Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:28

İran Tehrandakı Almaniya dil institutunu bağlayıb


İran polisi mərkəzin binasında
İran polisi mərkəzin binasında

İran polisi Almaniyanın Das Deutsche Sprachinstitut Teheran (DSIT) – Alman Dili İnstitutunu bağlayıb.

Tehran bu qurumu “ölkə qanunvericiliyini pozmaqda” ittiham edir.

İran ədliyyəsinin Mizan xəbər agentliyinin X hesabındakı postda deyilir ki, avqustun 20-də “Almaniya hökumətinə bağlı qanunsuz mərkəzin” iki filialı “bir neçə qanunsuz hərəkətlərinə və geniş maliyyə pozuntularına” görə bağlanıb.

Xəbərdə deyilir ki, ölkə ədliyyəsinə Almaniyaya bağlı başqa təşkilatlardan da şikayətlər daxil olub.

Əvvəllər Göte İnstitutu kimi tanınan mədəniyyət mərkəzi Almaniyanın Tehrandakı səfirliyi tərəfindən idarə olunur.

Bu xəbərə hələ ki, nə Almaniya səfirliyi, nə də rəsmi Berlin şərh verməyiblər.

İranın cavab addımı

AzadlıqRadiosunun Fars xidməti – Fərda bildirir ki, bundan əvvəl, ötən ay Almaniya Hamburqdakı İslam Mərkəzini qadağan edib.

Hökumət bildirib ki, İrana bağlı bu təşkilat Almaniyada İslam ekstremizmini və totalitar ideologiyanı təbliğ edir.

Almaniya hakimiyyəti habelə sözü gedən mərkəzə tabe daha beş təşkilatı qadağan edib.

Almaniya hakimiyyət orqanları iddia edir ki, bu təşkilatlar “Livandakı Hizbullah terrorçularına dəstək verir və aqressiv antisemitizmi təbliğ edirlər”.

İranın müttəfiqi sayılan Hizbullah ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınıb.

Şahın dövründə açılmış qurum

İranda bir çoxları Almaniya Dil İnstitutunun bağlanmasından narahat olublar. Onlar cədvəl üzrə dil imtahanlarının keçirilib-keçirilməyəcəyini bilmirlər.

Sosial mediada yayılan fotolarda Almaniya mədəniyyət mərkəzinin ətrafında polis zabitləri və maşınları görünür.

Göte İnstitutu İranda 1958-ci ildə açılıb, lakin qurumun fəaliyyəti 1979-cu il İslam İnqilabından sonra xeyli məhdudlaşdırlıb. Bunun nəticəsində təşkilat 1987-ci ildə tamamilə bağlanıb.

Qurum öz fəaliyyətini 1995-ci ildə, artıq yeni adla - Das Deutsche Sprachinstitut adı ilə bərpa etmişdi.

XS
SM
MD
LG