Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:35

Bakılı işsizin hekayəti


Fəhlə. Foto illüstrasiya.
Fəhlə. Foto illüstrasiya.

«Bir elana rast gəldim. Daş karxanasında maşına daş yükləməyə hambal axtarılırdı. Rus dili tələb olunurdu, hələ utanmaz-utanmaz yazmışdı ki, ingilis dili bilməsi də üstünlükdür».

Hikmət Abbasov Xırdalanda yaşayır. 6 ildir ki, işsiz qalıb. Deyir, qapı-qapı düşüb iş axtarmaqdan yorulanda başlayıb internet üzərindən iş soraqlaşmağa… Ancaq indiyədək baş qoşduğu elanlar ya saxta çıxıb, ya da şərtlər bir fəhlə baba üçün o qədər əlçatmaz olub ki, heç arxasınca düşməyə də dəyməyib…

«BÖHRANDIR, İŞ YOXDUR»

Müsahibimin 50-dən çox yaşı var. 80-ci illərdə hərbi xidmətdən qayıdandan sonra 16 il Bakı Mətbəx Mebeli Fabrikinin fəhləsi olub. Müstəqillikdən sonra başqa müəssisələr kimi bu fabrik də fəaliyyətini dayandırıb. 1990-cı ilin sonlarından işsiz qalıb. Bir müddət şəxsi avtomobili ilə taksi xidməti göstərib. 2008-ci ildə Nəqliyyat Departamentinin işçiləri ilə baş-başa gəlib. Deməsinə görə, hətta cibinə narkotik atılaraq şərlənib. Əlqərəz, başına gələnlərdən sonra maşın da əldən gedib, çörəkpulu da… Sonra tikintilərdə fəhləliklə başını saxlayıb. 6 il əvvəl «Akkord» şirkətinin yol layihələrində fəhləlik edib. Maaşı vaxtlı-vaxtında ala bilmədiyindən o işindən də ayrılıb:

Buna da bax-Balaxanı: 'Böyüklər nisyə çörək almağa özü utanır, uşağı göndərir' [video]

«Sonra da 2 ay o tikintidə, 3 ay bu tikintidə… Avropa Oyunlarından sonra o işlər də qurudu. Elə bil, Avropa Oyunları düşmədi bizə… Sonra da hara getdimsə, dedilər, böhrandır, iş yoxdur. Keçən il «Formula 1» oyunları keçiriləndə qohum-qonşulara dedim, «gəlin hərəmiz bir plakata «iş axtarıram» yazıb asaq yaxamızdan, çıxaq qonaqların qarşısına». Güldülər mənə. İndi qonşum deyir, «gəl o plakatdan düzəldib İslam Oyunlarına gələnləri qarşılayaq». Vallah, əlacımız kəsilib. Acından ölə-ölə işıqpulu, qazpulu veririk, onu da oradan-burdan gələnlərə yedirdib yola salırlar».

«ÇOXU SAXTA ELANLARDIR»

Hikmət Abbasovun dörd övladı var. İkisi hərbi xidmətdən yeni qayıdıb. Biri hərbi xidmətə yeni gedib. Xidmətdən qayıdanlar da işsiz-gücsüz dolanır. Hətta birinin ali məktəb diplomu da var.

H.Abbasov övladları ilə birlikdə işsizlik mərkəzlərinə müraciət edib. Arada təşkil olunan iş yarmarkarlarında olub: «İş üçün müraciət edəndə deyirlər, indi işi internetdən axtarmaq daha asandır. Mən də arada axtarıram. Bir elana rast gəldim. Daş karxanasında maşına daş yükləməyə hambal axtarılırdı. Rus dili tələb olunurdu, hələ utanmaz-utanmaz yazmışdı ki, ingilis dili bilməsi də üstünlükdür. Zəng vurdum, dişimin dibindən çıxanı dedim. Çoxu saxta elanlardır. Çoxunda da ancaq 20-30 yaş arası, dodağı silikonlu qızlar axtarılır. Bir sözlə, təqaüdə çıxmasına azı 15 il vaxtı qalan mənim kimi adamlara bu ölkədə iş yoxdur».

Buna da bax-Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır

Deyir, işsizlik müavinətindən ötrü də müraciət edib. 1 ildən çox get-gələ salıblar. Sonra da deyiblər, «əlin-ayağın üstündə, get iş tap, işlə».

STATUSDAN XƏBƏRSİZLİK

Hüquqşünas Vaqif Alıyev deyir, bir çox vətəndaşlar işsiz olsalar da, işsizlik müavinəti almırlar. Səbəb isə onların bir çoxunun işsiz statusundan xəbərsizliyidir: «Bu sahədəki münasibətlər «Məşğulluq haqqında» Qanunla və Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq olunmuş «İşsizlik müavinətinin hesablanması və verilməsi Qaydaları» ilə tənzimlənir. Vətəndaş yaşadığı ərazi üzrə Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına şəxsiyyətini təsdiqləyən sənədi, əmək kitabçasını, peşə və ya ixtisasını təsdiq edən sənədi şəxsən təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib iş təklif olunmadığı halda, Baş Məşğulluq İdarəsi və onun yerli orqanları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul etməlidir. Əgər vətəndaşa «get, iş tap» deyilirsə, həmin vətəndaşın bunu deyən məşğulluq idarəsini məhkəməyə vermək hüququ var».

Bu il yanvarın 1-nə vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, rəsmi işsiz statusu verilən şəxslərin 38.1 faizini qadınlar təşkil edib. İşsiz statusu alan şəxslərdən 14 min 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb. İşsizliyə görə müavinətin orta məbləği 257 manat olub.

Ekspertlər rəsmi statistikanın gerçək vəziyyəti əks etdirmədiyini bildirirlər. Onlar hesab edirlər ki, ölkədə işsizlərin sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur.

XS
SM
MD
LG