Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 13:52

Daha bir keçmiş icra başçısının cəzası azaldıldı


İsmayıl Vəliyev
İsmayıl Vəliyev

Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyev haqqında hökm dəyişib. Mayın 23-də Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 6 ay azaldaraq 10 ildən 9 il 6 aya endirib.

Kamil Bəşirovun sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısı ilə birlikdə mühakimə olunan şəxslərdən onun müavini olmuş Gültəkin Sadıqovanın, rayonun Təhsil şöbəsinin keçmiş müdiri Əjdər Kərimovun da cəzasını 6 ay azaldıb. Sadıqovanın cəzası 6 ilə, Kərimovun cəzası isə 8 ilə endirilib.

İttihamlar

Sadıqova istintaq və birinci instansiya məhkəməsində proses gedən dövrdə həbsdə deyildi. O, 2021-ci ilin oktyabrında hökm oxunanda məhkəmə zalında həbs edilmişdi.

Sabiq icra başçısı və onunla birlikdə mühakimə olunan vəzifəli şəxslər külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərdə suçlanır.

Bu iş üzrə məhkəmə qarşısında dayananlar arasında icra başçısının birinci müavini olmuş Vurğun Əkbərov, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Neftçala rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov da var. Onlara 8 ildən 9 ilə qədər həbs cəzası kəsilib.

İsmayıl Vəliyev 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olub. O, həbsindən üç ay öncə prezidentin sərəncamıyla 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

O, məhkəmədə ifadəsində özünü qismən – səhlənkarlığa görə təqsirli bildiyini deyib.

Xatırlatma

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Həbs olunanlardan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il azadlıqdan məhrum edilsə də, hökmdən az sonra koronavirusa yoluxub və sentyabrın 5-də vəfat edib.

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədova Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 3 ay həbs cəzası kəsilsə də, sonradan Şəki Apellyasiya Məhkəməsi müddəti 6 ilə endirmişdi.

XS
SM
MD
LG