Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:48

'12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'


Rəşid Hacılı
Rəşid Hacılı

2014-cü ildə fəaliyyətini dayandırmış Media Hüququ İnstitutunun (MHİ) yaydığı aralıq hesabatda belə deyilir.

Qurumun rəhbəri Rəşid Hacılı bildirib ki, ifadə azadlığı hüququnun durumunun monitorinqini və periodik hesabatlar hazırlayıb yaymağı bərpa etmək qərarı verib.

Hesabatda bildirilir ki, 2016-cı ilin əvvəlindən başlayaraq 7 tanınmış jurnalist, bloqçu uzunmüddətli həbs cəzalarından tam və ya şərti azad edilib. Ancaq bununla yanaşı hazırda ifadə azadlığından istifadənin qurbanı olan azı daha 12 şəxs həbsdə qalmaqda davam edir. Onların bəziləri məhkəməyəqədər həbs edilib, bəziləri isə uzunmüddətli cəzalarını çəkməkdə davam edirlər.

Buna da bax:​ Media Hüquqları İnstitutu Konstitusiyaya dəyişikliyi tənqid edir

MHİ bildirir ki, həbsdə olanlar İlkin Rüstəmzadə, Əbdül Əbilov, Seymur Həzi, Fərəc Kərimov, Rəşad Ramazanov, Fuad Qəhrəmanlı, Araz Quliyev, Nicat Əliyev, Tofiq Həsənov , Ərşad İbrahimov, Fikrət Fərəməzöğlu, habelə Faiq Əmirlidir. Jurnalist və yazarlardan Mehman Hüseynov, Qulu Məhərrəmli, Elçin Həsənov, Əkrəm Əylisli, Elnur Məhərrəmli, Şirin Cəfəri barəsində isə cinayət istintaqı davam edir.

Müstəqil jurnalistlərə basqılar

Sənəddə qeyd edilir ki, ictimai önəmli toplantılarda, aksiyalarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin basqılara məruz qalmaları ən çox müşahidə olunan tendensiyaların önündə dayanır.

“Tənqidi yazıları ilə tanınan jurnalistlərin çalışması üçün mühit əlverişli deyil. Belə jurnalistlər periodik olaraq hədə-təhdidlərə, psixoloji basqılara məruz qalırlar”, hesabatda deyilir.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar'dan tənqid

Sənəddə həmçinin, ötən illərdə jurnalistlərə qarşı törədilən fiziki, psixoloji basqı faktlarının ədalətli araşdırmasının dalana dirəndiyi vurğulanır. Qeyd edilir ki, jurnalistlərə basqı edənlər məsuliyyətə cəlb edilməyib, jurnalist ölümləri araşdırılmamış qalıb.

“Bundan əlavə bir neçə jurnalist Baş Prokurorluğa çağrılaraq onlara yazılarına görə xəbərdarlıq edilib. “Azadlıq” qəzetinin baş redaktoru əvəzi Rahim Hacıyev və qəzetin başqa əməkdaşları, “Qaynar.info” saytının rəhbəri Zahir Əzəmət, jurnalist Anar Niftəliyev belələrindəndir. "Meydan TV" ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlər Natiq Cavadlı, Aytac Əhmədova, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa Baş Prokurorluğa çağırılaraq sorğu sual edilib. Bundan başqa, müxtəlif vaxtlarda jurnalistlər Elnur Muxtar, Ramin Deko, Sərdar Əlibəyli və bloqqer Mehman Hüseynov izahat verilmədən polisə aparılıblar”.

Hesabatda böhtan və təhqirə görə cinayət məsuliyyətinin, hələ də saxlandığı vurğulanır. Bununla belə, jurnalistlərin defamasiya ittihamları əsasında həbs edilməsi halı qeydə alınmayıb.

Buna da bax:​ ANS-in lisenziyası ləğv edildi [Ətraflı]

TV, radio hökumətin kontrolundadır

Sənəddə qeyd edilir ki, televiziya və radio yayımı sahəsində ifadə azadlığının durumu pisləşməkdə davam edib.

“Bütün TV, radio yayımları üzərində birbaşa və ya dolayı yollarla siyasi, ideoloji, eləcə də maliyyə kontrolu daha da güclənib. İctimai Yayım Şirkəti formal olaraq müstəqil sayılsa da hökumət onun Yayım Şurasına, Baş direktorunun və digər məsul şəxslərinin təyinatına, yayım siyasətinə tam nəzarət edir. İctimai Yayımın xəbər siyasəti hökumətin propoqanda aləti olan AzTV-dən heç nə ilə fərqlənmir”.

Sənəddə həmçinin, Teleradio Şurasının iyulda qanuni əsaslar olmadan ANS-in fəaliyyətini 1 ay müddətinə dayandırdığı, ardınca məhkəmə qərarı ilə telekanalın qapadıldığı bildirilir. “ANS telekanalının qapadılması ifadə azadlığının məhdudlaşdırılmasının tipik nümunəsidir”, sənəddə deyilir.

Hesabatda informasiya əldə etmək hüququnun durumuna da yer ayrılıb. Hesabata görə, media, jurnalistlərin bilgi əldə etmək imkanları çox aşağıdır. Əllərində xeyli qanuni mexanizmlər olsa da onları reallaşdırmaq çətindir.

Hakimiyyət rəsmiləri isə əksinə, ölkədə söz və ifadə azadlığına görə, insanların həbs edilməsi haqda deyilənlərlə razılaşmır. Rəsmilərin fikrincə ölkədə peşə fəaliyyətini yerinə yetirən heç bir jurnalistə təzyiqlər yoxdur.

İctimai Televiziyanın da rəhbərliyi hökumətin təbliğatçısı qismində çıxış etməsi ilə bağlı tənqidləri qəbul etmir.

XS
SM
MD
LG