Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

HRW: «Hökumət bu qapını bir də aça bilər»


Andrea Prasow
Andrea Prasow

-

«ABŞ rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı onu günahsız yerə həbsdə yatan hökumət tənqidçilərini və siyasi fəalları azadlığa buraxmağa çağırmalıdır».

Bu bəyanatla martın 30-da «Human Rights Watch» hüquq müdafiə təşkilatı çıxış edib. «Onlar Əliyevi bu yaxınlarda həbsdən buraxılmış fəallara qadağaları götürməyə, fundamental azadlıqları ciddi şəkildə məhdudlaşdıran qanunları dəyişməyə çağırmalıdırlar» - bəyanatda deyilir.

Prezident Əliyev martın 31-dən aprelin 1-dək Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək. Bu, 2012-ci ildən bəri İlham Əliyevin Birləşmiş Ştatlara ilk səfəridir.

«Azərbaycan ABŞ-ın vacib tərəfdaşı olduğundan, hökumət tənqidçilərinin azadlığa çıxmasına kömək etmək məqsədilə ABŞ hökuməti səsini çıxarmalıdır», - HRW-nin Vaşinqton direktorunun müavini Andrea Prasow deyib. «Obama Administrasiyası və Konqres üzvləri bu vacib fürsəti qaçırmamalı, Əliyevi ölkədə insan haqlarına hücum kampaniyasını bitirməyə həvəsləndirməlidirlər».

FIRLANAN QAPI

Martın 17-də prezidentin əfv fərmanıyla 148 nəfər buraxılıb. Onlardan 13 nəfəri beynəlxalq qurumların siyasi məhbus kimi tanıdığı şəxslər olub.

Bəyanatda həbsdə qalan jurnalist Xədicə İsmayılova, siyasətçi İlqar Məmmədovdan, Leyla və Arif Yunuslara ittihamların qalmasından söz açılır.

«Məhbusların buraxılması uzun müddətdən bəri Azərbaycandan gələn ilk yaxşı xəbər oldu. Ancaq hökuməti siyasi motivlərlə, ədalətsiz şəkildə həbsə atılan hər kəsi buraxmağa çağırırıq… Repressiv qanunlar qüvvədə qaldıqca, hökumət bu fırlanan qapını bir də asanlıqla aça, digər fəallar da həbsə atıla bilər», - Prasow deyib.

Hakimiyyət təmsilçiləri bu bəyanata, hələlik, münasibət bildirməyib. Ancaq indiyədək HRW və bir sıra digər beynəlxalq hüquq müdafiə təşkilatları ölkəyə qarşı «qərəzli qarayaxma kampaniyası» aparmaqda ittiham olunub.

XS
SM
MD
LG