Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:25

Müsahibə: 'Ukrayna təşəbbüsü ələ alıb'


Campaolo Di Paola
Campaolo Di Paola

2011-2013-cü illərdə İtaliyanın Müdafiə Naziri, 2008-2011-ci illərdə NATO hərbi komitəsinin sədri olmuş Campaolo Di Paola (Giampaolo Di Paola) AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində deyib ki, Ukrayna təşəbbüsü işğalçı Rusiya ordusundan ala bilib, ancaq əkshücum yavaş getdiyindən Qərbdə müharibə yorğunluğu riski ilə bağlı narahatlıq artmaqdadır.

Ukraynanın əkshücumunun yay fazası artıq bitmək üzrədir. Bəs görəsən, bu dövrdə nə əldə edilib?

Ən vacib çatışmayan element

“Heç kim bilmir. [Əkshücum] bəzi NATO müttəfiqlərinin gözlədiyi qədər sürətli getmir. Biz indi kritik fazadayıq, çünki nə əldə olunacaqsa, bu qısa yay dövründə olacaq. Sonra yağışlar başlayır və yer palçıqlı olur. Sürət yavaşdır. Ukraynalılar hücumun planlaşdırıldığı kimi getdiyini deyirlər. Bunun doğru olub-olmadığını bilmirəm. Əldə edilən şey budur ki, Ukrayna təşəbbüsü düşməndən geri alıb. Biz uzun zamandan bəri gözlənilən əkshücumun nəhayət baş verdiyini gördük.

Ancaq hələ əldə olunmayanlar sırasında ruslardan ciddi miqyasda ərazinin geri alınması, ciddi sıçrayış, rusların müdafiə xətlərində zəif nöqtənin tapılması var. …Biz hələ də qeyri-müəyyənlik içindəyik. Yəqin ki, harada olduğumuzu müəyyənləşdirmək üçün daha bir, yaxud iki aya ehtiyacımız olacaq. Ancaq bu çox kritik fazadır, çünki bu qarşıdurma nə qədər davam edirsə, Ukraynanı dəstəkləyən ölkələrin bəzilərində müharibə yorğunluğuna şahid olacağımız ehtimalı o qədər artır.

…Ən böyük çətinlik odur ki, ukraynalılar hücum əməliyyatlarını hava üstünlüyü olmadan həyata keçirməli olurlar. Məncə, bu ən vacib çatışmayan elementdir”, – Di Paola söyləyir.

Di Paola müsahibəsində Qara dənizin blokadası və onun realpolitik nöqteyi-nəzərindən kimə aid olmasından danışarkən deyib ki, hazırda heç kim Qara dənizin sahibi deyil:

“Türkiyə hələ də Qara dənizdə ən güclü oyunçudur, çünki son nəticədə Qara dənizə yeganə giriş nöqtəsi olan Dardanel boğazına o nəzarət edir. Ora kimin girib-çıxmasına və kimin çıxmamasına o [qərar verir]. Buna görə də əgər həqiqətən nəzarətə malik olmaq istəyirsinizsə, Bosforun açarına ehtiyacınız var və bu açar Türkiyəyə məxsusdur. Hal-hazırda Türkiyə sövdələşməklə məşğuldur; o, razılaşmanın əldə edilməsinə və özünün vasitəçi, Qara dənizdə debatların hakimi kimi statusunu möhkəmlətməyə çalışan könülsüz oyunçudur”.

NATO üzvünün gəmisinə hücum baş verərsə...

Taxıl böhranına toxunan Di Paola bunları deyib: “Əgər ruslar razılığa gəlmək istəməsələr, biz alternativ çıxış yolu tapmalıyıq. Çünki məsələ burasındadır ki, hətta əgər sən nəzəri olaraq Qara dənizin qərb hissəsində üzə bilirsənsə, əgər kifayət qədər cəsursansa, bu o deməkdir ki, NATO ölkələrinin ərazi sularındasan. Buna görə də Rusiyanın burada ticarət gəmilərinə hücum edəcəyi güman edilmir. Çünki ərazi sularında törədilmiş hücum 5-ci maddənin işə salınması demək ola bilər”.

(Qeyd: Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində deyilir ki, hər hansı NATO üzvü silahlı hücuma məruz qalarsa, alyansın qalan hər bir üzvü bunu bütün üzvlərə qarşı zorakılıq aktı kimi qəbul edir və hücuma məruz qalan müttəfiqə köməkdən ötrü zəruri tədbirlər görür).

Bəs görəsən, Rusiya Ukraynanın ərazi sularında NATO üzvü olan ölkənin gəmisinə hücum edərsə, nə baş verəcək?

“Bu çox mürəkkəb ssenaridir və vəziyyəti yerində və zamanında dəyərləndirmək lazımdır. Bu vəziyyətdə nəyin baş verəcəyini deyən oturuşmuş protokol mövcud deyil. NATO üzvü dövlətin bayrağı altında hərəkət edən gəmi hücuma məruz qalarsa, sözügedən NATO üzvü “mən Rusiyanın hücumuna məruz qalmışam” deməklə 5-ci maddəni işə salmağa, yaxud bir ticarət gəmisinə hücuma görə bunu etməməyə qərar verə bilər. Bu həmin o dövlətin verməli olduğu siyasi qərar olacaq. Çünki hətta NATO üzvü olan ölkələr də Rusiyaya qarşı müharibəyə getmək istəmirlər. Ancaq bu iş ikitərəflidir: Rusiya üçün də NATO üzvü olan ölkənin gəmisinə hücum edərək 5-ci maddəni işə salmaq böyük riskdir və bu, rasional hərəkət olmazdı. Buna görə də bunlar nə baş verəcəyini proqnozlaşdıra bilmədiyimiz vəziyyətlərdir. Odur ki, bu qeyri-müəyyənlik bəzən yayındırıcı rol oynayır”, – Di Paola deyir.

“Deməyə fərli bir sözün yoxdursa...”

Di Paola Rusiyanın 15 il öncə Gürcüstana hücumuyla bağlı bunları deyib: “Aydındır ki, Gürcüstanda baş verənlər [NATO-nun 2008-ci ildə keçirilmiş ] məşhur Buxarest sammitinin nəticəsi idi. Orada Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağı bildirilmişdi. Ancaq bu sadəcə, bəyanat idi və Rusiya ondan Gürcüstana hücuma bəhanə kimi yararlandı. NATO o zaman hərbi baxımdan nəsə etmək iqtidarında deyildi. Ona görə biz Putinin etdiklərinin qanunsuz olduğunu dedik, ancaq …onu dayandırmaq üçün heç nə edə bilmədik. …Son nəticədə bu onun üçün asan ötüşdü. Sonda Gürcüstan reallığa boyun əyməli oldu.

Yadımdadır ki, Buxarestdə düşündüm və hətta dedim ki, bu, yanlışdır, bunu etməyin. Sonra da eynilə qorxduğum oldu – bu, Putinə Gürcüstana hücum etmək üçün əlverişli fürsət verdi. Bəziləri deyir ki, – və məncə, bunda həqiqət payı da var – biz o vaxt Ukraynaya açıq giriş imkanı versəydik, Rusiya Ukraynaya da hücum edəcəkdi və o dövrdə Ukrayna 2022-ci ildəki müqaviməti göstərmək iqtidarında deyildi. Buna görə də məncə, 2008-ci ildə Buxarestdə edə biləcəyimiz ən yaxşı şey ümumiyyətlə, heç nə deməmək idi. Bu, düzgün olardı. Ağzımızı yumulu saxlamaq. Deməyə fərli bir sözün yoxdursa, yerli-dibli heç nə deməmək daha yaxşıdır”.

Di Paola hesab edir ki, o zaman Qərb bacardığını edib, ancaq onun 2008-ci ildə Gürcüstan üçün edə biləcəyi çox şey olmayıb.

“Gürcüstanın bir hissəsinin artıq Rusiya tərəfindən işğal olunduğunu və rusların hələ də irəliləməkdə olduğunu, Gürcüstanınsa daha heç bir müqavimət göstərmək iqtidarında olmadığını nəzərə alsaq, məncə son nəticədə əlimizdə olan variantlar arasında ən yaxşı nəticə [əldə edildi]. Biz status-kvoya razı olmalı idik. Buna görə də əlimizdən gələn ən yaxşı iş bu idi. Özü də bu, müəyyən mənada effektiv oldu, çünki status-kvo hələ də qalmaqdadır və Rusiya ilə Gürcüstan arasında yenidən alovlanan qarşıdurmalar olmayıb”, – o bildirir.

XS
SM
MD
LG