Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:50

Prezident iqtisadi göstəriciləri müsbət sayır, amma...


İqtisadi məsələlərə həsr olunmuş müşavirə
İqtisadi məsələlərə həsr olunmuş müşavirə

Sentyabrın 26-da Azərbaycanda iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə prezident İlham Əliyev 8 aylıq iqtisadi göstəriciləri uğurlu sayıb. "İqtisadi artım 4.3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və, ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir", - o vurğulayıb.

Qeyri-neft sektorunda 7 faiz artım olduğunu deyən prezident sonra da belə bir qiymətləndirmə aparıb: "Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir".

Son illər neft hasilatının azalmasından bəhs edən prezident daha sonra da belə bir ümidini ifadə edib: "Bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil, ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin olunmalıdır".

O vurğulayıb ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində iş gedir.

Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

"Qeyri-neft sektoru hələ çox aşağıdır"

İqtisadçı, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, qeyri-neft sektorunun ilkin rəqəmləri, iqtisadiyyatda xüsusi çəkisi o qədər aşağı idi ki, indi rəqəmsal olaraq bu, nisbətən daha yaxşı görsənir: "Bu nöqteyi-nəzərdən, qeyri-neft sektorunun artması yaxşı tendensiyadır. Amma ümumi ölkə iqtisadiyyatının içində xüsusi çəkiyə baxanda qeyri-neft sektoru hələ çox aşağıdır. Məsələn, xarici ticarətə baxanda 90 faiz, büdcənin formalaşmasında yarıdan çoxu hələ neft-qaz sektorudur. Bütün bunlar onu göstərir ki, qeyri-neft sektorunda inkişaf olsa da, neftdən asılılıq hələ ki çoxdur".

Onun sözlərinə görə, əsas hədəflərdən biri neft hasilatının aşağı düşməsinin qarşısını almaqdır: "Ondan sonra imkan daxilində investisiyaları yatırmaqla hasilatın templərini bərpa etməkdir. İndiki addımlar da hasilatın kəskin enişinin qarşısını ala bilər. Amma əvvəlki, pik dövrünün neft hasilatı Azərbaycanda bir də heç vaxt olmayacaq".

N.Cəfərli hesab edir ki, neft hasilatının artırılması üçün ciddi investisiyalar lazımdır: "Azərbaycanda dərin qatlarında neft var, amma onun hasilatı daha baha başa gəlir və daha çox investisiya tələb edir".

Xatırlatma

Bu il sentyabrın 20-də "Əsrin neft müqavələsi"nin 30-cu ili tamam olur.

2017-ci il sentyabrın 14-də bu müqavilənin müddəti (əvvəl 30 illik bağlanmışdı) 2050-ci ilə qədər uzadılıb. Söhbət "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən gedir. Orada şirkətlərin iştirak payları hazırda belədir: BP (30.37%), SOCAR (25%), MOL (9.57%), "INPEX Corporation" (9.31%), "Equinor" (7.27%), "ExxonMobil" (6.79%), "TPAO Turkish Petroleum Corp." (5.73%), "ITOCHU International Inc." (3.65%), "ONGC Videsh Ltd." (2.31%).

Ötən il Azərbaycanda neft hasilatı 30 milyon ton olub. Müqavilənin ilk dönəmində bəzi illər bu rəqəm 50 milyon ton civarında dəyişib.

"Əsrin neft müqaviləsi"ndən Azərbaycan indiyə kimi birbaşa 200 milyard ABŞ dollarından çox vəsait əldə edib. Neft Fondunda hazırda 58 milyard dollar var. Fonddakı vəsaitlərin böyük bir qisminin büdcəyə transfert edildiyi, yerli və Azərbaycan üçün əhəmiyyətli bir sıra beynəlxalq layihələrin maliyyələşdirilməsinə xərcləndiyi açıqlanıb. Amma müxalifət partiyaları hesab edir ki, ölkəyə gələn neft pullarının bir hissəsi də "korrupsiyanın yemi olub".

XS
SM
MD
LG