Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:48

'İqtisadi inkişaf'la öyünən prezident problemləri görmürmü? - Şərh


İsa Qəmbər
İsa Qəmbər

İ.Qəmbər: «Azərbaycanda ölkəni pis idarə etməyin nümunəsi var»

«Dövlət başçısı İlham Əliyevin dedikləri həqiqətə tamamilə ziddir. Əliyev rejimi dünyada ölkəni pis idarə etməyin nümunəsi kimi tanınır və Azərbaycanın idarə olunmasının ən mənfi səhifəsi kimi tarixdə qalacaq».

SMDM rəhbəri İsa Qəmbər bunu AzadlıqRadiosuna dövlət başçısı İ.Əliyevin martın 28-də Saatlı rayonuna səfəri zamanı pambıqçılıqla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirləri dəyərləndirərkən deyib.

***Buna da bax-Prezident: 'Biz nümunə göstəririk...'

«Polis zorakılığı, sifarişli məhkəmələr, siyasi və iqtisadi azadlıqların boğulması nəticəsində cəmiyyəti müvəqqəti susdura bilərlər. Amma bununla nə problemlərin həlli, nə də vəziyyətin gizlədilməsi mümkündür»,- deyə SMDM rəhbəri bildirib.

Prezident bir gün əvvəl müşavirədəki çıxışında demişdi ki, Azərbaycanda idarəçilik bütün dünyaya nümunə ola bilər.

«Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir. Vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir»,-deyə o, qeyd edirdi.

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert: «Görünən kəndə nə bələdçi...»

«Ölkənin ciddi problemlər yaşaması haqda xüsusi nəsə söyləməyə ehtiyac yoxdur. Bu, göz önündədir. Elə hökumətin öz göstərdiyi rəqəmlər problemlərin olduğunu sübut edir».

Bunu AzadlıqRadiosuna iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı 2016-cı ildə Ümum Daxili Məhsulun (ÜDM) 3.8 azalmasının MDB-də ən pis, dünyada isə 10 ən pis göstərici sırasında olduğunu söyləyib.

Ekspert deyib ki, 2017-ci ilin büdcəsi son 10 ilin ən kiçik büdcəsidir: «Məsələ təkcə büdcənin azalmasında deyil. Dünyada bütün hesabatlar dollarla aparılır. Dollar ekvivalentindəki göstəricilərlə orta əmək haqları, təqaüdlər, müavinətlər azalıb. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, bahalaşma dayanmır, yəni problemlər çoxdur».

***Buna da bax-İ.Əliyev: 'Dünyada ən yüksək inkişaf göstəriciləri bizdədir'

Ekspert hesab edir ki, ölkənin bank sistemi ciddi narahatlıq doğurur: «Bütün kreditlərin 9 faizinin qaytarılmasına ümid yoxdur. Amma bir çox ekspertlər bu rəqəmin 25 faizi bərabər olduğunu bildirirlər. Faktiki olaraq, kreditləşmə prosesi dayanıb. Banklar irihəcmli valyuta alqı-satqı məntəqəsinə dönüblər».

İqtisadçının deməsinə görə, idarəetmə sistemində də ciddi problemlər var: «Odur ki, islahatlar həm idarəetmə, həm də iqtisadi sahədə aparılmalıdır. Başqa halda problemin həlli görünmür».

N.Cəfərlinin fikrincə, iqtisadi inkişaf barədə deyilənlər təbliğata xidmət edir.

Dünən, martın 28-i Saatlı rayonunda pambıqçılıqla bağlı keçirilən müşavirədə isə prezident İlham Əliyev demişdi ki, dünyada ən yüksək inkişaf göstəriciləri Azərbaycandadır.

Prezidentin deməsinə görə, Azərbaycandakı idarəçilik dünyaya nümunə göstərilə bilər.

O qeyd edib ki, ən mötəbər dünya forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. «Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq...».

XS
SM
MD
LG