Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:41

Son bir ildə Azərbaycanda işçi sayı cəmi 5 min nəfər artıb


'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

'45 yaşından yuxarı adamlara iş yoxdur' (2022)

Dövlət Statistika Komitəsi (DSK) əmək bazarına dair ilk yarımilin göstəricilərini açıqlayıb. Bəlli olur ki, bu yarımildə Azərbaycanda 1 milyon 725 min muzdlu işçi çalışıb. Bir il öncə həmin göstərici 1 milyon 720 min nəfər idi. Deməli, son bir ildə ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı cəmi 5 min nəfər artıb. Bu da cəmi 0.3 faiz artım deməkdir.

Çalışanların əsas bölümü hələ də dövlət sektorunun payına düşür -894 min nəfər. Bu o deməkdir ki, ölkədəki muzdlu işçilərin 52 faizi həmin sektorda çalışır. Azərbaycan məşğulluqda dövlət sektorunun ən yüksək paya sahib olduğu ölkələrdən biridir. Bu pay çox olsa da, son dövrlər dövlət sektorunda çalışanların sayı ardıcıl şəkildə azalır. Son bir ildə bu azalma 7 min nəfərə yaxındır. Bunun da əsas hissəsi təhsil sektorunda çalışanların 4 min nəfərdən çox azalmasından qaynaqlanıb. Dövlət sektorundakı digər sahələrdə çalışan işçi sayında önəmli dəyişiklik baş verməyib.

İaşə sektorunda iş yerləri artıb

Qeyri-dövlət sektorunda çalışanların sayı isə son bir ildə 12 min nəfərə yaxın artıb. Ən çox artım qeydə alınan sahələrdən biri ictimai iaşədir. Kafe və restoranlarda çalışanların sayı son bir ildə 4 min nəfərdən çox – 18 faiz artıb. Bu sektorda işçilərin say çoxluğunun başlıca səbəblərindən biri yoxlamalardır, axı kafe və restoran sektoru ölkədə qeyri-rəsmi əmək münasibətlərinin ən çox yayıldığı sahələrdəndir. Yoxlamalar artdığından əvvəllər qeyri-rəsmi çalışan işçilərin bir bölümü rəsmiləşdirilib. Bunu hesaba qatarkən bəlli olur ki, son bir ildə işçi sayında bütövlükdə dəyişiklik baş verməyib.

Otel sektorda çalışanların sayında da son bir ildə artım gözə çarpır. Bu sektorda çalışanların sayı 31 faiz və ya 2 min nəfərdən çox artaraq 9 min 300 nəfərə çatıb. Bank sektorunda çalışan işçi sayındakı artımsa son bir ildə təxminən 2 min nəfər olub. Bununla həmin sektordakı işçilərin sayı 25 min nəfərə yaxınlaşıb.

Mədənçıxarma sektoru da işçi sayının ən çox artdığı sahələr arasındadır. Son bir ildə bu sahədə çalışanların sayı 1 min 500 nəfər artaraq 12 min nəfərə çatıb. Qida məhsullarının istehsalı sahəsində çalışanların sayındakı artım da son bir ildə 1 min 800 nəfərə yaxın olub. Hava nəqliyyatı ilə bağlı sahələrdə çalışanların da sayı min nəfərdən çox artaraq 5 min 500 nəfərə yüksəlib.

Maaşlar necə dəyişib

DSK-nın bilgilərinə görə, ilk yarımildə ölkədə orta aylıq əməkhaqqı 922 manat olub. Bu, bir il öncə ilə müqayisədə 11.5 faiz (95 manat) artım deməkdir. Eyni zaman dilimində inflyasiya 12.2 faiz olub. Başqa deyimlə, indi ölkədəki inflyasiya göstəricisi orta aylıq əməkhaqqındakı artımı qabaqlayır. Bu isə o deməkdir ki, orta aylıq maaş artsa da, əslində aşağı düşüb. İnflyasiyanın orta aylıq əməkhaqqındakı artımı qabaqlaması manatın alıcılıq qabiliyyətini aşağı salır.

Sektorlar üzrə orta aylıq əməkhaqqının müqayisəsi göstərir ki, özəl sektorda orta maaş dövlət sektorundan daha çoxdur. Ötən ilin birinci yarısında Azərbaycanda dövlət sektorunda orta aylıq maaş 883 manat, özəl sektorda 965 manat olub. Əməkhaqqını sahələr üzrə gözdən keçirəndə bəlli olur ki, ölkədə ən yüksək maaş mədənçıxarma sektorundadır. Bu sahədə çalışanların orta maaşı 3 min 473 manatdır. Maliyyə sektorunda çalışanların orta maaşı isə 2 min 400 manatı ötür.

Əmək bazarında regional bərabərsizlik

Azərbaycanda, bir çox sahədə olduğu kimi, əmək bazarında da Bakı və digər regionlar arasında ciddi bərabərsizliklər var. Hazırda ölkədəki 1 milyon 725 min muzdlu işçinin 913 min nəfəri (53 faizi) Bakıda, 47 faizi digər ərazilərdə fəaliyyət göstərir. Sumqayıt şəhəri və Abşeron rayonu hesaba qatılsa, bəlli olur ki, ölkədə muzdlu işçilərin 59 faizi Abşeron yarımadasındadır. Özəl sektorda bu bərabərsizlik özünü daha qabarıq göstərir. Ölkədə 831 min nəfər özəl sektorda çalışır. Bunun 68 faizi Abşeron yarımadasının payına düşür.

Hazırda ölkədə orta aylıq əməkhaqqının ən yüksək olduğu yer Bakıdır. Paytaxtda orta aylıq maaş ilk yarımildə 1 min 177 manata çatıb. Bu, ölkə ortalamasından 28 faiz yüksək göstəricidir. Daşkəsən rayonu (915 manat), Gədəbəy rayonu (817 manat) Sumqayıt şəhəri (816 manat), Şuşa rayonu (813 manat) və Abşeron rayonu (711 manat) da ölkədə orta aylıq əməkhaqqının nisbətən yüksək olduğu bölgələrdir.

Orta aylıq əməkhaqqının ən aşağı olduğu rayon Qaxdır. İlk yarımildə Qaxda orta aylıq maaş 498 manat olub. Bu göstərici ilə Qax ölkədə orta aylıq əməkhaqqının 500 manatdan az olduğu yeganə rayondur. Qaxla eyni regionda yerləşən Balakən (517 manat) və Zaqatala da (533 manat) ölkədə orta aylıq maaşın ən az olduğu rayonlardır.

XS
SM
MD
LG