Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:49

İstiqlalın 1-ci və 100-cü ili (28-ci yazı)


Cümhuriyyətin 1 yaşı. Bakı. 28 may 1919
Cümhuriyyətin 1 yaşı. Bakı. 28 may 1919

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

«Alatoranda şəhərimin küçələriylə gəzişirdim. Küçələrin tinində türk patrulları dayanırdı, sərt və farağat, qayğısız baxışlarla... Keçmiş qubernatorluğun binasında yeni dövlətin bayrağı dalğalanırdı və parlament məktəbdə yerləşdirilmişdi. Qədim şəhər sanki maskalı bir həyat sürürdü. Vəkil Fətəli xan baş nazir idi və qərarlar, sərəncamlar, əmrlər verirdi... Mirzə Əsədulla xarici işlər naziri idi və qonşu ölkələrlə müqavilə bağlayırdı. Dövlət müstəqilliyinin qeyri-adi duyğusu məni də çəkirdi və mən birdən-birə yeni rəmzlərə, mundirlərə, idarəçiliyə və qanunlara vuruldum. Həyatımda ilk kərə özümü öz Vətənimdə hiss etdim».

(Qurban Səidin «Əli və Nino» romanından)

«Ən gözəl bayram» 100 yaşında!

Azərbaycan Cümhuriyyətinin 100 illiyini görmək şərəfi qismətimiz oldu.

Nə böyük xoşbəxtlik, nə onurlu, qürurlu bayram!

28 Mayısın 100 illiyinə AzadlıqRadiosunun həsr etdiyi yazılar silsiləsi elə 28-ci yazıyla tamamlanır.

Amma bitmir...

Möhtəşəm bayram – «Böyük və mübarək gün»

Cümhuriyyət hökuməti 1 il 11 aylıq ömründə cəmi 2 bayram gördü.

1919-cu il mayın 28-də qeyd olunan Cümhuriyyətin birilliyi və 1920-ci ilin martında - Novruz bayramında ordunun Bakıda keçirdiyi möhtəşəm parad.

Fətəli xan Xoyski 28 may tarixini «Böyük və Mübarək Gün» adlandırmışdı.

Məhəmməd Əmin Rəsulzadə bu tarixə «Ən böyük bayram»-demişdi.

Bu yazıda 99 il öncəyə boylanacaq və cümhuriyyətin 1 illiyini qeyd edən Bakını gəzəcəyik.

Daha sonra indiki Bakıya dönəcək və sizlərlə bu qutlamaları müqayisə edəcəyik.

28 mayıs 1919-cu il, Bakı. İstiqlalin birinci və sonuncu ili

Araşdırıcı Şirməmməd Hüseynov cümhuriyyətin qutladığı ilk və son bayramı belə təsvir edir: «Cümhuriyyətin mətbu orqanı olan «Azərbaycan» qəzeti 1 iyun sayında Üzeyir bəyin böyük bir yazısını verib. Reportajdır. Adı «İstiqlal bayramı»dır. Şəhərdə 10 mindən çox bayraq asılıb. Alaqapılar düzəldilib. Toy, məclislər qurulub. Hərbi parad olub, camaat nümayişə çıxıb. Parlament binasının damında Cabbar Qaryağdıoğlu və b. çalıb-oxuyub. Artistlər heyəti gəlib keçib. Bunu oxuyandan sonra adam xəcalət çəkir ki, biz bayram eləməyi də bacarmırıq ey...».

«İstiqlalın birinci ili bütün türk dünyasının bayramı olub»

«Əzim Əzimzadə parlament binasının önündə bizim tariximizi - türk tarixini əks etdirən böyük bir stend düzəldib. Artistlər tarixdəki 128 türk dövlətini yaradanların paltarlarını geyiniblər. Çingiz xandan tutmuş, Teymurləngdən tutmuş, İldırım Bəyazitdən tutmuş, Fatehədək - onların hamısının formasını geyib qrimləniblər. Atın üstündə 20-30 dövlət başçısı - türk millətini yaşadanlar gəlib keçiblər. Axı onların içərisində dövləti yaşadanlar da vardı, dağıdanlar da... Hamısı eyni deyildi ki? Demək istəyirəm ki, cümhuriyyətin 1 illik yubileyi bütün türk dünyasının bayramı olub».

Şirməmməd Hüseynov Cümhuriyyətin 1 illiyi barədə
Gözlə

No media source currently available

0:00 0:07:59 0:00
Direct-ə keçid

İstiqlal şənlikləri: Evlərdə adam qalmamışdı

Yazıçı Manaf Süleymanov «Eşitdiklərim, gördüklərim» kitabında o bayramı görənlərə dayanaraq belə yazır: «Bayram münasibətilə şəhər bəzədilmişdi. Hər yerdə aypara və səkkiz guşə ulduzlu üçrəngli - al, yaşıl və firuzəyi bayraqlar dalğalanırdı. Eyvanlara xalı-xalçalar, əlvan qumaşlar, cecim, şal salınmışdı. Dükanlardakı əlvan fənərlər və çıraqlar diqqəti uzaqdan cəlb edirdi. Hələ mayın 27-dən faytonlara, avtomobil və arabalara üçrəngli xırda bayraqlar sancmışdılar. Meydanlarda, bulvarda yaşıl şax, budaq və gül-çiçəkdən, xalça və parçalardan ala qapılar düzəldilmişdi. Səhər tezdən küçələr adamla dolu idi. Şəhər əhalisi - qulluqçular və müəllimlər, şagirdlər və sənətkarlar bayram şənliyinə qoşulmuşdular. Elə bil, evlərdə adam qalmamışdı. Çalıb-oynayanlar aləmə səs salmışdılar. Hər tərəfdən şüar eşidilirdi: «Yaşasın Azərbaycan!», «Yaşasın istiqlal!»».

«Qurban Pirimov tar çalır, Cabbar Qaryağdıoğlu oxuyurdu»

M.Süleymanov ədiblərin, şair və bəstəkarların, səhnə ustalarının, incəsənət xadimlərinin də şənliklərə qatıldığını yazır: «Bayraqlarla bəzədilmiş iki yük avtomobilinin birində zurna-balaban, digərində Qərb musiqisi çalınırdı. Bütün firqələr məramnaməsinə, proqramına uyğun minlərlə müraciətnamə nəşr edib camaata paylayırdılar. Hümmətçilərin çağırışlarında yadelli imperialistlərə lənət yağdırılırdı. Demokratiya pərdəsi altında kiçik xalqları əsarət zənciri ilə buxovlayanlara qarşı etiraz sədaları eşidilirdi. «Metropol»dan (indiki Nizami Muzeyi – red.) bələdiyyə idarəsinə keçmək mümkün deyildi. Damlar, eyvanlar, pəncərələr adamla dolu idi. Eyvanların birində Qurban Pirimov tar çalır, Cabbar Qaryağdıoğlu oxuyurdu».

«Füqərayi cahan kasibəsi, birləşin!»

Manaf müəllimin məşhur kitabında cümhuriyyət hökumətinin demokratikliyini isbatlayan bəzi faktlar da var: «Toxuculuq fabrikinin fəhlələri əllərində qırmızı bayraqlar və şüarlar «Hürriyyət» (sovetlər dönəmində «26-lar bağı» – red.) meydanına girirlər... Əllərdə dalğalanan bayraqlarda «Füqərayi cahan kasibəsi, birləşin!», «Yaşasın sosial demokrat fəhlə firqəsi Hümmət!», «İmperializmə ölüm!» sözləri yazılmışdı. Qara çadralı, ayaqyalın bir müsəlman arvadı ağlaya-ağlaya danışmağa başlayır: «Öz südümüzlə bəslədiyimiz, böyütdüyümüz kişilər, ərlər bizi zindana salmışlar. Yaşasın övrətlər inqilabı!». Fəhlə dəstələri parlamana yollanır, ordan da Mərkəzi fəhlə klubuna gedirlər. Bu dəstə səhər tezdən fabrikin həyətinə yığılmışdı. «Hümmət» təşkilatının nümayəndəsi qısa nitq söyləyib, fəhlələrə Bakı Komitəsinin bayrağını təqdim etmişdi. Onlar da musiqi təranələri altında Qaraşəhərə, ordan da pay-piyada şəhərə gəlmişdilər ki, öz hüquqlarını tələb etsinlər...».

'Nağıl kimi Cümhuriyyət'
Gözlə

No media source currently available

0:00 0:16:45 0:00

Tarixçilər nə düşünür? 28 mayısda müstəqil Azərbaycan necə gerçəyə çevrildi?

Cümhuriyyət tarixçisi Aydın Balayev Rəsulzadəyə həsr etdiyi «Siyasi portret» əsərində yazır: «Nə qədər eniş-yoxuşlu tale yaşasalar da, M.Ə.Rəsulzadə və çiyindaşlarının başlıca istəyi gerçəkləşdi. Uğrunda çarpışdıqları, min cür əzabdan keçdikləri, həm qələbə sevinci, həm də məğlubiyyət acısı daddıqları müstəqil Azərbaycan gerçəyə çevrildi!.. Çağdaş dünyanın siyasi xəritəsində müstəqil Azərbaycan Respublikasının danılmaz yeri var».

«Ən dahi heykəltəraş belə Rəsulzadənin yaratdığının yanında acizdir»

A.Balayevin fikrincə, ən dahi heykəltəraş belə Rəsulzadənin yaratdığının yanında aciz qala bilər: «Hətta ən görkəmli heykəltəraş da, çətin ki, nə vaxtsa və haradasa cümhuriyyət liderlərinə müstəqil Azərbaycan dövlətindən və onun üçrəngli bayrağından-- çağdaş milli Azərbaycan dövlətinin banisi M.Ə.Rəsulzadənin ucaltdığı bayraqdan daha möhtəşəm bir abidə ucalda bilsin».

Cəmil Həsənli «Əli və Nino» və Cümhuriyyət barədə
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00
Direct-ə keçid

Gəncəçayın sahilində... ölüm

Tarixçi-alim Cəmil Həsənli cümhuriyyət tarixini daha düzgün anlamaq üçün gənclərə Qurban Səidin «Əli və Nino» romanını oxumağı məsləhət görür: «Orda həm ədəbiyyat, həm tarix var. Özü də, real tarix - gözəl tarix var. Düşünürəm ki, heç bir tarixçi o dövr Azərbaycan tarixini belə incəlikləriylə verə bilməz. O kitabda Azərbaycan müstəqilliyinə olan münasibət var. O müstəqillik Azərbaycan xalqı üçün nə idi? Bütün dünyanı öz məhəbbətinin cazibəsinə salan Əli xan Şirvanşir seçim qarşısında qalanda - məhəbbəti, ya Vətəni - Vətənə üstünlük verdi... Və Gəncəçayın sahilindəki ölümü canı qədər sevdiyi Nino və körpəsiylə getməkdən üstün bildi...».

«Azərbaycan istiqlalı uğrunda şəhid oldular»

C.Həsənlinin fikrincə bu, böyük ideyadır: «Bu, məhəbbət dastanının fonunda Azərbaycan həqiqətləridir. Məsələn, 1918-ci il mart hadisələrinin necə gözəl tarixi-bədii həlli var orda. Qırğın necə başladı, necə davam etdi, əhaliyə necə divan tutdular - hamısı var orda. Və Azərbaycan aydınları, ziyalıları, siyasiləri çıxış yolu kimi müstəqilliyi necə hədəf götürdülər. Bəzən deyirlər ki, cümhuriyyət ümummilli xarakter daşımırdı. Millətin həyatına daxil olmamışdı. Amma görün axırda nə olur? Əsərin bütün azərbaycanlı prototipləri axırda hamısı cümhuriyyət ideyasının müdafiəçilərinə çevrildi. Dinçi Seyid Mustafa da, Əli xan Şirvanşir də, atası Zəfər də, Binəqədi kəndindən olan Zeynal ağanın oğlu İlyas bəy də, Heydər də ömürlərini Azərbaycan istiqlalı uğrunda mübarizəyə həsr etdilər və şəhid oldular».

«Əli və Nino»-Azərbaycan Cümhuriyyətinin ən gözəl salnaməsidir

C.Həsənli bolşevik işğalına qarşı müqavimətin olmadığını deyənlərə, yazanlara da səsləndi: «Bəyəm o adamlar Gəncədə canlarını qorumağa getmişdilər? O üzdən qurban getdilər? Onlar cümhuriyyət ideyasının uğrunda qurban getdilər! Ona görə də, «Əli və Nino» Azərbaycan Cümhuriyyətinin ən gözəl salnaməsidir».

"Nağıl kimi Cümhuriyyət" 2-ci hissə
Gözlə

No media source currently available

0:00 0:20:40 0:00

Bayramı necə bayram edək?

C.Həsənli bu suala belə cavab verdi: «Cümhuriyyət bayramını hər kəs evində xüsusi qeyd etməlidir. Ən yaxşı süfrəni hansı tarixdə açmaq istəyirsə, onu 28 Mayda açmalıdır. Beləcə, 28 Mayıs - İstiqlal günümüz millətimizin həyatına, məişətinə daxil olmalıdır».

Mən nələr çəkdim?

Əziz oxucu! AzadlıqRadiosunun Cümhuriyyətin 100 illiyinə həsr etdiyi yazılar silsiləsi 28-ci yazıyla sona çatır. Bu, 100 yaşlı cümhuriyyət üçün bəlkə də az sayıla bilər... Nə etmək olar? Cümhuriyyət barədə ən gözəl, ən dərin yazılar hələ indən belə yazılacaq. Amma və lakin bir şeyi bilmənizi rica edərdim.

Nə qədər şərəfli, qürurlu bir tarix olsa da, istər cümhuriyyət fədailəriylə bağlı verilişlər hazırlarkən, istərsə bu yazılar silsiləsini yazarkən çox sarsıldım. Sanki:

- Fətəli xan Xoyski və Həsən bəy Ağayevlə birlikdə Tiflisdə gülləyə düzüldüm;

- Rəsulzadə ilə min bir əzabdan keçərək «yad ellərdə» Prometey kimi cümhuriyyət atəşini qoruyub yaşatdım;

- Xəlil bəy Xasməmmədli ilə boğazımdan yaralandım;

- Əlimərdan bəy Topçubaşov kimi Paris küçələrində, cibimdə tramvay pulu belə olmadan, pay-piyada gəzdim;

- Eynən Şəfiqə xanım Qaspralıya qoşulub: «Nəsib, hardasan? Suda, ya torpaqdasan?.. Səni çox sevirəm!» - söylədim;

- Cümhuriyyətin son - 145-ci iclasının iştirakçısı oldum, Şəfi bəy Rüstəmbəyli kimi əlacı hönkürtüdə gördüm;

- Əhməd bəy Pepinovla ağzımdan güllələndim;

- Nağı bəy Şeyxzamanlı ilə ömrümü qürbətlərdə Anasız, qardaşsız, Vətənsiz yaşadım;

- Məhəmməd Həsən Hacınski ilə Tiflis zindanında ipdən asıldım;

- General Mehmandarovla «Azneft» meydanını süpürdüm;

- General Şıxlinski ilə ömrümün sonunda Nigarsız, tək-tənha qaldım;

- General Həbib bəy Səlimovla 39 yaşında güllələndim;

- O gözəl, laləli may ayında Vətən yolunda ölümə yollanan üsyançılara qoşulub Gəncə körpüsündə dünyayla vidalaşıb quru çay yatağına düşdüm;

- Behud xan Cavanşirlə İstanbul «Pera-Palas» otelində güllələndim;

- Məhəmməd Yusif Cəfərovla qarabaqara izləndim və uzun çəkişmələrdən sonra «ağır ürək xəstəliyindən» bu dünyadan köçdüm;

- Bolşeviklərin ilk vaxtlarda məhv etdiyi 48 mindən biri oldum;

- Nəhayət, gəncləşdim, işğaldan sonra «Gizli istiqlalçı»lara qoşuldum, «Buzlu cəhənnəm»də yandım, qovruldum, dondum... amma:

- Paçavra bayrağın bir gün solacaq,

Azərbaycan yenə mənim olacaq! - söylədim.

Və... Cümhuriyyətin nəyin bahasına qurulduğunu, nəyin eşqinə yaşadıldığını, nədən yenidən doğulduğunu bir daha anladım...

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Ən gözəl bayram!

Amma bu gün bayramdır. Həm də bayramların ən gözəli! Yazını minor notlarla tamamlamayaq. Odur ki, ürəyində cümhuriyyət odu-atəşi olanları təbrik edir, olmayanların qəlbinə tezliklə bu atəşin düşməsini diləyirəm.

Bu sətirləri yazarkən hələ ölkədə bayram qutlamaları başlamayıb.

Bayramın necə qarşılanacağı, necə keçiriləcəyi sizin kimi mənə də bəlli deyil.

Amma... son yazıya hazırlıq zamanı qəribə bir faktla rastlaşdım və bir daha sarsıldım. İnanın ki, bu, bir jurnalist fəndi deyil.

Rəsulzadənin vikipediasında «Abidələr» bölümündə bu sətirlər yer almışdı:

Abidələr:

- 1992-ci ildə Məhəmməd Əmin Rəsulzadəyə Tərtər rayon icra başçısı Sərdar Həmidovun sərəncamı ilə abidə qoyulmuşdu.

- 1993-cü ildə Məhəmməd Əmin Rəsulzadəyə Zaqatalada heykəl qoyulub və heykəlin Məhəmməd Əmin Rəsulzadə yazılan hissəsində – doğum və ölüm tarixi ilə bağlı olan hissədə sınıq var.

- 1999-cu ildə Rəsulzadənin BDU-dakı büstü götürülüb.

- 2000-ci ildə BDU-dan Rəsulzadənin adı silinib.

- 2000-ci ildə Ağcabədidə büstü götürülüb.

- 2007-ci il Ağsudan heykəli götürülüb.

- 2007-ci ildə Kukla Teatrı önündə abidə ucaldılacağı barədə məlumat olan lövhə götürülərək, əvəzində fəvvarə quraşdırılıb.

- 2011-ci Qobustandakı heykəli götürülərək arxivə verilib.

- 2012-ci il Sabirabaddan büstü götürülüb.

- 2012-ci il Tərtərdən büstünü götürüb, yerində YAP binası tikilib.

- 2013-cü ildə Bakıda «28 may» metrostansiyasının təmiri zamanı Rəsulzadənin barelyefinin üzəri örtülüb.

- 2013-cü ildə Gəncədəki abidəsi hasarlanıb.

- 2015-ci ildə «Bakmil» metrostansiyasının yanında depo ərazisində büstü sökülüb.

Hal-hazırda:

- Novxanıda Rəsulzadənin doğulduğu ev uşaq bağçasıdır;

- Bakıda Rəsulzadəyə məxsus mənzil BP-nin təlim mərkəzinə verilib;

- Rəsulzadənin nəvəsinin Novxanıdakı bağ evi özəl mülkiyyətdir;

- BDU-nun həyətində üzərində «Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır» yazılmış məlumat lövhəsi var.

- Novxanıda heykəli var.

Bax belə! Hər hansı bir şərhə ehtiyac varmı?!

Şeyx Edebalinin Osmana nəsihəti

Hələ XIII əsrdə Şeyx Edebalı Osmanlının təməlini qoyan Osmana deyirdi:

«Osman! Keçmişini yaxşı bil ki, gələcəyə sağlam addımlayasan

Haradan gəldiyini unutma ki, haraya gedəcəyini unutmayasan!

Keçmişini bilməyən gələcəyini bilməz!».

Son söz

100 yaşın mübarək Azərbaycan Cümhuriyyəti!

Daha böyük yaşlara!

Sən hər şeyin ən yaxşısına layiqsən!

Çünki «Sən mələklərin gülüşündən, ahuların duruşundan yarandın!»

Çünki səni bizə belə əmanət ediblər:

«Sən bizimsən, bizimsən, durduqca bədəndə Can,

Yaşa-yaşa, çox yaşa, ey şanlı Azərbaycan!»

Çünki son nəfəsdə belə səni unutmayıb 3 dəfə «Azərbaycan!» çağırıblar...

28-ci yazının sonu.

XS
SM
MD
LG