Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:42

Aİ İranın Rusiyaya ballistik raketlər verməsinə dair xəbərləri ‘inandırıcı’ adlandırıb


İranın ballistik raketləri
İranın ballistik raketləri

Avropa İttifaqı sentyabrın 9-da İranın Rusiyaya yaxınmənzilli raketlər verdiyinə dair müttəfiqlərin məlumatını “inandırıcı” adlandırıb və işarə edib ki, Tehranın bu addımına çox “çevik” reaksiya veriləcək.

Bu bəyanatdan əvvəl Kreml ittihamları birbaşa təkzib etməkdən boyun qaçırmış, əvəzində bəyan etmişdi ki, Moskva Tehranla “ən həssas sahələrdə” əməkdaşlıq edir.

Aİ-nin sözçüsü Piter Stano bu barədə deyib:

"Biz İranın Rusiyaya ballistik raketlər verməsinə dair müttəfiqlərimizin çatdırdığı inandırıcı informasiyadan agahıq. Biz üzv ölkələrlə birlikdə bu informasiyaya dərindən baxırıq. Əgər informasiyanın həqiqiliyi isbat olunarsa, bu, Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə İranın eskalasiya töhfəsi kimi qiymətləndiriləcək”.

Peskovun ikibaşlı cavabı

Stano deyib ki, Aİ liderlərinin bu məsələyə yekdil münasibəti həmişə aydın olub:

“Avropa İttifaqı beynəlxalq partnyorları ilə birlikdə və koordinasiyada bu hərəkətlə bağlı İrana qarşı əhəmiyyətli məhdudlaşdırıcı tədbirlər də daxil çevik reaksiya verəcək”.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Rusiya tərəfi bu xəbərlərlə tanışdır. Bununla belə prezident Vladimir Putinin sözçüsü xəbərləri təkzib etməyib:

"Belə xəbərlər heç də həmişə doğru çıxmır. İran bizim mühüm partnyorumuzdur və biz onunla ən həssas sahələr də daxil bütün mümkün sahələrdə əməkdaşlıq və dialoqumuzu inkişaf etdiririk”.

Şimali Koreyadan aldıqları kifayət etmir?

The Wall Street Journal sentyabrın 6-da yazmışdı ki, İran Rusiyaya yaxınmənzilli ballistik raketlər göndərib.

Ağ Ev bildirmişdi ki, “İrandan Rusiyaya hər hansı ballistik raketlərin transferi Tehranın Rusiyaya onun Ukraynaya qarşı aqressiv müharibəsində dramatik eskalasiya payı kimi qiymətləndiriləcək”.

Başqa xəbərlərə görə Rusiya artıq Şimali Koreyanın istehsalı ballistik raketlərdən istifadə edib, lakin Pxenyanın istehsal gücü nisbətən zəifdir.

Rusiya Təhlükəsizlik Şurasının katibi və son vaxtlaradək Rusiyanın müdafiə naziri olmuş Sergey Şoyqu avqustun əvvəllərində Tehrana səfər etmiş və bununla da Qərbin narahatlığını artırmışdı.

Rusiya İran dronlarından Ukraynaya qarşı müharibənin ilk günlərindən istifadə edir. Lakin Tehran israr edir ki, sözü gedən dronlar Rusiyaya hələ müharibədən əvvəl və az sayda verilib.

Ağ Ev rəsmən təsdiq etməyib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli komandanlarından Fəzlullah Nozari sentaybrın 9-da İran mediasına Rusiyaya raketlər verilməsinə dair xəbərləri “psixoloji müharibənin” tərkib hissəsi adlandırıb.

Ötən bazar günü Associated Press bildirmişdi ki, Birləşmiş Ştatlar müttəfiqlərinə onun təxminlərinə görə İranın Rusiyaya yaxınmənzilli raketlər verdiyini deyib. Agentliyin danışdığı anonim mənbələr raketlərin verilməsi ilə bağlı heç bir təfərrüata varmayıblar.

Eyni zamanda Ağ Ev İranın Rusiyaya raketlər verməsinə dair xəbərləri rəsmən təsdiq etməyib.

Bununla belə ABŞ Milli Təhlükəsizlik Şurası bildirmişdi ki, bu xəbərlərin doğru çıxması Ukrayna müharibəsində əhəmiyyətli eskalasiyaya səbəb olardı.

Ukrayna XİN sözü gedən xəbərlərlə bağlı bəyan edib ki, məlumatlar təsdiqlənsə, bunun Ukrayna-İran münasibətlərinə “dağıdıcı təsiri” olacaq.

XS
SM
MD
LG