Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 13:27

İran səfiri Fatimeyi Zəhra haqqında filmi pisləyib


İranın Britaniyadakı səfiri Həmid Baeydinejad
İranın Britaniyadakı səfiri Həmid Baeydinejad

İranın Londondakı səfiri Britaniyada mənzillənmiş şirkət tərəfindən çəkilmiş filmi pisləyib.

Səfir bildirib ki, bu film Məhəmməd peyğəmbərin dini təliminə kölgə salır.

Rejissor Eli Kinqin çəkdiyi “Behiştin Banusu” (The Lady of Heaven) filmi müharibə dövründə yaşayan bir iraqlı uşaqdan bəhs edir.

Bu uşaq peyğmbərin qızı Fatimeyi Zəhradan səbirli olmağın mühümlüyünü öyrənir.

İranın Britaniyadakı səfiri Həmid Baeydinejad Birləşmiş Krallıqdakı müsəlman mərkəzlərinə müraciət edib.

O fevralın 1-də Twitter-də yazıb:

“Birləşmiş Krallıqdakı şiə və sünni İslam mərkəzlərinə məktubumda mən bu filmi belə bir həssas zamanda müsəlmanlar arasında ixtilaf və nifrət yaratmaq cəhdinə görə tənqid etmişəm”.

Baeydinejad həm sünniləri, həm də şiələri “ayıq-sayıq olmağa, bu filmin pislənməsində həmrəylik nümayiş etdirməyə və onun Britaniyada qadağan edilməsi üçün hüquqi addımlar atmağa çağırıb.

Bir sıra İran ruhaniləri bu filmi tənqid ediblər. Onların fikrincə film şiələr və sünilər arasında düşmənçilik yaratmağa hesablanıb.

Film Pakistanda da pislənib. Bu ölkənin telekommunikasiya rəsmiləri ötən ay bütün sosial media platformlarına “küfrlü filmi” bloklamaq tapşırığı veriblər.

Film ekranlara ötən il, dekabrın 29-da buraxılıb.

İranın ali ruhanilərindən ayətüllahlar Naser Məkərrəm Şirazi və Lütfüllah Safi Qolpayeqani filmi bundan əvvəl tənqid etmişdilər.

Küveyt vətəndaşlığından məhrum edilib

İranın ingilisdilli Tehran Times qəzeti yazır ki, filmin süjeti İslam Dövləti ekstremist təşkilatının İraq və Suriyada törətdiyi cinayətlər üzərində qurulub.

Filmin ssenari müəllifi Şeyx Yaser əl-Həbibdir. O Küveytin sünni müsəlman ruhanilərindəndir və Londonda mənzillənmiş Xoddəm əl-Mehdi təşkilatına başçılıq edir.

Qəzet yazır ki, əl-Həbib 2010-cu ildə Aişəni “Allahın düşməni” adlandırmaqla sünni müsəlmanları hiddətləndirmiş və nəticədə Küveyt vətəndaşlığından məhrum edilmişdi.

Bundan sonra İranın ali rəhbəri ayətüllah Əli Xameneyi şiə və sünnilər arasında yaranmış gərginliyi aradan qaldırmaq üçün Məhəmməd peyğəmbər də daxil ümumiyyətlə bütün peyğəmbərlərin arvadlarını tənqid etməyi qadağan edən fətva vermişdi.

Lakin əl-Həbib israr edir ki, onu filmi sevgi və sülh mesajı verir.

XS
SM
MD
LG