Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

«Prezident həvəsləndirir, vergi işçiləri bu həvəsi öldürür»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Vergilər idarəsi bizi niyə yoxlasın ki?.. Cənab prezidentin fərmanı var axı - illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır».

GÖZƏ KÜL ÜFÜRMƏK...

Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar Fəxrəddin Həsənli və Elxan Məmmədov yersiz vergi yoxlamalarından cana doyduqlarını deyirlər. Fəxrəddin Həsənlinin sözlərinə görə, Vergilər Nazirliyi prezident fərmanını, üstəlik, nazirliyin 12 oktyabr 2015-ci il tarixli kollegiya qərarını tanımır:

«Prezident qeyri-neft sektorunun inkişafını təmin etmək, sahibkarları yeni investisiya layihələrinə cəlb etmək, onları həvəsləndirmək üçün sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasına qərar verdi. Bunun üçün fərman imzaladı. Bu fərman dövlətin adından verilib. Həmin fərmana görə, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarda aparıla bilər. Fərmanın icrası ilə bağlı Vergilər Nazirliyində kollegiya iclasıkeçirildi. Sahibkarların durumunu yaxşılaşdıracaq qərarlar verildi. İndi belə başa düşülür ki, bunlar gözə kül üfürməkdən başqa bir şey deyil».

«BU BOYDA GƏNCƏDƏ ANCAQ BİZƏ QARŞI...»

Sahibkar Elxan Məmmədov deyir, onun və Fəxrəddin Həsənlinin ayrı-ayrılıqda illik dövriyyəsi 120 min manat deyil. Hətta ikisinin birlikdə illik dövriyyəsi 50-60 min manat civarında olur:

«Fəaliyyətə başlamağımız da cəmi 5-6 aydır. Ancaq fərman və qərara baxmayaraq, Vergilər Nazirliyi bizə qarşı qərəzli mövqe tutaraq Gəncə şəhərində yalnız bizə səyyar vergi yoxlaması təyin etdi. Bu da o deməkdir ki, Vergilər Nazirliyi prezidentin fərmanını və özünün qərarını saya almır. Bu boyda Gəncə şəhərində yalnız bizə qarşı bu yoxlamanın keçirilməsinin qərəzli olması qənaətindəyik. Vergilər Nazirliyi bərabərlik və ədalət prinsiplərini pozur. Gəncə şəhərində bizdən başqa bütün sahibkarlar tam sərbəst şəkildə qanunun verdiyi imkanlardan yararlanırlar».

Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Fəxrəddin Həsənli və Elxan Məmmədov nazirliyə müraciət etsə, qurum məsələni araşdırmaqda maraqlıdır. Ancaq qurum, hələlik, onlara müraciət olunmadığını bildirir.

Həmçinin izləyin: AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG