Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:50

H.Cabbarova: 'Tutmusunuz, heç olmasa, yerini deyin, ürəyim partladı axı...'


Həbsxana
Həbsxana

«Müsəlman Birliyi» Hərəkatının üzvü, təşkilatın rəhbəri Taleh Bağırovla ailəvi dost olan Anar Cabbarovun Türkiyədə saxlanılaraq Bakıya gətirildiyi haqda məlumatlar yayılsa da, yaxınları 10 gündür ki, onun haqqında heç bir xəbər ala bilmədiyini deyir.

Anası Hökümə Cabbarova AzadlıqRadiosuna deyir ki, oğlunun Türkiyədən Bakıya gətirilməsindən də təsadüf nəticəsində xəbər tutublar: «Onu gətirəndə aeroportda bir tanışımızı görüb, qışqırıb deyib ki, «evimizə xəbər ver, məni «banditizm»ə aparırlar». Ondan sonra biz də həmin idarəyə getdik, dedilər ki, «bayram günləridir, indi məsul şəxslərdən heç kim yoxdur, bayramdan sonra gələrsiniz». Təsəvvür eləmirsiz, bu günlərin keçməsini necə gözləyirdim, ürəyim partlayırdı».

H.Cabbarovanın sözlərinə görə, bu müddətdə vəkillə müqavilə bağlayıblar. Bayramdan sonra ilk iş günündə - martın 27-də həm vəkil, həm də özləri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gediblər. Amma heç birini içəri buraxmayıblar:

«Vəkilin əlində order, buraxmayıblar, deyiblər ki, ailə üzvləri gəlsin. Getdik, bizə dedilər ki, sabah (martın 28-də) saat 2-də gələrsiniz. Ertəsi gün getdik, bu dəfə qapıdakı polis kiminləsə bir neçə dəfə danışandan sonra dedi ki, «burada Anar Cabbarov adlı şəxs yoxdur». Bu necə ola bilər? Tutmusunuz, heç olmasa, yerini deyin, ürəyim partladı axı. İdarənin binasının başına fırlanıram ki, bəlkə haradansa, səsini eşidərəm».

H.Cabbarova martın 28-də Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət edib, nazir Ramil Usubova da yazılı məktub göndərərək oğlunun yeri, hansı səbəbdən saxlanması barədə ona məlumat verilməsini istəyib. Deyir ki, A.Cabbarovun yaxınlarından, vəkilindən gizlədilməsi onun durumu ilə bağlı şübhələr yaradır: «Ürəyimə qara fikirlər gəlir ki, görəsən, mənim uşağıma neyləyiblər? Anar ailəsi ilə Türkiyədə yaşayırdı, xırda ticarətlə məşğul olurdu. Üç körpəsi orada əsir-yesir qalıb, bunu Allah götürməz axı...».

Anasının bildirdiyinə görə, A.Cabbarovu martın 16-da Türkiyədə sənədlərində problem olması adıyla polis idarəsinə, oradan Binkılıç Göç İdarəsinə aparıblar: «Daha sonra onu Azərbaycanın İstanbuldakı konsulluğuna aparıb, onun üçün yeni sənədlər alıblar, Göç İdarəsinə qaytarıblar. Bu dörd gün ərzində onun üçün vəkil tutulub. İdarədə vəkilə deyiblər ki, «narahat olmayın, sənədlər qaydasına salınsın, bir gün sonra buraxılacaq». Ertəsi gün vəkil gedəndə deyiblər ki, burada yoxdur».

H.Cabbarovun söylədiklərinə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı və ondan sonrakı günlərdə həbs olunub. Əməliyyat nəticəsində ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

İlahiyyatçı T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG