Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Gəncə olaylarına görə daha bir nəfər Moskvadan gətirildi


Foto illüstrasiya
Foto illüstrasiya

Gəncə hadisələrinə görə həbslər davam edir. Keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərovla əlbirlik ittihamıyla daha bir nəfər – Yusif Sadıqov Rusiyadan Azərbaycana gətirilib. Bu barədə AzadlıqRadiosuna onun ailəsindən bildirilib.

«Yunislə toyda bir şəkli var»

Yaxınlarının sözlərinə görə, Y.Sadıqov bundan öncə Gəncə olaylarına görə həbs olunmuşdu: «Ali təhsilli adamdır. Onun Yunislə bir toyda şəkli var. Gəncə hadisələrindən az sonra Yusifi tutdular, 3 gün saxladılar. Heç nə tapa bilmədilər. Onların arasında cəmi bir dəfə telefon danışığı olub. Buraxdılar...».

Y.Sadıqov Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında 2019-cu ildə Moskvada saxlanılıb. Bir müddət Rusiya paytaxtında təcridxanada saxlandıqdan sonra yanvarın 21-də Bakıya gətirilib. Onun hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlandığı bildirilir.

«Birlikdə çay içiblər»

Gəncə olayları ilə əlaqədar Moskvada həbs olunan daha bir nəfər – 42-yaşlı Müşfiq Orucov da bir həftə öncə Bakıya gətirilib. Anası Ənisə Qurbanova deyir ki, oğlunun icra başçısına sui-qəsddə suçlanan Y.Səfərovla tanışlığı, əlaqəsi olmayıb. Ancaq Yunislə birlikdə mühakimə olunan Hamlet Abdullayevi tanıyıb: «Hamlet Gəncədə qonşumuzun oğlunun tanışı idi. Nə vaxtsa Müşfiq, qonşumuz və həmin Hamlet birlikdə oturub çay içiblər, vəssalam».

Ə.Qurbanova onu da bildirir ki, oğlu Gəncə hadisələrindən 1 il 5 ay öncə ailəsiylə birlikdə Moskvaya köçmüşdü.

M.Qurbanov 2018-ci ilin oktyabrında Moskvada saxlanılıb. Onun haqqında 6 aylıq həbs qərarı verilib. Azərbaycan tərəfi lazım olan sübutları təqdim etmədiyindən, onun Bakıya təhvil verilməsi prosesi uzanıb.

Həm Y.Sadıqov, həm də M.Qurbanova qəsdən adam öldürməyə cəhd, terrorçuluq və başqa ağır maddələrlə ittiham verilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və onun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanmalıdır.

Rəsmi məlumata görə, bundan sonra iyulun 10-da da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin (bəzi şəxslər isə axtarışa verilib) işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfərin məhkəməsi isə yenicə başlayıb. Onlar məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.

Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, ifadələrə təzyiq altında imza atdıqlarını bildiriblər. Amma məhkəmə prosesində rəsmi qurumlar işgəncə şikayətlərini təkzib edib və belə halların sübuta yetirilmədiyi açıqlanıb.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

2019-cu ilin yayında Baş prokuror Zakir Qaralov Gəncə olayları ilə bağlı 11 nəfərin beynəlxalq axtarışa verildiyini bildirmişdi.

XS
SM
MD
LG