Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:01

İlqar Məmmədov bəraət aldı. Bəs qalan 6 keçmiş məhbus?


İ.Məmmədov
İ.Məmmədov

Bu günlər Avropa Məhkəməsinin qərarlarının icrası problemi yenidən aktuallaşdı. Səbəb Ali Məhkəmənin Plenumunun ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun işinə baxıb, onlar haqqında bəraət və kompensasiya qərarı çıxarması oldu. Çünki Plenum özü də bu işlərə Avropa Məhkəməsinin İ.Məmmədov və R.Cəfərov haqqında çıxardığı qərarlar əsasında, yeni açılmış hal üzrə baxıb, onların təqsirsiz olması qənaətinə gəldi.

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi martın 5-də Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq ilk aralıq qətnaməni qəbul etmişdi. Konvensiyanın 46-cı maddəsi Avropa Şurasına üzv ölkə üçün Avropa Məhkəməsinin qərarlarının icrasının məcburiliyini ehtiva edir. Bu aralıq qətnamə isə İ.Məmmədov və R.Cəfərovun da daxil olduğu 8 nəfərlik qrupun işi üzrə qərarların icra olunmamasına görə idi.

Ali Məhkəmə
Ali Məhkəmə

Cəmi 3 gün qalır...

Qrupdakı digər 6 nəfər isə bunlardır: hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, "Nida" Vətəndaş Hərəkatının İdarə Heyətində təmsil olunmuş Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov Rəşad Həsənov. Adları çəkilən 8 nəfərin hamısının işi üzrə Avropa Məhkəməsi Konvensiyanın 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb. Bu, həm də o anlama gəlir ki, Avropa Məhkəməsi bu şəxslərin həbs olunmasını siyasi motivli hesab edib. Onların Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu da tanımaqla bu şəxslərin həm də ölkə daxilindəki məhkəmələrinin ədalətsiz keçirildiyini təsdiqləyib.

Nazirlər Komitəsi martın 5-də növbəti dəfə Azərbaycan hökumətinə çağırış edərək, bu 8 nəfərin işinə yenidən baxıb, ədalətsiz mühakimə nəticəsində onların üzərindəki məhdudiyyətlərin aradan qaldırılmasına çağırmışdı: "Komitə Azərbaycanın bu qrupdan olan ərizəçilərin hüquqlarını bərpa etməməsindən dərin təəssüf hissi keçirərək, hakimiyyəti bütün 8 ərizəçinin barəsində ittiham hökmünün təxirəsalınmaz şəkildə ləğvini təmin etməyə, mənfi nəticələrin aradan qaldırılmasına, o cümlədən onların mülki və siyasi hüquqlarının tam bərpasına çağırır".

Bu istiqamətdə atılan addımlar barədə hesabat üçün Azərbaycana aprelin 30-na qədər vaxt verilmişdi. Göstərilən müddətin başa çatmasına cəmi üç gün qalıb, amma 8 nəfərdən yalnız İ.Məmmədov və R.Cəfərovun işinə baxılıb.

A.Məmmədli
A.Məmmədli

"Söhbət öhdəliyin yerinə yetirilməməsindən gedir"

Siyahıda adları olan şəxslərdən Anar Məmmədli AzadlıqRadiosuna bildirib ki, onun işinə yenidən baxılıb-baxılmayacağı haqda məlumatı yoxdur. Çünki Ali Məhkəmədən bildiriş almayıb: "Amma Plenum bizim də işimizə baxsaydı, yəqin ki, bildiriş gələrdi. Bu günlərdə İntiqam Əliyevlə danışdım, ona da gəlməyib".

A.Məmmədli ümid edir ki, qalan 6 nəfərin də işinə yenidən baxılıb, onlara da bəraət veriləcək. Bu fikrini də onunla əsaslandırır ki, iyun ayında Nazirlər Komitəsinin növbəti iclası keçiriləcək və toplantıda mütləq 8 nəfərlik qrupla bağlı məsələ də müzakirə olunacaq. Onun fikrincə, bu qrupdan yalnız iki nəfərin işinə baxılıb qərar verilməsi Nazirlər Komitəsini qane edə bilməz: "Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasında olan ölkədir. Əgər Avropa Məhkəməsi bu şəxslərin siyasi motivlərlə məhkum edildiyini təsdiqləyirsə, Azərbaycan üçün də bu Məhkəmənin qərarlarının icrası məcburi xarakter daşıyırsa, icra olunmayanda kuryoz vəziyyət yaranır. Siyasi motivlərlə həbs olunmağımız təsdiqlənir, amma üzərimizdə məhkumluq qalır".

A.Məmmədli yada salır ki, məhkumluğa görə bir sıra məhdudiyyətlərlə üzləşirlər – seçkiyə namizəd kimi qatıla, sərəncamverici orqanda təmsil oluna bilmirlər və s.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanın ödənişində də süründürməçiliklə üzləşmişdi. Amma ötən ilin aprelindən Azərbaycan hökuməti kompensasiyanı hissə-hissə ödəməyə başlayıb: "Nazirlər Komitəsinin iyundakı iclasında mütləq 8 nəfərlik qrupun məsələsi müzakirəyə çıxarılacaq. Komitənin reaksiyası nə olacaq, deyə bilmərəm. Amma ümid edirəm ki, Azərbaycan hökuməti, qərarlar icra olunmasa, Konvensiyanın 46-cı maddəsi üzrə müzakirələrin yenidən gündəmə gəlməsi ehtimalını nəzərdən qaçırmayacaq. Çünki burada söhbət qərarların icrasıyla bağlı dövlətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsindən gedir. Öhdəlik yerinə yetirilməyəndə isə dövlətin Avropa Şurasından çıxarılması məsələsi ortaya çıxır".

Ə.Mustafayev
Ə.Mustafayev

"Nazirlər Komitəsinə yazacağıq"

8 nəfərlik qrupdakı şəxslərdən ikisinin – Üzeyir Məmmədli və Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev bildirir ki, aprelin 30-na qədər 8 işin hamısına baxılıb qərar veriləcəyinə ümid edirdi. Nazirlər Komitəsinin çağırışındakı müddətin tamamlanmasına üç gün qalsa da, məhkəmə bildirişi almadığını deyən vəkil aprelin 30-na qədər qalan 6 işə də baxılacağına inanmır.

"Təxminən 10 gün gözləyəcəyik, əgər baxılmasa, bununla bağlı şikayətimizi Avropa Şurası Nazirlər Komitəsinə yazacağıq. Əslində, 8 nəfərin işi üzrə qərarlar bir-birindən çox da fərqlənmir. Necə ki, Nazirlər Komitəsi qrup olaraq götürüb, Plenum da qrup kimi baxmalıydı. Yalnız iki işə baxılması bəlkə də xronoloji ardıcıllıqla bağlıdır, hissə-hissə baxılır. Hər bir halda, bir az gözləyib, baxılmasa, şikayətimizi göndərəcəyik", – Ə.Mustafayev belə deyir.

Ali Məhkəmədəki mənbə isə AzadlıqRadiosuna bildirib ki, aprelin 30-na qədər adları çəkilən 6 nəfərin işinə baxılmayacaq: "Nəinki aprelin 30-na, hətta mayın 4-nə qədər iş təyin edilməyib. İlqar Məmmədovgilin işinə baxılan gün (aprelin 23-də-red.) Plenum həm də karantin rejimiylə əlaqədar bütün məhkəmələrdə təxirə salınması mümkün olan proseslərin ertələnməsinə qərar verdi. Adlarını çəkdiyiniz şəxslərin (6 nəfər) işi isə təxirə salınmayıb. Onların işi heç təyin edilməmişdi".

Xatırlatma

Aprelin 23-də Ali Məhkəmənin Plenumu ReAL sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun Avropa Məhkəməsinin çıxardığı qərarlar əsasında işinə baxıb. Plenum belə nəticəyə gəlib ki, bu şəxslər barədə yerli məhkəmələrin çıxardığı hökm və qərarlar əsassız, qanunsuz olub, ona görə də barələrindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər ikisinin məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəyəcək.

XS
SM
MD
LG