Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:48

Həmməruzəçilər 'Turan' Agentliyində olublar


AŞPA həmməruçəçilər həbsdən yeni çıxan Turan İA-nın rəhbəri Mehman Əliyevlə, 15 sentyabr 2017
AŞPA həmməruçəçilər həbsdən yeni çıxan Turan İA-nın rəhbəri Mehman Əliyevlə, 15 sentyabr 2017

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Preda bu gün, sentyabrın 15-də “Turan” İnformasiya Agentliyinin (İA) ofisində olublar.

Həmməruzəçilər agentliyin rəhbəri, sentyabrın 11-də həbsdən azad edilmiş Mehman Əliyevlə görüşüblər.

“Vergilər Nazirliyi“Turan”-a qarşı araşdırmaya başladıldığı ilk günlərdən biz Azərbaycanda müstəqil və səhih informasiya mənbəyi hesab olunan agentliyə dəstəyimizi ifadə etmişik”, deyə Stefan Schennach görüşdə bildirib.

Həmməruzəçilər “Turan”İA rəhbəri ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsindən məmnunluqlarını və cinayət işinə xitam veriləcəyinə, agentliyin fəaliyyətini bərpa edə biləcəyinə ümidlərini ifadə ediblər.

Mehman Əliyev həmməruzəçilərə vəbütünlükdə Avropa Şurasına agentliyə göstərdikləri dəstəyə görə minnətdarlıq edib.

Görüşdə Azərbaycanda KİV və vətəndaş cəmiyyəti sahəsində vəziyyət, habelə gələcəkdə agentliyin fəaliyyət perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri sentyabrın 14-ü Azərbaycana səfər ediblər

Stefan Schennach və Cezar Preda əvvəlcə prezident İlham Əliyev, daha sonra deputatlarla görüşüblər.

Prezidentlə görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi bildirilir.

Həmməruzəçilərin deputatlarla görüşündə AŞ-Azərbaycan əlaqələri müzakirə edilib.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qurumun bəzi ölkələrə sərt münasibətindən gileylənib.

O deyib ki, son vaxtlar Azərbaycana qarşı qara piar kampaniyası artıb. Onun deməsinə görə, bunun əsl məqsədi Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçinin Dağlıq Qarabağın və ətraf rayonun işğalını legitimləşdirməkdir.

S.Seyidov həmməruzəçilərin hazırladıqları məruzəyə dair fikirlərini də açıqlayıb. O deyib ki, Avropa Şurası (AŞ) bir sıra ölkələrə münasibətdə sərt mövqe tutur və bu yolverilməzdir. Səməd Seyidovvurğulayıb ki, həmin ölkələrin AŞ-dan uzaqlaşdırılması bu qurumun özünün dağıdılması deməkdir.

Həmməruzəçilər səfərdən öncə sentyabrın 4-dən 7-nə kimi Parisdə keçirilən AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hazırladıqları məruzəni təqdim ediblər. Məruzə qəbul edilib. Bundan sonar AŞPA Monitorinq Komitəsi açıqlama da yaymışdı.

Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilirdi. Bunula belə bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilirdi.

Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı məruzə oktyabrın 9-dan 13-nə kimi çəkəcək AŞPA-nın payız sessiyasında müzakirə olunmalıdır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

Növbəti görüş

Həmməruzəçilər daha sonra vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri və vəkillərlə görüşüblər.

Görüşə qatılanlardan vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, əsasən, siyasi motivlərlə həbs ediliyi bildirilən şəxslər haqda müzakirələr olub. Həmməruzəçilər vəkildən hüquqlarını müdafiə etdiyi şəxslər haqda bilgi alıblar.

Ümumilikdə, ölkədə əsas insan hüquq və azadlıqlarının durumu müzakirə olunub.

Həmməruzəçilərlə görüşən araşdırmaçı jurnalist Xədicə İsmayıl isə Azərbaycandakı ictimai-siyasi durumun, medianın vəziyyətinin müzakirə olunduğunu bildirib.

X.İsmayıl həmməruzəçilərin bu dəfə əvvəlki səfərlərində olduğundan ümidli və nəticəyə köklənmiş göründüyünü müşahidə etdiyini bildirib.

“Siyasi məhbusların azadlığa çıxacağı mövzusunda mənə ümidli göründülər. Onlar hökumətdən bu yöndə addımları gözləyirlər”, X.İsmayıl bildirib.

Hüquq müdafiə təşkilatları Azərbaycanda 160 civarında siyasi məhbusun olduğunu bildirirdilər.Ancaq “Turan” informasiya Agentliyinin direktoru Mehman Əliyevin və Nardaran hadisələrinə görə, tutulanlardan bir qurupunun buraxılmasından sonra bu rəqəmin azaldığı deyilir.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusun olmasi fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Xatırlatma

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları “siyasi motivli” adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də Mehman Əliyev haqqında həbs qəti imkan tədbiri ləğv edilib, o sərbəst buraxılıb.Ancaq cinayət işi davam edir. Üstəlik, agentliyin hesabından həbs götürülməyib.

XS
SM
MD
LG