Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

İranda 'bədbəxtlik' artdıqca insanların dirənişi də çoxalır


Son illərdə iranlılar durmadan artan inflyasiya və işsizliklə üz-üzə qalıblar.
Son illərdə iranlılar durmadan artan inflyasiya və işsizliklə üz-üzə qalıblar.

Dövlətdən maliyyələşən İran Statistika Mərkəzinin ən son rüblük hesabatında İranın "səfalət indeksi" 60 faizi ötüb. Bu indeks inflyasiya və işsizlik rəqəmlərini nəzərə alaraq hesablanır və cinayətkarlıq səviyyəsindən tutmuş, iqtisadi durğunluğadək bir çox məqamın proqnozlaşdırılması zamanı istifadə edilir. Son hesabatın nəticələrinə görə, "səfalət indeksi" ötən rüblə müqayisədə 1.2 faiz artıb. Bu indeksin ən yüksək (69.5 faiz) olduğu bölgə Luristan əyalətidir. Son illərdə həmin əyalətdə su qıtlığı zorakılıqla müşayiət olunan etiraz nümayişləri doğurur. Luristan eyni zamanda İranın inflyasiya və işsizlik səviyyəsinin ən yüksək olduğu əyalətlərindən biridir. Hökumət daha yaxşı həyat axtarışında xaricə köçməyə çalışan vətəndaşların sayca artmasından rahatsızdır. Çox sayda insanın ölkədən getməsi kapital, peşəkar kadr və işçi qüvvəsi itkisi deməkdir. Hökumətin keçirdiyi bir sorğuda iri şəhərlərdə yaşayan alitəhsilli, maddi imkanlara sahib cavan kişilərin ölkədən getməyi ən çox istəyən kəsim olduğu üzə çıxıb.

Hökumətin qəddar hücumları ara vermir

AzadlıqRadiosu bu sənədin doğruluq dərəcəsini yoxlaya bilməyib. Son bir ildə texnologiya, tibb və təhsil mütəxəssislərinin ölkədən kütləvi axını qeydə alınıb. ABŞ-ın 2018-ci ildə böyük dövlətlərlə 2015-ci ildə bağlanmış nüvə sazişindən birtərəfli qaydada imtina etməsindən sonra İranın onsuz da bərbad iqtisadiyyatı yenidən çətin duruma düşdü.

Bundan başqa, son illərdə iranlılar durmadan artan inflyasiya və işsizliklə üz-üzə qalıblar. Ölkədə su qıtlığından bezən sənaye işçiləri və fermerlərin, eləcə də dini hakimiyyətə qarşı çıxan "Qadın, həyat, azadlıq!" hərəkatı tərəfdarlarının etirazlarının amansızlıqla yatırılması da vətəndaşları ölkəni birdəfəlik tərk etmək barədə düşünməyə vadar edir. İran hökumətinin universitetlərdə alimlərə basqısı bitmək bilmir. Hökumətin qəddar hücumları nəticəsində xəsarət alan etirazçıları müalicə edən tibb işçiləri də dini hakimiyyətin təzyiqi ilə üzləşir. Texnologiya şirkətlərinin çoxsaylı qadağalara məruz qoyulması və internetin zəiflədilməsi də beyin axınına şərait yaradan ciddi amillərdəndir.

Həkimlər də ölkəni tərk edirlər

Tehran İslam Azad Universitetinin rəsmi orqanı olan "Fərhixtegan" qəzeti yazır ki, ötən il 6 min 500 həkim və tibb mütəxəssisi ölkəni tərk edib. İranın tibb bacılarını (və tibb qardaşlarını) kurasiya edən hökumət qurumunun rəhbəri Məhəmməd Mirzəbigi bu yaxınlarda ILNA xəbər agentliyinə bildirib ki, hər ay 100-150 tibb bacısı və qardaşı mühacirət edir. Hökumət qüvvələrinin yaraladığı etirazçılar Radio Fərda-ya tibb işçilərinə basqılar ucbatından müalicə üçün xaricə getməyə məcbur qaldıqlarını deyiblər. "[Mühacirətimın] əsas səbəbi gözümü müalicə etdirmək idi. Hökumət həkimlərə təzyiq etdiyindən onlardan daha çox şey tələb edə bilməzdim", - təhlükəsizlik qüvvələrinin ciddi xəsarət yetirdiyi Maysam Dehqani adlı etirazçının sözləridir.

"Çox böyük təhlükə"

İranın Daşınmaz Əmlak Məsləhətçiləri Assosiasiyasının vitse-prezidenti Daud Beginejad bu yay yarımrəsmi ILNA xəbər agentliyinə müsahibəsində inşaat şirkətlərinin ölkədən getməsini İranın gələcəyinə "çox böyük təhlükə" adlandırıb. Tehran Şərif Universiteti nəzdində tədqiqat qurumu olan İran Miqrasiya Rəsədxanasının direktoru Bəhram Salvatinin bilgisinə görə, İran universitetlərindəki tələbə və məzunların yarısı mühacirət etməyə qərar verib. Bu toplam 66 min nəfərdən çox adam deməkdir. Bu tədqiqat qurumunun özü də belə təzyiqə məruz qalıb; avqust ayında yerləşdiyi binanı tərk etməli olduğu haqda ona bildiriş gəlib. Salvati İranda internetin dəyişkən olmasını da əsas səbəblərdən biri kimi göstərib. Etirazların baş verdiyi aylarda hökumət interneti ardıcıl olaraq kəsib və zəiflədib. Nəticədə bir çox startaplar Türkiyə və regionun digər ölkələrinə köçməli olublar. Akuşerlər, pilotlar, yük maşını sürücüləri və tikinti işçiləri də daxil, bir çox peşə sahibləri ölkəni tərk ediblər.

Xarici qurumlar da bu tendensiyanı qeydə alırlar. Avropa Birliyi Sığınacaq Agentliyinin bilgisinə görə, bu il iranlılardan gələn sığınacaq müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar, iki dəfə artıb. Agentlik bu il İran vətəndaşlarından 13 mindən çox müraciət daxil olduğunu bildirib.

XS
SM
MD
LG