhkəməyə”.

İş orasındadır ki, icra hakimiyyətindən heç ötən məhkəmələrdə nümayəndə də iştirak etməyib.

Məhkəmə sənədlərində qeyd olunur ki, cavabdeh tərəfin nümayəndəsinə məhkəmə iclaslarının keçiriləcəyi tarixi və yeri barədə məlumat verilsə də, gələn olmayıb.

XS
SM
MD
LG