Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Avropa Şurasının baş katibi Azərbaycandan hücumlara məruz qaldığını yazır


Avropa Şurasının baş katibi Thorbjørn Jagland
Avropa Şurasının baş katibi Thorbjørn Jagland

Avropa Şurasının baş katibi Thorbjørn Jagland sentyabrın 30-da özünün Facebook səhifəsində yazır ki, son bir neçə gündə Avropa Şurasına və şəxsən onun rəhbərinə qarşı kütləvi və mütəşəkkil hücum kampaniyası aparılır.

Jagland qeyd edir ki, Avropa tarixində hələ indiyədək üzv ölkə tərəfindən seçkili baş katibə qarşı belə hücum edilməyib.

O yazır ki, bu kampaniya Avropa Şurasında Azərbaycana qarşı prosedura başlamaq təşəbbüsünə görədir. Həmin təşəbbüsün qaldırılmasına səbəb isə Avropa İnsan Haqları Məhkəməsinin üç il bundan əvvəl qəbul etdiyi qərarına rəğmən İlqar Məmmədovun hələ də həbsxanada saxlanmasıdır.

Ən güclü hücumları edən bloger Fətullayevdir. Onun özü bir vaxtlar həbsxanaya salınanda Avropa Şurasının səyləri nəticəsində azad olunmuşdu. O özü demişdi ki, həyatı xilas edilib. Lakin indi o...hökumətin qatı müdafiəçisinə çevrilib” – yazır Jagland.

Jagland bildirir ki, belə hallar əvvəllər də müşahidə edilib. Fəallar həbsxana rəsmilərinin təhriki ilə başqa məhbuslar tərəfindən incidilir və buna daha dözə bilməyəndə etirafçıxışı edir, əfv istəyirlər. Bundan sonra onlar Heydər Əliyevin heykəli önündə kameraların qarşısında baş əyirlər.

“Mən həmişə demişəm ki, Nazirlər Komitəsi üzv ölkənin belə davranışına dözümlülük göstərə bilməz” – yazır Avropa Şurasının rəhbəri.

Jagland-ın fikrincə, Avropa bütün qaz, neft, maliyyə və strateji maraqlarını bir tərəfə qoyub siyasi məhbusu müdafiə etməlidir.

Onun sözlərinə görə, bu, Avropanın İkinci Dünya Müharibəsindən sonra təşəkkül tapmış müqəddəs prinsipidir.

UNESCO-nun baş katibi İrina Bokova Eynulla Fətullayevə Dünya Mətbuat Azadlığı mükafatını təqdim edir. 2013-cü il, may
UNESCO-nun baş katibi İrina Bokova Eynulla Fətullayevə Dünya Mətbuat Azadlığı mükafatını təqdim edir. 2013-cü il, may

Bu da qeyd olunmalıdır ki, Eynulla Fətullayev Jagland-ın ittihamlarına hələlik münasibət bildirməyib.

Xatırladaq ki, sentyabrın 13-də Avropa Şurasının baş katibiı Thorbjørn Jagland Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən İlqar Məmmədovun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı hüquqi hərəkətlərə çağırmışdı.

Müşahidəçilər bunu Avropa Şurasının 68 illik tarixində misli görünməmiş addıma çağırış adlandırmışdılar.

Thorbjørn Jagland bu barədə The Guardian qəzetinə demişdi: “Biz Avropada siyasi məhbusların olmasına yol verə bilmərik və biz ən ali məhkəmənin qərarına rəğmən Azərbaycanın Məmmədovu həbsdə saxlamasına davam etməsinə yol verə bilmərik…”

Jagland Azərbaycana münasibətdə Avropa Şurası Konvensiyasının 46.4 bəndinin işə salınmasını istəyir. Bu addım son nəticədə Azərbaycanın Avropa Şurasından çıxarılmasına səbəb ola bilər.

Tənqidə tənqidlə

Azərbaycan rəsmiləri Avropa ilə sıx münasibətlərə tərəfdar olduqlarını bildirsələr də, Thorbjørn Jagland-ı kəskin tənqidlə yanaşıblar.

Onlar ölkənin Avropa Şurasından çıxarılmasından çəkinmədiklərini bildirirlər. Milli Məclisin deputatları isə məsələ barədə kifayət qədər mütəşəkkil görünən münasibət bildiriblər.

Millət vəkili Çingiz Qənizadə APA-ya müsahibəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icra olunmamasını “cılız məsələ” adlandırmışdı:

“Avropa Şurası kimi bir qurumun baş katibinin çox cılız görünən bir məsələ ilə əlaqədar qurumun üzvü olan bir dövlət haqqında bu cür bəyanatla çıxış etməsi yolverilməzdir. Avropa Şurası məkanına daxil olan dövlətlərin özündə Avropa İnsan Haqları Məhkəməsinin 10 min icra olunmamış qərarı var...”

Milli Məclisin başqa bir deputatı Bəxtiyar Sadıqov da Trend agentliyinə müsahibəsində “on minlərlə icra olunmamış qərardan” danışmış, İlqar Məmmədovun azadlığa buraxılması tələbənin əsassız olduğunu demişdi:

"Əvvəla, Avropa Şurasının on minlərlə qərarı var ki, bu gün icra olunmur. Hətta bu qurumun Ermənistanla bağlı minlərlə qərarı var və bu gün həmin qərarların heç biri yerinə yetirilməyib. Necə ola bilər ki, on minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Nə üçün digər dövlətlərə qarşı bu cür mövqe nümayiş etdirilmir, amma Azərbaycanla ultimatum dilində danışılır".

Azərbaycana vaxt qoyulub

Bu da qeyd olunmalıdır ki, sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi azərbaycanlı siyasətçi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin hökmünün icrasına dair qərar çıxarıb.

Katibliyə tapşırılıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsi məsələsini, Avropa Məhkəməsinin hökmünün icra olunmamasını (Maddə 46 § 1) Avropa Məhkəməsi qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG