Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:23

İranda etirazçıların edam hökmünə qarşı nümayişlər keçirilib


Şirazda aksiya
Şirazda aksiya

İranın Şiraz və Bəhbəhan şəhərlərində küçələrə çıxan etirazçılar antihökumət şüarları səsləndiriblər.

Sosial media istifadəçiləri iyulun 16-da yerli vaxtla saat 19-dan ötənilki etirazlarda iştirak etmiş üç etirazçının edam hökmünü qüvvədə saxlayan məhkəmə qərarına qarşı ümumölkə etiraz nümayişinə çağırmışdılar.

Sosial mediada yayılan videolarda etirazların Xuzistan ostanındakı Bəhbəhan şəhərində və Fars ostanının mərkəzi şəhəri Şirazda yer aldığı iddia edilir.

Bu videolardaklı etirazçılar ölüm hökmünə məhkum edilmiş Amir Hossein Moradi, Saeed Tamjidi Mohammad Rajabinin adlarını səsləndirirlər.

Reuters agentliyi şahidlərə istinadən bildirir ki, polis Bəhbəhandakı nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bu arada paytaxt Tehran və bir sıra başqa şəhərlərdə təhlükəslzik qüvvələrinin artırıldığı xəbər verilir.

İyulun 14-də İran ədliyyəsi bildirmişdi ki, Ali Məhkəmə 25 yaşlı Moradi, 27 yaşlı Tamjidi və 25 yaşlı Rajabi barəsində edam hökmlərini qüvvədə saxlayıb.

Onlar ötən ilin noyabrında ölkədə yanacağın bahalaşması ilə bağlı yayılmış etiraz aksiyalarında “cinayət hərəklətləri” törətməkdə ittiham olunurlar.

Bu qərar internetdə hökmlərə qarşı geniş etiraz dalğası yaradıb. Twitter-in farsdilli xəbər lentində #Edam Etmə heşteqi 7 milyon dəfə istifadə olunub.

İşgəncə ilə alınmış etiraflar

BMT-nin insan haqları ekspertlərinin İyulun 16-da verilmiş birgə bəyantında İran Ali Məhkəməsinin sözü gedən qərarı qətiyyətlə pislənir və İran ədliyyəsinə hökmün ləğv edilməsi üçün müraciət olunur.

Ekspertlər habelə Moradi, Tamjidi və Rajabiyə qarşı işgəncə iddialarının araşdırılmasını və bu iddialar gerçəkdirsə, cavabdehlərin cəzalandırılmasını tələb ediblər.

İran qanunları ədliyyənin bu üç nəfər barəsində hökmlə bağlı məhkəmə prosesinə müdaxiləsinə icazə verir.

Cinayət Məcəlləsində görə ədliyyə rəhbəri Ebrahim Raisi Ali Məhkəmədən hökmə yenidən baxılmasını istəyə bilər.

Ölüm hökmləri ilk dəfə fevral ayında çıxarılıb.

Moradi, Tamjidi və Rajabi özlərinə qarşı ittihamları rədd edir və deyirlər ki, onlardan təqsirlərinin etirafı işgəncə yolu ilə alınıb.

İddialar dumanı

BMT-nin müstəqil ekspertləri bildirirlər ki, bu iş, həbsdən məhkəməyədək iddialar dumanına bürünüb.

Bəyanatda deyilir ki, ölüm hökmünün milli təhlükəsizlik ittihamlarına görə verilməsi İranın insan haqlarına dair beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir.

2019-cu ilin noyabrında tam beş gün ərzində İranın 100-dək şəhərini etiraz aksiyaları bürümüşdü.

Bu aksiyalarda polis nümayişçilərə qarşı çox sərt davranırdı.

BMT ekspertləri vurğulayırlar ki, Moradi, Tamjidi və Rajabinin işi ayrıca bir hal deyildir və İranda etrazçıların qanunsuz həbslərinə, onlara işgəncələr verilməsinə və bu yolla onlardan etiraf qopardılmasına dair çoxsaylı iddialar mövcuddur.

Ekspertlər İranı hadisələrin “müstəqil, tərəfsiz və şəffaf” təhqiqatına və insan haqları pozuntuları törətmiş rəsmilərin mühakimə edilməsinə çağırıblar.

XS
SM
MD
LG