Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:35

Milli Teatr -143: İlk tamaşa belə baş tutdu...


Bu tarix Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi də qəbul olunub.
Bu tarix Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi də qəbul olunub.

-

Bu gün – 10 mart Azərbaycan teatrının yaranış günüdür.

1873-cü il martın 10-da Bakıda ilk dəfə ana dilində tamaşa oynanıb.

AZƏRBAYCAN TÜRKCƏSİNDƏ İLK TAMAŞA...

Əhvalat belə olub.

Bakı Real Məktəbinin son sinfində oxuyan Nəcəf bəy Vəzirov Azərbaycan türkcəsində tamaşa oynamaq fikrini müəllimi Həsən bəy Məlikov-Zərdabiyə bildirib.

Nəcəf bəy Bakıda rus dilindəki tamaşalara çox baxmışdı və təbii ki, öz dilində teatr tamaşasının yoxluğuna üzülürdü.

Tanınmış teatr araşdırıcısı İlham Rəhimlinin yazdığına görə, şagirdinin yanğısını görən Həsən bəy Zərdabi oxuyub tanış olmaq və oynamağa bir məsxərə seçmək üçün Mirzə Fətəli Axundzadənin «Təmsilat»ını şagirdinə verib.

«LƏNKƏRAN XANININ VƏZİRİ» NOVRUZ ÜÇÜN HAZIRLANIB

Nəcəf bəy «Lənkəran xanının vəziri» komediyasını seçib.

Tezliklə məhz onun rəhbərliyi və təşkilatçılığı ilə şagirdlər əsəri tamaşaya hazırlamağa başlayıblar.

Həsən bəy isə məşqlərə müəllim və nəzarətçi kimi qatılıb.

«Lənkəran xanının vəziri» tamaşası Novruz bayramı ərəfəsində hazırlanıb.

İlk tamaşa martın 10-da «Nəciblər klubu» binasında («Sobraniye» binası) göstərilib.

Araşdırıcının bildirdiyinə görə, afişada əsərin adı «Sərgüzəşti-vəziri-xani Sərab» yazılıb.

İLK TAMAŞANIN-XIX ƏSRİN ULDUZLARI...

Tamaşada əsas rolları məktəbin şagirdləri Əlyar (Lənkəran xanının vəziri), Səməd (vəzir Mirzə Həbib), Nəcəf (Ziba xanım), Əsgər (Nisə xanım) oynayıblar.

Afişada göstərilən «Nəcəf» – gələcəyin böyük dramaturqu Nəcəf bəy Vəzirov, «Adıgözəl»sə gələcəyin tanınmış ictimai xadimi və «Qara yellər» romanının müəllifiƏsgər ağa Adıgözəlov- Goranidir.

TAMAŞADAN «KAFKAZ» QƏZETİ YAZDI!

Tiflisdə çıxan «Kafkaz» qəzeti həmin il martın 25-də çıxan sayında ilk milli teatr tamaşası barədə ətraflı xəbər yayıb.

Qəzet yazıb ki, teatr tamaşası hazırlamaqda məqsəd müsəlman əhlinə zövq vermək və yığılan pulun xeyriyyə məqsədilə sərfinə çalışmaqdır.

İLK TAMAŞADAN 150 MANAT YIĞILDI!

Tamaşadan 150 manat pul yığılıb.

İlham Rəhimli teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması, yoxsul şagirdlərə paylanması ənənəsinin ovaxtdan başlandığını vurğulayır.

CÜMHURİYYƏT DÖNƏMİ-«DÖVLƏT TEATROSU»

Beləliklə, 10 mart 1873-cü il Azərbaycan milli peşəkar teatrının doğum günü sayılır.

Bu tarix Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi də qəbul olunub. Çünki uzun illər Bakıda fəaliyyət göstərən həvəskar truppalar məhz 1919-cu ildə - Cümhuriyyət dönəmində birləşərək «Dövlət Teatrosu» adlanıb.

İKİNCİ TAMAŞA-«HACI QARA»

Bəzən internet məkanında ilk tamaşanın «Hacı Qara» olduğu barədə yanlış bilgilər dolaşır.

Əslində isə, «Hacı Qara» Bakı Real Məktəbi şagirdlərinin hazırladığı ikinci tamaşadır.

Yenə Nəcəf bəyin təşkilatçılığı ilə hazırlanan tamaşa həmin il aprelin 17-də oynanıb.

Həsən bəy Zərdabi hər iki əsərin tamaşaya qoyulduğu xəbərini məktubla 1873-cü il iyunun 13-də Tiflisdə yaşayan Mirzə Fətəli Axundzadəyə bildirib və payızda - şagirdlər qayıdandan sonra onun başqa bir əsərini tamaşaya qoyacaqlarını vəd edib.

İLKLƏRƏ İMZA ATANLARIN RUHUNA MİN RƏHMƏT!

Amma Həsən bəyin bu arzusu gerçəkləşməyib.

Nəcəf bəy Vəzirov Peterburqa, daha sonra Moskvaya ali təhsil almağa gedib.

Həsən bəy Zərdabi isə əsas gücünü və səyini ana dilində daha bir önəmli məsələyə - ilk qəzetin nəşrinə yönəldib.

Və sevgili Həsən bəyin bu səyi iki il sonra «Əkinçi» qəzetinin çıxmasıyla nəticələnib.

Milli Teatr qurucularının ruhuna min rəhmət!

Milli teatr Günümüz mübarək!

XS
SM
MD
LG