Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:18

İlkin Süleymanov: ‘Mənim qaçmaq niyyətim heç vaxt olmayıb’


İlkin Süleymanovun məhkəməsi
İlkin Süleymanovun məhkəməsi

Təqsirləndirilən İlkin Süleymanovun ailə üzvləri AzadlıqRadiosuna bildiriblər ki, hər keçən məhkəmə iclasında onun təqsirsiz olduğu bir daha üzə çıxır

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb, 47 gün sonra öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanova qarşı sui-qəsd planlaşdırılması haqda məlumat yayılıb.

Bu barədə aprelin 11-də məhkəmədə onun vəkili Əlibaba Rzayev məlumat verib. Müdafiəçi bildirib ki, müvəkkilini həbsdə öldürüb, hadisəni isə intihar kimi rəsmiləşdirmək planı haqda mötəbər mənbələrdən informasiya alıblar.

“İlkin Süleymanovun özünü öldürmək, özünə xəsarət yetirmək, yaxud da həbsdən qaçmaq kimi niyyəti yoxdur. Əksinə, İlkin təqsirsizdir və bəraətini almaqda israrlıdır. Ümidlidir ki, məhkəmə bu işə ədalətli baxıb, qanuni hökm çıxaracaq. Ona görə də İlkin bildirir ki, ona qarşı sui-qəsd, yaxud başqa bir xoşagəlməz hadisə baş versə, ona qarşı təxribat olacaq”, - vəkil belə deyib.

“Anlamıram ki, niyə şəklimi ora vurublar”

Süleymanov deyir ki, istintaq təcridxanasında onun adını qaçmağa meylli məhbusların siyahısına daxil edib, fotosunu da divara vurublar. Onun sözlərinə görə, vəkili Zabil Qəhrəmanov bu barədə ona məlumat verib:

“Mənim qaçmaq niyyətim heç vaxt olmayıb. Anlamıram ki, niyə şəklimi ora vurublar. Bu məsələ məni narahat edir. Xahiş edirəm, araşdırılsın…”

Vəkilləri isə bildirib ki, onu öldürüb, qaçmaq cəhdinə görə zərərsizləşdirilməsi kimi təqdim olunması da versiyalardan biridir.

Meyit tapılan gün

Məhkəmə prosesində təqsirləndirilən şəxsin əmisi oğlu, keçmiş polis əməkdaşı Murad Süleymanovun dindirməsi yekunlaşıb. O, budəfəki dindirmə zamanı deyib ki, yanmış meyit tapılan gün – 2020-ci il yanvarın 6-da Nərminin anası Aynurə İsmayılovanı iki dəfə görüb. Səhər polis şöbəsində, günorta saatlarında isə öz evlərinin qarşısında:

“Səhər polis şöbəsində görəndə demişdi ki, rəisdən pul almağa gəlmişəm. Günorta onların qonşuluğunda yaşayan Şahingilə getmişdim. Çıxanda Aynurəni evlərinin yanında gördüm. Soruşdum ki, nə oldu, rəisdən pul ala bildin? Dedi ki, yox, vermədi...”

Süleymanov onu da bildirib ki, Tovuzun ovaxtkı polis rəisi Şirzad Əsgərov ətrafdakı adamları tapıb, onların əl-barmaq izlərini götürməyə yardım etməsini tələb edib. İstintaq bölməsinin rəisi Nazim Məmmədov və Faiq adlı ekspert Murad Süleymanovgilin evində 10 nəfər adamın əl-barmaq izlərini götürüb:

“Şirzad Əsgərov demişdi ki, meyitin kürəyində əl izi var, ona görə lazımdır”.

Vəkil Rzayev isə deyir ki, meyitin kürəyində əl-barmaq izləri olması haqda heç bir sənədə rast gəlməyib.

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

“İlkini aradan götürüb…”

Təqsirləndirilən İlkin Süleymanovun ailə üzvləri AzadlıqRadiosuna bildiriblər ki, hər keçən məhkəmə iclasında onun təqsirsiz olduğu bir daha üzə çıxır:

“Gün kimi aydındır ki, bu cinayətin İlkinə aidiyyəti yoxdur. Onu bu qədər sübutlara baxmayaraq, məhkum eləmək qanunları tapdamaq, ictimaiyyəti saya salmamaq anlamına gələcək. Ona görə də görünür, ən yaxşı yol kimi, İlkini aradan götürüb, intihar kimi təqdim eləmək istəyirlər”, - qardaşı İlkin Süleymanov belə deyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə AzadlıqRadiosu-na bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan bütün şəxslərin təhlükəsizliyi təmin olunur. Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxsə qarşı sui-qəsd planlaşdırılması haqda iddiaların heç bir əsası yoxdur.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur.

Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG