Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:59

İtaliya kinosu mafiyanı qlamurlaşdırır


Mafiya. Foto illüstrasiya
Mafiya. Foto illüstrasiya

"İtaliya kinosu mafiyanı niyə cəlbedici göstərməyə başlayır?" Ohayo Dövlət Universitetinin italyan elmləri və kino professoru Dana Renga-nın "The Conversation" jurnalındakı məqaləsi belə adlanır.

"Artıq bir əsrə yaxındır ki, Amerika kinematoqrafçıları mafiyanı qlamurlaşdırıblar. Mafiya üzvlərini elə xarizmatik, hazırcavab təqdim ediblər ki, adamın lap onları nahara dəvət etməyi gəlir", – məqalədə deyilir.

Tamaşaçılar ən son belə nümunəni "İrland" (The Irishman) filmində gördülər. Bu film Robert De Niro, Al Pacino və Joe Pesci-ni bir araya gətirməsi ilə gündəmə gəldi. "Sopranolar" (The Sopranos) və "Gizli imperiya" (Boardwalk Empire) filmləri də bu qəbildəndir.

Amerikalıların təsəvvüründə mafiyanın qlamur imici onun ABŞ-da heç vaxt İtaliya ilə müqayisədə böyük gücə malik olmaması ilə bağlıdır. Bu mütəşəkkil cinayət sindikatı ABŞ-da daha az insanı həyatından məhrum edib və daha az şirkəti darmadağın edib. Günümüzdə əksər insanlar mafiyanı keçmişin qalığı kimi görürlər.

İtaliyada isə vəziyyət başqa cürdür. Burada mafiya hər zaman olduğu qədər güclü və təhlükəlidir. Mafiyanın əməlləri italyan filmlərində və televiziya seriallarında geniş əks olunub.

Yeni fenomen

Ancaq mafiyanın mediada təsvirini öyrənən professor bu məsələdə maraqlı bir dəyişiklik müşahidə edib: italyan filmləri və televiziya proqramları da cinayətkarlığı hörmətə mindirməyə, mafiozları cəlbedici mənfi qəhrəmanlar kimi göstərməyə başlayıb.

Hollivudun yaraşıqlı aktyorları cinayətkar mənfi qəhrəman rollarına çəkməsi çoxdankı ənənədir. Humphrey Bogart "Yeraltı dünyanın kralı" (King of the Underworld), Denzel Washington "Amerika qanqsteri" (American Gangster) filmlərinin, Al Pacino "Xaç atası" (The Godfather) trilogiyasının ulduzlarıdır.

İtaliyada isə bu fenomen nisbətən yenidir.

1960-cı və 1970-ci illərdə çəkilmiş italyan filmlərində qanqsterlər qorxunc və yaraşıqsız təsvir olunurdu. 1990-cı və 2000-ci illərin populyar italyan mafiya biopik filmlərində isə onlar qəddar və iyrənc mənfi qəhrəmanlardır. "Yüz addım" (One Hundred Steps) və "Placido Rizzotto" belə filmlərdəndir.

Ancaq XXI əsrdə bu dəyişməyə başladı. 2005-ci ildə rejissor Michele Placido Roma mafiyası haqqında "Kriminal roman" (Romanzo Criminale) adlı film çəkir. Filmdə cinayətkarları gənc və yaraşıqlı aktyorlar oynayır.

Daha yaxın zamanlarda isə "Gomorrah" TV serialında yaraşıqlı caniləri, Claudio Giovannesi-nin 2019-cu ildə çıxmış "Piranialar" (Piranhas) filmində isə yeniyetmə qanqsterləri görürük.

İtalyanlar da narazıdırlar

Marco Bellocchio-nun "Xain" (The Traitor) adlı ən yeni filmi isə bu trendi ümumiləşdirir. Bu film həm də İtaliyanın builki Oskar mükafatına namizədi idi.

Bu filmdə əsas rolu "İtaliyanın George Clooney-si" kimi tanınan Pierfrancesco Favino oynayır. Onun oynadığı Toması Buscetta personajı real adamdır və o, 1980-ci illərin əvvəllərində mafiyanın bəzi daxili işləri haqda məlumatı İtaliya hökumətinə ötürmüşdü. Buna görə başlanan cinayət işləri 1987-ci ildə tamamlanıb və 342 adamın həbsi ilə nəticələnib.

Ancaq əksər italyanlar Buscetta-ya şübhə ilə yanaşır və onu qətiyyən antimafiya hərəkatının nümayəndəsi saymır. Onun bu informasiyanı hökumətə ötürməsinin əsl motivləri hələ də qaranlıqdır. Buna baxmayaraq, "Xain" filmi onu cəlbedici mənfi qəhrəmana çevirib.

Bu təsvir bir çox italyanların xoşuna gəlməmişdi. Filmin İtaliyada mafiya ilə mübarizə aparan bir prokuror, onun həyat yoldaşı və cangüdənini öldürməsinin ildönümündə çıxması da vəziyyəti yüngülləşdirməyib.

Bu filmlər təkcə İtaliyada yox, həm də dünyada populyardır. Məsələn, "Gomorrah" filminə dünyanın 190 ölkəsində baxılır. İtaliyanın özündə isə belə filmlərə etiraz adi haldır. Burada çox adam mütəşəkkil cinayətkarlığın cəlbedici və xoşagələn personajlarla təqdim olunması ideyasını bəyənmir. Etiraz edənlərin arasında yaxınları mafiya tərəfindən öldürülmüş adamlar da var.

Məsələn, Neapol meri deyib ki, "Gomorrah" filmi "gənclərin beynini, düşüncəsini və qəlblərini paslandırır". Bir hakimsə filmin yaradıcılarını "cinayəti aşırı insaniləşdirməkdə" suçlayıb.

XS
SM
MD
LG