Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:52

İmişlidə 'Asan həyat' tikənlərin həyatı necə 'çətinə' düşüb


İmişlidə inşa edilən “Asan həyat” kompleksi.
İmişlidə inşa edilən “Asan həyat” kompleksi.

İmişli şəhərində inşa edilən “Asan həyat” kompleksində yaranan narazılıq kütləvi aksiyaya, onlarla adamın iş yerini itirməsinə və sonda obyektdə tikinti işlərinin dayanmasına səbəb olub.

Bu barədə AzadlıqRadiosu-na həmin müəssisədə işləmiş usta və fəhlələr bildirib.

Onların sözlərinə görə, uzun müddətdir əməkhaqlarını ala bilmədiklərindən, iyulun 6-da obyektin qarşısından keçən avtomobil yolunu bağlamaqla etiraz ediblər. Polis aksiyanı yatırarkən etirazçılardan 4 nəfərini, habelə 2 iş icraçısını saxlayıb. Hadisə yerinə İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri gəlib və işçilərlə danışıq aparılıb.

Buna da bax: İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

“ALDIQLARI PULLA CƏRİMƏ ÖDƏDİLƏR”

Adının açıqlanmasını istəməyən fəhlələrdən biri danışır ki, aksiyadan sonra əməkhaqları ödənilib:

“Asan həyat” kompleksinin məlumat güşəsi
“Asan həyat” kompleksinin məlumat güşəsi

“İyulun 7-dən başlayaraq pulumuzu verirlər. Amma bəzilərinin əməkhaqqını tam həcmdə ödəmədilər- kiminin 50, kiminin 100 manatını saxlayıblar. Hərə bir rayondandır, bu kiçik məbləğə görə günlərlə qalmaq sərf etmir deyə çıxıb gedirlər. Axı iş də dayanıb. Saxlanılanlar da aldıqları pulla cərimə ödədikdən sonra sərbəst buraxılıb”.

Başqa bir fəhlə bildirir ki, onları İmişliyə dəvət edən podratçı təşkilatlarla müqavilə ləğv edildiyindən bu vaxtadək müəssisədə çalışanların hamısı iş yerini itirib:

Buna da bax: İcra hakimiyyətləri pambıq əkməyə girişib

“Tikintini başqa şirkətlər davam etdirəcək, yeni işçiləri də onlar özləri götürəcək. Təxminən 80 nəfər iş yerini itirdi. Hətta saxlasaydılar, çox az adam burada qalmağa razılaşardı. Çünki bizimlə nə əmək, nə də xidməti müqavilə bağlanılıb. Bu səbəbdən yenə də pulumuzu verməyə bilərdilər”.

“MƏSƏLƏNİ ARAŞDIRACAĞIQ”

İmişli şəhərində inşasına başlanılmış 3881 kv/m. sahəsi, 19 metr hündürlüyü olacaq 4 mərtəbəli obyektin tikintisinin sifarişçisi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Tikinti işləri isə “KIM CONSTRUCTION” MMC-yə həvalə edilib. Adıçəkilən podratçı təşkilat 2014-cü ildə yaradılıb və əsasən yaşayış binaları, mehmanxanalar, ticarət və biznes mərkəzləri, hərbi və sənaye obyektlərinin tikintisi üzrə ixtisaslaşıb. İndiyədək “Asan xidmət” üçün binaların tikintisini də məhz bu müəssisə aparıb.

Buna da bax: Fermerlər ötənilki pambığın yığım pulunu almayıblar

Şirkətin baş mühasibi Mətləb Məmmədrzayev bildirir ki, İmişlidəki “Asan həyat” komleksində baş verənlərə görə onlar birbaşa cavabdehlik daşımır:

“Şirkətimiz indiyədək Bərdə, Sabirabad və Masallıda “Asan xidmət” üçün “Mərkəz”lər tikib. Hazırda 4 şəhərdə – Quba, Mingəçevir, İmişli və Şəkidə bu işlər gedir. İmişlidəki “Asan həyat” kompleksinin tikintisini başqa bir şirkətə ötürmüşük. Heç deyim ki, burada biznes marağımız da olmayıb – dövlət tərəfindən bizə ayrılmış vəsaiti tam həcmdə ona ödəmişik, bu işdə 1 qəpik də xeyrimiz olmayıb. Ona görə orada yaranan problemlərə həmin təşkilat cavabdehlik daşıyır. Amma dedikləriniz yetərincə ciddi məlumat olduğundan, bu məsələni araşdıracağıq”.

XS
SM
MD
LG