Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:35

Haaqada Azərbaycan və Ermənistanın şikayətləri üzrə qərar çıxarılıb


Haaqa Məhkəməsinin yanvarda keçirilmiş dinləməsi zamanı
Haaqa Məhkəməsinin yanvarda keçirilmiş dinləməsi zamanı

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhliziylə bağlı qərarını alqışlayan bəyanat yayıb.

BMT-nin ali məhkəməsi fevralın 22-də Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir. Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Ermənistan XİN-in bəyanatında deyilir ki, məhkəmənin qərarında “Konvensiya çərçivəsində ermənilərin hüquqlarına bərpası qeyri-mümkün ziyanla nəticələnə biləcək birbaşa təhdidin mövcudluğu təsbit olunub”.

Beynəlxalq Məhkəmə Azərbaycanın minalarla bağlı vəsatətini rədd edib. Azərbaycan Ermənistanın Qarabağda və ətraf ərazilərə minalar basdırması haqda vəsatət qaldırmış, Yerevana qarşı keçid tədbirlər istəmişdi.

“Beləliklə, Məhkəmənin qərarlarına uyğun olaraq, Azərbaycanın Dağlıq Qarabağı blokadasına və digər hərəkətlərinə dərhal son qoyulmalıdır. Ermənistan situasiyanı diqqətlə izləyəcək və Məhkəməyə Azərbaycan tərəfdən istənilən pozuntularla bağlı məlumat verəcək”, – Ermənistan XİN bildirir.

+++

BMT-nin beynəlxalq məhkəməsi Ermənistanın Azərbaycana qarşı keçid tədbirinin tətbiqinə dair vəsatətini qismən qəbul edib, Azərbaycanın Ermənistana qarşı vəsatətinə isə baxılmaması barədə qərar qəbul edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutuyun yazır ki, Ermənistan tərəfi bunu Azərbaycanın vəsatətinin rədd edilməsi kimi qiymətləndirir. Rəsmi Bakı qərarı fərqli təfsir edir.

Laçında işçiləri qanunsuz işlədən şirkət hansıdır?
Gözlə

No media source currently available

0:00 0:06:50 0:00

Ermənistan beynəlxalq məhkəmədən Azərbaycanın iki aydır ki, bağlı olan Laçın dəhlizinin açılmasına, insanların və nəqliyyatın hər iki istiqamətdə sərbəst hərəkətinin təmin olunmasına təhkim edilməsini istəmişdi.

Məhkəmənin qərarında deyilir ki, “Ermənistan Azərbaycana qarşı” işi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Laçın dəhlizində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə fasiləsiz hərəkətini təmin etməlidir.

Lakin məhkəmə “Azərbaycanın etirazların “təşkili və dəstəklənməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərini rədd edib.

Haaqa məhkəməsi Azərbaycanın Ermənistanı “ərazidə minalar basdırılmasını və Laçın dəhlizi ilə minaların daşınmasını dayandırmasına” dair keçid tədbirin görülməsi üzrə vəsatətinə baxmaqdan imtina edib.

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarını belə yozur

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işlərində Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarını qeydə alır.

XİN bildirir ki, 2021-ci il dekabrın 7-də verdiyi qərarına uyğun olaraq məhkəmənin Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığını bir daha təsdiq etməsini alqışlayır.

Nazirlik hesab edir ki, “Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil.”

Azərbaycan “Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini” davam etdirəcək:

“Həmçinin Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq”.

Açıqlamaya görə, məhkəmə öz qərarında “Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair... Azərbaycanın səylərini nəzərə alıb”.

Erməni siyasi fəal: 'Ruben Vardanyanı vəzifədən uzaqlaşdırırlar'
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Bundan əvvəl olanlar

Bu il yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə açıq dinləmələr keçirilmişdi.

Azərbaycan bildirir ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanın 282 vətəndaşı minaya düşüb. Onlardan 40 civarında şəxs həlak olub.

Ermənistanın şikayəti

Ermənistan isə yanvarın 30-da Dünya Məhkəməsinin hakimlərinə demişdi ki, qonşu Azərbaycanın Qarabağda yaratdığı blokada “etnik təmizləməyə” hesablanıb.

Reuters xatırladırdı ki, Azərbaycan bu ittihamı rədd edir.

Xəbərdə vurğulanırdı ki, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi dekabrın 12-dən bəri ətraf mühit fəalları olduqlarını iddia edən etirazçılar tərəfindən bağlanıb.

Azərbaycan yolun bağlı olmadığını, fəalların etirazının isə legitim olduğunu bildirirdi.

Həm də Dünya Məhkəməsi kimi tanınan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın dəhlizinin bağlanması ilə bağlı Azərbaycana qarşı şikayətinə baxırdı.

Məhkəmədə Ermənistanın nümayəndəsi Yegişe Kirakosyan demişdi ki, yolun bağlanmasına görə Qarabağda ərzaq talonlarla verilir və dava-dərmanın qıtlığı yaranıb.

Onun sözlərinə görə Azərbaycan etnik ermənilərin Qarabağdan getməkdə sərbəst olduqlarını bildirib.

Azərbaycanın cavab şikayəti

Azərbaycan tərəfdən isə öz növbəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməyə blokada barədə iddiaların “sadəcə olaraq saxta” olduğunu demişdi.

O bildirmişdi ki, etiraz aksiyasına baxmayaraq dəhlizlə nəqliyyatın sərbəst hərəkəti davam edir.

Məmmədov habelə deyib ki, Ermənistanın etnik təmizləmə barədə iddiaları “reallığın bilərəkdən təhrif olunmasıdır” və “münaqişə ocağının körüklənməsinə” yönəlib.

Beynəlxalq Ədalət Məhkəməsi bu işə Ermənistanın Azərbaycana qarşı 2020-ci ildən verilmiş daha geniş şikayətinin çərçivəsində baxırdı.

Ermənistan Azərbaycanı İrqi Diskriminasiyaya Qarşı Konvensiyanı pozmaqda ittiham edir.

Lakin Bakının verdiyi əks-şikayətdə Konvensiyanı Azərbaycanın yox, Ermənistanın pozduğu bildirilirdi.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG