Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:35

İqtisadçı: 'Hökumət nümunə götürmədi'


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazirlər Kabineti aprelin 4-də Azərbaycan Prezidenti-nin bu il martin 19-da verdiyi sərəncamının icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Söhbət koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncamından gedir. Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Habelə, sənəddə 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi də açıqlanıb.Onlara da ümumilikdə 80 milyon manat maliyyə dəstəyi verilməlidir.

Eyni zamanda, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək. Həmçinin, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Planda başqa məsələlər də yer alır. Prezident məlum sərəncamının icrası məqsədi ilə 1 milyard manat ayırmışdı.

Nazirlər Kabinetinin binası, Bakı, arxiv foto
Nazirlər Kabinetinin binası, Bakı, arxiv foto

İqtisadçı Nazim Bəydəmirli Nazirlər Kabinetinin aprelin 4-də açıqladığı Tədbirlər Planında fərdə və ailəyə yönəlik müddəaların olmadığından təəssüflənib. Bu barədə AzadliqRadiosuna danışan Nazim Bəydəmirli hesab edir ki, özəl sektora ayrılan vəsait də kifayət qədər deyil:

“ Təkcə dövlətin tabeçiliyində, dövlət mülkiyyətində olan sərnişindaşıma ilə bağlı ayrılan vəsait daha çoxdur, 280 milyon manat onlara ayrılıb. Beləliklə, hökumət dövlət qurumlarına daha çox dəstək verir, nəinki özəl sektora. Hamı da özəl sektorda məşğullluq səviyyəsinin qeydiyyat nöqteyi-nəzərindən aşağı olduğunu bilir”.

“Əksər məşğul əhali “kölgə iqtisadiyyatı”ndadır”

Nazim Bəydəmirli-nin sözlərinə görə, hökumətin adlandırdığı “kölgə iqtisadiyyatı” heç də vətəndaşların istəyindən irəli gəlməyib, illər boyu aparılan məmur sahibkarlığına və inhisarçılığa dəstək indiki mənzərəni yaradıb.Onun fikrincə, əksər məşğul əhali “kölgə iqtisadiyyatı”ndadır: “Ona görə də əsas məşğul əhalinin mühüm hissəsi yardım paketindən yararlanmayacaq. Elə Prezidentin İqtisadiyyat nazirini qəbul edərkən (martın 31-də) bunun işartıları görünürdü. Ancaq ümid edirdik ki, vətəndaşların sosial şəbəkədə və mediada narahatlıqları, o cümlədən, qonşu respublikalarda atılan addımlar Azərbaycan hökumətini də buna təşviq edəcək”

“Hökumət başqa dövlətlərdə olduğu kimi nümunə götürmədi”

Nazim Bəydəmirli təəssüflə bildirib ki, elektrik enerjisi tarifinin 100 kvts artırılmasından başqa ciddi mənzərə görməyib:

“Bu da bir daha onu təsdiqləyir ki, hökumət başqa dövlətlərdə olduğu kimi işsizlərə, özəl sektora, ailələrə yardım paketindən nümunə götürmədi. Daha çox banklara, iri şirkətlərə dəstək verəcək. Kredit faizlərinin azaldılması da kiçik və orta sahibkarlara deyil, həmin bankların özlərinə sərf edəcək. Sual olunur ki, niyə faizlər bu qədər artıqdır, çünki rəqabət yoxdur.

Məsələnin mahiyyətinə gəldikdə, məlum olur ki, iqtisadi situasiya yenə də əvvəlki illərdə olduğu kimi pis olacaq”.
Vüsal Qasımlı, arxiv foto
Vüsal Qasımlı, arxiv foto

Ancaq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dəstək paketində özəl sektora da yardımın olduğunu qeyd edib. Bu barədə Vüsal Qasımlı rəhbəri olduğu mərkəzin saytında yazıb. O, xatırladıb ki, pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Yazıda qeyd edilib ki, pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümumi məbləği 115 milyon manat təşkil edir: “Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən ( əlavə dəyər vergisindən) müddətli azad edilməsi və s. daxildir.”

Həkim: 'Qızdırmalı xəstələrə adi maska ilə baxırıq, bizə tibbi spirt də verilmir'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

“Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək”

Mərkəz sədri sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyinin veriləcəyini də təsdiqləyib:

“Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır. 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək”.

“ Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq”

Vüsal Qasımlı kreditlərlə bağlı bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların bu il martın 10-na kimi 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10 faizi subsidiyalaşdırılacaq:

“ Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq. Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq”

“ Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq. Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq”

V.Qasımlı əhaliyə güzəştli elktrik limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılmasını vurğulayaraq əlavə edib ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün də 40 milyon manat nəzərdə tutulub.

Günəmuzd işləyənlərin pulsuzluq dərdi
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 65 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Azərbaycanda indiyə qədər ümumilikdə 584 şəxsin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 32 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin isə vəfat etdiyi bildirilib.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Bu gün, aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG