Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:49

«Azərbaycan əsgəri» marşının ilk mətni Dainin tərtib etdiyi kitabda olub


Dainin Cümhuriyyət dövründə çıxan kitabları-«Rəhmli səyyah» və «Qanqal»
Dainin Cümhuriyyət dövründə çıxan kitabları-«Rəhmli səyyah» və «Qanqal»

-

İstiqlal şairi Dai
Gözlə

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid

«70 il sovet rejimində yaşayan Azərbaycan öz istiqlalçı övladlarını tanıda, təbliğ edə bilməzdi».

Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramının «İstiqlal şairi Dai»yə həsr etdiyi sayında filoloq alim Asif Rüstəmli səsləndirdi.

ASİF RÜSTƏMLİ DAİNİN İZİNƏ NECƏ DÜŞDÜ?

Onun sözlərinə görə, bu, müstəqillik əldə ediləndən sonra mümkün oldu: «Azərbaycan müstəqil olandan sonra gizli istiqlalçılarımız haqqında müəyyən materiallar çap olunmağa başladı. Bu materialların içərisində ayrı-ayrı şəxslərin adı çəkilirdi. Məsələn, rəhmətlik Ziya Bünyadovun «Qırmızı terror» kitabında gizli istiqlalçılarla, solçu müsavatçılarla bağlı verilən materiallarda Dainin də adına rast gəldim. Kitabda o dövrün Az ÇeKasının (Fövqəladə Komissiyanın rusca adının baş hərflərindən yaranıb-red.) sənədlərindən istifadə olunub. Sənədlərdən cümhuriyyətdən əvvəl və cümhuriyyət dönəmində onun 5 kitabının çap olunduğu üzə çıxırdı. 1920-23-cü illər arası «Kommunist» qəzetindəki fəaliyyəti, «Maarif və Mədəniyyət» jurnalında çap olunan şeirləri və folklor araşdırmaları da diqqətimi çəkdi. Və mən daha geniş araşdırma aparmağa qərar verdim».

«BUZLU CƏHƏNNƏMİN» 10 İLLİK SAKİNLƏRİ…

Prof. Asif Rüstəmli özünün Cəfər Cabbarlı yaradıcılığının tədqiqatçısı olmasına da diqqət çəkdi: «Arxivlərdə tədqiqat apararkən, Cəfər Cabbarlının iştirak etdiyi gizli hərəkatın 20 nəfər üzvünü aşkarladım. Biz bunlara «gizli istiqlalçılar» deyirik. Onlar rus-bolşevik rejiminə qarşı milli müqavimət hərəkatının üzvləriydilər. İçərisində tanınmışları da var. Məsələn, Mirzəbala Məhəmmədzadə gizli təşkilatın rəhbəri idi. Təşkilat üzvlərindən Əbdülvahab Yurdsevər də sonralar məşhur mühacirətçilərdən olub. Yurdsevər 10 ildən çox Solovkidə - «buzlu cəhənnəm»də (Əmin Abid Gültəkinin sözüdür - red.), ən ağır işgəncə verilən həbs düşərgəsində qalandan sonra Zirədən Rəştə gizli yolla gedə bildi. Onu sonra tapa bilmədilər.Kərbəlayi Vəli Mikayıloğlu və yaxud Məhəmməd Əli Rəsulzadə (Məhəmməd Əmin bəyin əmisi oğlu - red) həbsdən qaçıb qayıqla İrana keçib qurtuldular».

DAİ HARADA DOĞULMUŞDU?

Asif Rüstəmli Dainin Bakının Bülbülə kəndindən olduğunu deyir: «1898-ci ildə doğulan Dai ailənin ilk və tək övladı olub. Dai doğularkən, atası Əbdül Rəhmanın 58, anası Gülsümün 40 yaşı vardı. Adını Rəhman qoyublar. Soyadları Əbdülov idi. Əbdül onun soyadının şəkilçisiz hissəsidir. Adı Rəhman, təxəllüsü «Dai»dir. «Dai»-duaçı, arzulayan deməkdir. Əsrin əvvəllərində ailə Bülbülədən Bakıya köçüb və «Bondarnaya, 92»-də (indiki Şəmsi Bədəlbəyli küçəsi - red.) yaşamağa başlayıb. Dai ilk təhsilini Bakı ibtidai məktəbində alıb. 3 sinfi bitirdikdən sonra «Məktəb» jurnalında çalışıb. «Bəsirət» və «Açıq söz» qəzetlərinə yazıb. 1917-ci ildə «Rəhmli səyyah» adlı ilk, daha sonra çalışdığı «Şura» mətbəəsində «Fəhlənin nitqi» adlı ikinci kitabı çıxıb. Dai cümhuriyyətin yaranışını böyük coşqu ilə qarşılayıb. Cümhuriyyət dövründə onun 3 kitabı işıq üzü görüb».

Türk İslam Ordusu Bakıda.
Türk İslam Ordusu Bakıda.

CÜMHURİYYƏT DÖVRÜNDƏ YAZILIBMIŞ!

Asif Rüstəmli Dainin tərtib etdiyi bir topluya da diqqət çəkdi: «1919-cu ildə Dai «Əsgəri nəğmələr» adlı toplu nəşr etdirib. Həmin marşlardan biri indi də məşhurdur. «Azərbaycan əsgəri» marşının ilk mətni Dainin tərtib etdiyi kitabda var. Bütün misralar indiki «Azərbaycan əsgəri»ylə eynidir, amma orda «Qafqazın şanlı əsgəri» deyilir. O dövrdə Qafqaz müsəlmanları deyiləndə, ilk öncə Azərbaycan türkləri nəzərdə tutulurdu. Kitabdakı marşların böyük qismini Dai toplamış, bir qismini də özü yazmışdı. «Qafqazın şanlı əsgəri»nin söz yazarı isə Əli Kami adlı türk şairidir. Bu şəxs cümhuriyyətin orqanı olan «Azərbaycan» qəzetində fəal iştirak edirdi. O dövrdə Türkiyədən 50-yədək müəllim gəlmişdi, Azərbaycan ordusunun təşkilatlanmasına kömək edən hərbçilər vardı».

DAİNİN CÜMHURİYYƏTDƏN SONRAKI HALI…

Asif Rüstəmli «Cümhuriyyət dövründən ilham alan Dai Sovetlərin gəlişini necə qarşıladı» sualını belə cavabladı: «Bolşevik işğalından sonra Dai işsiz idi. O zaman müqavimət hərəkatının gizli «İstiqlal» qəzeti çap olunurdu. 1921-ci ildə onu qəzetə yığıcı dəvət etdilər. Dai razılaşdı. 1923-cü ildə Azərbaycan komsomolunun «Gənc işçi» qəzeti fəaliyyətə başladı. Dai qəzetin məsul katibi oldu. O, «İstiqlal»dakı fəaliyyətini dayandırmadı. 1923-cü ilədək bu qəzetin 19 sayı çıxdı. Qəzet Hacıbaba Cəbiyevin «Çadrovı, 62»dəki (indiki M.A. Əliyev küçəsi - red.) evində nəşr olunurdu. İstiqlalçılar oranı kirayələmişdilər. Amma sonra sənədlərdən aydın olur ki, qəzeti də elə bu şəxs maliyyələşdirirmiş… Ağasəlim Rəhimovsa dövlət mətbəəsində işləməklə yanaşı, həm dəbu qəzetin çapını gerçəkləşdirirmiş… Onlar çap barabanı, şrift kassaları əldə ediblər və şriftləri də mətbəədə işlədiyindən Əbdül Rəhman Dai gətirib. Hər dəfə cibində qəzet çapına gərəkli şrifti gətirir və mətnləri yığırmış. İstintaq izahatlarında bunlar var».

QONŞUNUN SATQINLIĞI

Asif Rüstəmli gizli qəzet çapının qonşunun satqınlığı nəticəsində aşkarlandığını bildirdi: «1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Azərbaycan ÇeKası mətbəənin yerləşdiyi evi mühasirəyə aldı. İş başında 2 nəfər tutuldu - Qurban Musazadə (yazıçı Qılman İlkinin qardaşı-red.) və Ağasəlim Rəhimov. Onlar 19-cu nömrəni yığırdılar. Qəzetin bu sayı oxuculara çatmadan müsadirə edildi. Sonrakı günlərdə 18 nəfər də həbs olundu. Cəfər Cabbarlı da onların arasında idi».

Filoloq alim Asif Rüstəmli
Filoloq alim Asif Rüstəmli

«SOVETLƏRƏ QARŞI İLK ƏN MOBİL GİZLİ TƏŞKİLAT»

Asif Rüstəmli Dainin də qatıldığı gizli istiqlalçılar təşkilatını ən gözəl sözlərlə öydü: «Bu təşkilat sovet rejiminə qarşı öncədən hazırlanmış proqram əsasında fəaliyyət göstərən ilk ən mobil gizli təşkilat idi. 1923-cü ilin oktyabrında bu təşkilatın üstü açılsa da, onların bir qismi fəaliyyətlərini gizli davam etdirdi, bir qismi repressiyaya məruz qaldı. Əbdül Rəhman Dai həmin ilin dekabrında tutuldu, daha sonra repressiya olundu və bir daha Azərbaycana, Bakıya qayıda bilmədi…».

DAİNİ NİYƏ ƏN SONDA HƏBS ETDİLƏR?

«Gizli təşkilatın üstü 1923-cü ilin oktyabrında açıldı, nədən Daini iki ay sonra həbs etdilər» sualını araşdırmaçı belə cavabladı: «Dainin həbs orderi dekabrda imzalandı. Əvvəlcə onun qəzetdə çalışmasına inanmayıblar, çünki Azərbaycan komsomolunda yüksək vəzifə tutur, «Gənc işçi»nin məsul katibi çalışırdı. Ona qarşı sərtlik məhz komsomolçunun gizli «İstiqlal»da çalışması, onlara kömək etməsindən qaynaqlanırdı. Bu fakt o dövrdə məhkəmənin, xüsusən, üçlüyün diqqətindən yayınmayıb».

GÜLSÜM XANIMDAN STALİNƏ MƏKTUB

Araşdırıcı 1924-cü ilin yanvarında Dainin məsələsinin həll olunduğunu deyir:«Solovkidə 3 illik həbs cəzasına məhkum ediblər. 3 il Əmin Abid Gültəkinin «buzlu cəhənnəm» adlandırdığı yerdə cəza çəkib. Həbs müddəti 1927-ci ildə bitib, amma buraxmayıblar. Anası Gülsüm Stalinə məktub yazıb. Atasının 83 yaşında rəhmətə getdiyini, özünün çox qocaldığını, yaşamaq imkanının olmadığını bildirib. Ana «Oktyabr İnqilabı»nın 10 illiyi münasibətilə oğlunun azad olunmasını Stalindən xahiş edib. Maraqlıdır ki, Dainin doğulduğu Bülbülə kəndindən 100 nəfər həmin ərizəyə imza atıb. Bu məktub müvafiq orqanlara göndərilib və orqanlar Daini «qatı antisovet istiqlalçı» kimi xarakterizə edərək, məhkumluğunu 3 il də artırıblar. Beləliklə, o, həbsxanada 13 il yatıb və sonda Aşqabada göndərilib. 1937-ci ildə 39 yaşlı Dai repressiyanın qurbanı olub».

İ.Stalin
İ.Stalin

GÜLSÜM XANIMIN DAHA BİR MƏKTUBU: «OĞLUMU MƏNƏ QAYTARIN!»

Asif Rüstəmli Gülsüm xanımın MTN arxivində qorunan məktublarından söz açdı: «Gülsüm xanım Rəhmanın həbsindən 26 gün sonra ilk məktubunu Az ÇeKanın sədri Mir Cəfər Bağırova, 2-ci məktubunu MİK sədri Səmədağa Ağamalıoğluna, daha sonra Mir Bəşir Qasımovaünvanlayır: «Oğlum Rəhman Əbdülov təxminən bir ay yarım əvvəl Az ÇeKa tərəfindən həbs edilib, işi müstəntiq Nikolayevə verilib. Mənim oğlum vərəmə yoluxub, hər bir həkim bunu təsdiqləyə bilər. Qorxuram ki, o, ağır şəraitdə xəstəliyə dözə bilməyə, ölə, onda qoca atası və anası üçün necə olacaq? Bizi oğlum saxlayırdı. Hökumət evində yaşayırıq və ayda 1 çervon (o dövrün yetərincə önəmli pul vahidi – red.) istəyirlər, haradan ödəyək? Mən - gözüyaşlı qadın sizə yalvarıram, heç yaşamaq imkanları olmayan qoca ata-anaya yazığınız gəlsin. Əllərimi açıb sizə yalvarıram. Oğlumu mənə qaytarın». Anaya hər yandan «İmtina edilsin!» cavabı verilir».

SON MƏNZİL. NİYƏ AŞQABAD?

Asif Rüstəmli bu sualı belə cavabladı: «Dainin sonuncu məhbəs yeri Türkmənistanın Aşqabad şəhəri olub. 30-cu illərdə Azərbaycanlı istiqlalçılar müxtəlif yerlərdə cəza çəkdikdən sonra sonuncu məkan kimi Aşqabada göndərilirdilər. İstiqlalçıların Bakıda, Tiflisdə, Moskvada, Leninqradda yaşamasına 5 illik qadağa qoyulurdu. Onlar həbs cəzasını Azərbaycana ən yaxın yerdə olan Aşqabadda çəkə bilərdilər. Elə bir başqa istiqlalçı şair Almas İldırım da gizli yolla Aşqabaddan İrana keçə bilmişdi. Ona qaçmağa kömək edən gizli istiqlalçını - buzovnalı Nəsrulla İsrafilovu sonradan həbs edib güllələmişdilər… Əbdül Rəhman Dai Aşqabadda həbs müddətində Stalinə, başqa güc orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdı. Beləliklə, Dai Aşqabadda qalmış və 1937-ci ildə repressiyanın qurbanı olmuşdu».

ONUN ŞƏKLİ BELƏ YOXDUR!

Asif Rüstəmli araşdırma sırasında dəfələrlə Bülbülə kəndinə getdiyini bildirdi: «Oranın yaşlı sakinləriylə görüşdüm. Onun haqqında heç bir məlumat ala, şəklini belə tapa bilmədim. Bu gün Əbdül Rəhman Dainin bizlərə nə şəkli yadigar qalıb, nə qəbri məlumdur. Ancaq min şükür ki, onun kitabları, dövri mətbuatda çıxan yazıları, folklor araşdırmaları qalıb».

«AŞQABADA-AZƏRBAYCAN SƏFİRLİYİNƏ ÜZ TUTURAM»

Asif Rüstəmli bir məsələyə də diqqət çəkdi: «Bilirəm ki, Türkmənistan təhlükəsizlik orqanlarının arxivində Dai ilə bağlı sənədlər var. O sənədləri tapmaq, üzə çıxarmaq, Dainin sonrakı taleyini dəqiqliklə araşdırmaq üçün o ölkədəki səfirimiz Vəhdət Sultanzadəyə bir neçə məktub göndərdim. Təəssüf ki, məktublarım cavabsız qaldı… Əgər Türkmənistanda bizi dinləyən, oxuyan, oranın təhlükəsizlik orqanlarıyla əlaqəsi olan varsa, onlara səslənirəm: Dai haqqında materialların üzə çıxmasında bizə kömək edin!».

İSTİQLAL SEVDALILARINA AMANSIZ İŞGƏNCƏLƏR…

Asif Rüstəmli indi MTN arxivlərində qorunan sənədlərdəki bir məqama da diqqət çəkdi: «Biz Dai və silahdaşlarının simasında Vətəni sevdiyinə, millətin azadlığını, istiqlalını arzuladığına görə gənclərə divan tutan rejimin nə qədər qəddar olduğunu sənədlərdən açıq-aydın görürük. İstər Azərbaycan həbsxanasında, istər Moskvada Butırda yatdıqları dövrdə, istərsə Solovkidə onlara qarşı ən müxtəlif amansız metodlardan istifadə olunub, işgəncələr verilib».

VƏ… ŞAD XƏBƏR

Asif bəy sonda bunları söylədi: «Sonda bir şad xəbəri dinləyicilərlə paylaşmaq istərdim. AMEA Ədəbiyyat İnstitutunda hazırlanan 10 cildlik «Azərbaycan Ədəbiyyatı Tarixi» kitabında Dainin də əsərləri olacaq»...

XS
SM
MD
LG