Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:39

İran neft hasilatını dondurmasa…


İranda neft sahəsi
İranda neft sahəsi

-

İran ümidini neft hasilatını dondurmağa bağlayan ölkələrin arzusunu puça çıxara bilər. Bu ölkənin neft naziri Bijan Namdar Zanganeh deyib ki, İranın neft hasilatı gündəlik 4 milyon barrelə çatandan sonra iri neft istehsalçıları ilə hasilatı dondurmaq barədə müzakirə aparılacaq.

Bir müddət əvvəl Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını 12 yanvar səviyyəsində dondurmaq barədə ilkin razılığa gəldilər. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) bir çox üzvü də bu qərarı dəstəklədi. Martın əvvəllərində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də bildirdi ki, Azərbaycan bəzi OPEK ölkələrinin neft hasilatı dondurmaq təşəbbüsünü dəstəkləyir.

Di gəl, yenicə sanksiyalardan qurtulan İrandan həmin təşəbbüsə dəstək gəlmədi. Bu baxımdan iqtisadiyyatı neftdən asılı ölkələri bir sual rahatsız edir: İranın davranışı «Qara qızıl»ın qiymətinə necə təsir göstərəcək?

RUSİYANIN SÖZLÜ MÜDAXİLƏSİ...

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Rusiyanın neft bazarına sözlü müdaxiləsi fiaskoya uğramaq üzrədir: «Son günlər Rusiya TV kanalları «Putin neftin qiymətini qaldırdı», «Bunu ancaq Putin bacarardı», «Putin neft bazarında həlledici söz sahibi oldu» kimi başlıqlarla təbliğat aparırdı. Amma hamı bilirdi ki, Rusiya-OPEK danışıqları ciddi nəticə verməyəcək. Bu gün neft bazarında, nə qədər qəribə səslənsə də, həlledici söz sahibi İrandır, ən böyük qlobal oyunçu isə ABŞ olaraq qalır».

Ekspert deyir ki, artıq Rusiya bu danışıqlarda İranı itirib: «İran bu il martın 20-dək neft ixracatını gündəlik 2 milyon barrelə çatdıracaq. Neft bazarında maraqlı günlər yaşanacaq».

«BU MƏSƏLƏDƏ İRANIN BAŞINI ALDATMAQ MÜMKÜN OLMAYACAQ»

Ekspert Zöhrab İsmayılın sözlərinə görə, Rusiya hasilatını zirvə həddinə çatdırdığından indi hasilatı dondurmağa meyllənib: «Amma İran üzərindən sanksiyalar yenicə qaldırılıb. İran hasilatını bərpa etməmiş, bu danışıqlara qatıla bilməz. Əks halda, özü-özünə sanksiya qoymuş olur. İran deyir ki, hasilatı gündəlik 4 milyon barrelə çatdırmayınca bu prosesdə iştirak edə bilmərəm. Başqa cür də ola bilməzdi. Bu məsələdə İranın başını aldatmaq mümkün olmayacaq».

Z.İsmayılın fikrincə, İranın bu qərarı neftin qiymətinə təsir göstərəcək: «İran bəyan etdiyi kimi, hasilatı 4 milyon barelə çatdırarsa, bu, ən azından, neftin bahalaşma tendensiyasının qarşısını ala bilər».

XS
SM
MD
LG