Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:24

İranlı rejissor: 'Onlar sənə qadağa qoymurlar'


Mohammad Rasoulof
Mohammad Rasoulof

İranlı kinorejissor Mohammad Rasoulof-un altıncı bədii filmi olan «Şər yoxdur» (There is No Evil) builki Berlin kinofestivalında nümayiş olundu. Rasoulof-un bircə filmi də İranda göstərilməyib. Bu ölkədə onun filmləri yasaqlanıb. Buna baxmayaraq, o, İranın ən görkəmli kinorejissorlarından biridir.

2011-ci ildə Rasoulof özünün «Əlvida» (Goodbye) filmi ilə Kann kinofestivalının iki mükafatını qazandı. Eyni ildə həmkarı Jafar Panahi ilə birlikdə 6 illik həbs cəzasına məhkum olundu. Sonradan onun cəzasına xitam verildi və zaminə buraxıldı.

Film İranda ölüm hökmü haqdadır

2017-ci ildə İran rəsmiləri ABŞ-da keçirilən Tellurayd kinofestivalından qayıdan Rasoulof-un pasportunu dərhal müsadirə ediblər. Bu festivalda onun İranda korrupsiya və ədalətsizliyi əks etdirən «Ləyaqətli adam» (A Man of Integrity) nümayiş olunmuşdu. Bu il Rasoulof Berlinə gedə bilməyib. O, Variety saytına İrandan verdiyi müsahibəsində təzyiqlərə duruş gətirməyindən danışıb.

Rejissorun «Şər yoxdur» filmi bir-birilə bağlı dörd hissədən ibarətdir. Film İranda ölüm hökmü haqdadır.

Rasoulof-un özü deyir ki, filmin hissələri ümumən itaətsizlik haqdadır: «Sən sistemə, gücə müqavimət göstərəndə üzərinə götürdüyün məsuliyyət nədən ibarətdir? Öz müqavimətin, «yox» deməyin üçün məsuliyyət daşıyırsan? Bunun üçün ödəməli olduğun bədəl nədir? Əgər özümü misal çəksəm… özümü həyatın bir çox aspektlərindən məhrum etmişəm, ancaq buna şadam və müqavimət göstərməyə davam edirəm. Bu filmdə bunu istədiyim qədər gözəl göstərə bilməsəm də, düşünürəm ki, bu müqavimətin nəticəsi müsbətdir… və o məni içində yaşadığımız absurd və ifrat senzura sisteminə müqaviməti davam etdirməyə sövq edir».

Rasoulof-un sözlərinə görə, onun işləməsinə qadağa qoyulmayıb. «Onlar sənə qadağa qoymurlar; onlar hər dəfə sənə icazə verməməklə və səni işləməyə qoymamaqla sənin həyatını çətinləşdirirlər. Bu, çox mürəkkəb sistemdir. Onlar bunu rəsmən demirlər. Layihənin gözəlliyi də budur. Bu, gücə və senzura sisteminə qarşı kütləvi müqavimətdir. Ətrafımda mənim baxışlarımı paylaşan bütöv bir komandanın olması faktı və mənim sistemə müqavimət göstərmək istəyim bu filmin heç nəyə baxmayaraq ərsəyə gəlməsinə yol açıb», – o deyir.

Həbs cəzasını gözləyir

Rejissor bu filmin çəkilişlərinə başlamaq ərəfəsində həbs cəzası alıb. Bütün çəkiliş prosesi ərzində o, apellyasiya məhkəməsinin qərarlarını gözləyib. Son ana qədər hökmün dəyişəcəyini gözləyirmiş: «Hər səhər telefonumu yoxlayırdım ki, görüm bu layihəni çəkib bitirə biləcəyəmmi… Bu, çox əziyyətli idi, ancaq xoşbəxtlikdən bunun öhdəsindən gəldim və layihəni başa çatdırdım».

Məhkəmənin qərarı ona iki ay öncə, filmin sonuncu hissəsini çəkən zaman çatdırılıb. Apellyasiya məhkəməsi hökmü təsdiq edib və indi onu daha 1 illik həbs cəzası gözləyir. Rasoulof indi də hökmün icrasının başlanmasını gözləyir.

Məhkəmə eyni zamanda onun ölkədən çıxışına da 2 illik qadağa qoyub. Ancaq bu müddətin qərarın verildiyi tarixdən (2019-cu ilin iyulu), yoxsa pasportunun əlindən alındığı vaxtdan (2017-ci ilin sentyabrı) qüvvəyə mindiyini öyrənmək mümkün olmayıb. O, artıq 2 il yarımdır ki, İranı tərk edə bilmir. Berlinə gedə bilmədiyi üçün üzr istəyən Rasoulof orada olub-olmaması haqda seçimin öz əlində olmadığını deyir. «Belə qadağaların tətbiqi İran hökumətinin dözümsüz və despotik mahiyyətini açıq ortaya qoyur», – o deyir.

İran mətbuatında filmin Berlin kinofestivalında nümayiş olunacağı yazılıb. Hətta bir mühafizəkar qəzet Berlinin o qədər də böyük festival olmadığını yazıb. Ancaq rejissor hökumət rəsmilərinin də reaksiya verəcəyini gözləyir.

XS
SM
MD
LG