Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:50

İntihar etdiyi deyilən qızın bibisi: 'Bu, Allahın işi idi'


G.İsmayılova
G.İsmayılova

İyulun 30-da Zaqatalanın Əliabad qəsəbəsində 17-yaşlı Gülər İsmayılovanın intihar etdiyi bildirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma gedir.

İlkin rəsmi məlumatda gənc qızın intihara əl atmasının səbəblərinin bəlli olmadığı deyilir. Sosial mediada yazılanlara görə, G.İsmayılova ali təhsil almaq istəyib, amma valideynləri onu özündən yaşda çox böyük kişiylə nişanlayıblar, avqustda toy olacaqmış. Bəzi məlumatlarda mərhumun başqasını sevdiyi deyilir.

Bibi: «Oğlanın səsini eşidəndə uçurdu, istəməmək söhbəti etməyib»

G.İsmayılovanın bibisi Laləndə Hüseynova AzadlıqRadiosuna deyilənləri təkzib edir, intiharın səbəbi haqda konkret nəsə demir: «Vallah, elə şey yox idi. Bu, Allahın işi idi. Camaat cürbəcür söz çıxarır».

O, qızın, hələlik, nişanlanmadığını da qeyd edir: «İstəyən var idi, amma nişanlanmamışdı. Hələ qardaşım gələsi idi. Nə nişan? Hələ balanın 17 yaşı var idi».

L.Hüseynova gənc qızın təhsil almaq istəməsinə valideynlərinin əngəl olması haqda söylənilənləri də təkzib edir: «Qələt edirlər, bizi yandırıb tökməsinlər. Uşaq idi. Uçurdu, uçurdu. Oğlanı çox istəyirdi. Onun səsini eşidəndə uçurdu, istəməmək söhbəti etməyib bizimlə».

İcra başçısının müavini: «Ailə-məişət zəminində olub»

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov intiharın səbəbləri haqda danışmaq istəməsə də, onun ailə-məişət zəminində baş verdiyini bildirir. O, hüquq-mühafizə orqanları araşdırma apardığından bu haqda əlavə nəsə demək istəmir, «qanuni olmaz» deməklə kifayətlənir.

700 milyon: Bu qədər qız 18 yaşınacan ərə verilir
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

L.Hüseynova isə ailədə hər hansı problem olmadığını söyləyir: «Anasından dondurma istəyib, anası da dondurma alıb. Söhbət ediblər. Evi rəngləyiblər. Elə şey yoxdur, yandırıb tökməyin bizi. Camaat cürbəcür söz danışacaq, əsası yoxdur».

Məktəbdən: «Diribaş qızıydı...»

Mərhumun təhsil aldığı Əliabad qəsəbəsi 1 saylı orta məktəbdə direktor və müəllimlər işdə olmadığından gözətçi Vüqar Haqverdiyevlə danışmalı oluruq. Gözətçi gənc qızı yaxşı tanıdıqlarını söyləyir. Onun sözlərinə görə, Gülər İsmayılova diribaş bir qız imiş. «Ona görə biz də intihar xəbərini eşidəndə çaşıb qaldıq. Diribaş idi, başqaları kimi utancaq, çəkingən deyildi, «jivoy» qız idi», – Haqverdiyev söyləyir.

«Necə oxuduğunu deyə bilmərəm, müəllimlər danışa bilər. Deyirlər, atası Rusiyada işləyirmiş. Oxutmağa imkan olardı, istəsəydilər. Ancaq yenə deyirəm, niyə özünü asıb, biz məlumatsızıq», – o əlavə edir.

«Yaxşı qız idi, nişanlanmışdı... Nə olub, necə olub bilmirəm», – bunu da onunla eyni qəsəbədə yaşayan, məktəbin Gülşən adlı xadiməsi deyir.

Qızların məktəb yaşında ərə verilməsinə necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

İcra başçısının müavini Tofiq Əhmədov 18 yaşı tamamlanmayan mərhumun nişanlanması və avqustda toyu olacağı barədə icra hakimiyyətinə məlumat daxil olmadığını qeyd edir: «Ola bilər, ailədə hansısa razılaşma olub. Amma rəsmi nikah və ya toyla bağlı müraciət daxil olmayıb».

Sosial mediada erkən nikahlara göz yumulduğuna, etinasız yanaşıldığına görə rəsmi qurumlar günahlandırılır. İcra başçısının müavini isə həmin suçlamalarla bağlı bunları bildirir: «Dövlətin rəsmi qanunu var, nikah üçün müəyyən edilmiş yaş həddi var. Bu hadisədən qabaq biz bütün toyların qabağını almışıq, buna şərait yaratmamışıq. Zaqatala rayonunda, ümumiyyətlə, bu zonada erkən nikaha münasibət yaxşı deyil. Hansısa müraciət olanda da tam araşdırma aparılır. Mən bilirəm siz nəyi nəzərdə tutursunuz. İcra hakimiyyəti xüsusi hallarda nikahla bağlı qərar verə bilir, amma bunun hamısı 50-100 dəfə araşdırılandan sonra icazə verilir. Amma onların bizə müraciəti olmayıb».

O, icra hakimiyyətinin gərəkli addımlar atdığını qeyd edir: «Aidiyyəti üzrə komissiya da, digər qurumlar da, məktəb də, kənd ictimaiyyəti də tədbirlər görürlər, bu cür işlər nəzarətdə saxlanılır. Ailə-məişət zəminindədir. Hər insanı bilmək olmur, axı, nə cür olacaq, hansı qərar qəbul edəcək. Heç kim gözləmədiyi halda belə bir hadisə baş verib. Hüquq-mühafizə orqanları da, icra hakimiyyəti olaraq biz də o sahədə işimizi gücləndirmişik».

M.Zeynalova
M.Zeynalova

Mehriban Zeynalova: «Valideynlər cəzalanmalıdır»

«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu hadisəylə bağlı bir neçə informasiya olduğunu desə də, qəti əmindir ki, ortada məcburiyyət məsələsi var. Onun sözlərinə görə, şəxsin iradəsi əleyhinə ona psixoloji, bəlkə də fiziki təzyiqlər nəticəsində valideynlər öz iradələrini yeritmək istəyiblər: «Şəxsin istəyi, seçim haqqı nəzərə alınmayıb. İstər təhsil almaqla bağlı olsun, istərsə də ərə getməklə».

M.Zeynalova hesab edir ki, məsələyə baxış köklü dəyişməlidir. O, indi həmin ailəyə hamının «övladını itirmiş valideyn kimi, faciə kimi» baxdığını, amma cinayətin sifarişçisinin də, icraçısının da valideyn olduğunu söyləyir: «Övlad itirmiş valideyn kimi yox, cinayət törətmiş valideyn kimi baxmayınca, bu məsələlər həllini tapmayacaq. Kənd sakinləri başsağlığına gedir, amma bir nəfər də həqiqəti demir. Hüquq-mühafizə orqanları da mütləq şəkildə stereotipləri qırağa qoyub, onları cinayət məsuliyyətinə cəlb etməlidir. Bu, bir görk olmalıdır. Valideyn övladın seçiminə müdaxilə edirsə, zor tətbiq edirsə, bu, cinayətdir. Ona görə də həmin valideynlər cəzalanmalıdır».

XS
SM
MD
LG