Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:23

Kabil aeroportunda çaxnaşma


Əfqanlar Kabil aeroportunda
Əfqanlar Kabil aeroportunda

Departamentin sözçüsü Ned Prays avqustun 15-də deyib ki, "səfirlik əməkdaşlarının təhlükəsiz evakuasiyası" tamamlanıb.

“Mağazalar açılır, adamlar evlərdən çıxır, həyat normal axına qayıdır, amma bəziləri gələcəkləri üçün narahatdırlar”, – AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri deyir.

Bir çoxları ötən 20 ildə hökumətlə əməkdaşlıq etdiklərinə, xarici hökumətlər üçün işlədiklərinə görə Talibanın təqiblərindən qorxur. Elə bu səbəbdən ölkədən çıxmaq istəyənlər Kabil aeroportunda çaxnaşma yaradıb.

Şahidlərin “Reuters”ə deməsinə görə, yüzlərlə insan paytaxtdan qalxan təyyarələrə minməyə çalışıb. Azı beş nəfərin həlak olduğu bildirilir. Amma bu məlumat hələlik, rəsmən təsdiqlənməyib.

Daha öncə isə ABŞ rəsmisi və şahidlər amerikalı əsgərlərin kütləni dağıtmaq üçün havaya atəş açdığını demişdi.

Aeroport rəsmiləri “talanın qarşısını almaqdan ötrü” qalan kommersiya reyslərini təxirə saldığını bildirib. Kabil aeroportunun orduya verildiyi, tranzit təyyarələrindən marşrutu dəyişmək xahiş olunduğu açıqlanıb.

Bir sıra böyük hava şirkətləri də bu informasiyaya cavab olaraq Əfqanıstanın hava məkanından yan keçdiklərini bildiriblər.

***

Onlarla hökumət Əfqanıstandakı bütün tərəflərdən xarici vətəndaşların və ölkədən çıxmaq istəyən əfqanların çıxışına “hörmətlə yanaşmağa və bunu asanlaşdırmağa” çağırıblar. Bir sıra ölkələr vətəndaşlarını çıxarır, Əfqanıstandakı səfirliklərini bağlayırlar.

60-dan çox ölkənin birgə bəyanatında Əfqanıstanda “təhlükəsizlik vəziyyətinin pisləşdiyi” qeyd olunur. “Əfqanıstanda hakimiyyət və səlahiyyət sahibi olanlar insan həyatı və əmlakının qorunması, təhlükəsizlik və ictimai nizamın bərpası üçün məsuliyyət və hesabatlılıq daşıyırlar”, – bəyanatda vurğulanır.

ABŞ Dövlət Departamentinin vebsaytında yer almış bəyanatda deyilir ki, “yollar, aeroportlar və sərhəd keçidləri açıq qalmalı, sakitlik təmin olunmalıdır”.

“Əfqan xalqı təhlükəsizlik və şərəflə yaşamağa layiqdir. Beynəlxalq ictimaiyyət olaraq biz onlara kömək etməyə hazırıq”, – bəyanat bu sözlərlə bitir.

Yardıma ehtiyacı olanlar

BMT-nin Baş katibi Antonio Quterres Talibanı və digər tərəfləri əfqanların həyatını qorumaq, humanitar yardımın çatdırılmasını təmin etmək üçün “maksimum təmkin” göstərməyə səsləyib.

Əfqanıstandakı münaqişə bu il 550 min nəfərdən çox insanı evindən didərgin salıb. Buna qədərsə 18.4 milyondan artıq insanın yardıma ehtiyacı vardı. OCHA kimi tanınan BMT-nin humanitar ofisi bildirib.

Prezident Əşrəf Qaninin hazırda hansı ölkədə olması bəlli deyil. O, altı milyon əhalisi olan Kabili tərk etməsini böyük humanitar fəlakəti önləmək istəməsilə izah edib.

Əfqanıstan hökumətindəki mənbələrin AzadlıqRadiosu-na (RFE/RL) deməsinə görə, Qani Tacikistan paytaxtı Düşənbəyə uçub. Tacikistan Xarici İşlər Nazirliyi isə avqustun 16-da onun təyyarəsinin ölkənin “hava məkanına daxil olmadığını” bildirib.

Bəzi məlumatlara görə, Qani Özbəkistana gedib.

***

Amerikalılar Kabildən çıxarılır

ABŞ səfirliyinin işçiləri Kabil aeroportuna evakuasiya olunub. Dövlət Departamenti ABŞ ordusunun aeroportun perimetrində təhlükəsizliyi təmin etdiyini bildirir. Birləşmiş Ştatlar avqustun 16-da diplomatlarını, digər amerikalı heyəti və müharibə vaxtı amerikalılara kömək etmiş əfqanları ölkədən çıxarmağa hazırlaşır.

Departamentin sözçüsü Ned Prays avqustun 15-də deyib ki, “səfirlik əməkdaşlarının təhlükəsiz evakuasiyası” tamamlanıb.

Xüsusi viza veriləcək əfqanlar

Dövlət Departamenti və Pentaqonun daha öncəki bəyanatında avqustun 16-dan mülki və hərbi uçuşların başlanacağı, bir neçə gün davam edəcəyi deyilirdi.

Bəyanata görə, növbəti 48 saat ərzində ABŞ təhlükəsizlik əməkdaşlarının sayı 6 minə çatdırılacaq və məqsəd “yalnız bu işləri asanlaşdırmaqdır”.

Minlərlə amerikalı, ABŞ missiyasının yerli əməkdaşları, onların ailələri və digər “xüsusilə zəif əfqanlar” ölkədən çıxarılarkən ABŞ qüvvələri hava nəqliyyatına nəzarət edəcək. Bəyanatda o da vurğulanırdı ki, Birləşmiş Ştatlar ABŞ Xüsusi İmmiqrant Vizalarına (SIVs) hüququ çatan minlərlə əfqanın evakuasiyasını sürətləndirəcək.

Fransa və Almaniya da öz vətəndaşlarının və onlara kömək etmiş əfqan işçilərin köçürülməsi üçün hərbi nəqliyyat təyyarələri göndərib. Britaniya evakuasiyaya kömək üçün Əfqanıstana 600 hərbçi yollayıb.

Taliban “müzakirə istəyir”

Avqustun 15-də Taliban paytaxt Kabilə girib, Prezident Əşrəf Qani isə ölkəni tərk edib. Təxminən 20 ildən sonra islamçı qruplaşma yenidən ölkəni nəzarətə alıb. Bu, ABŞ-da 11 sentyabr terrorunun 20-ci ildönümündən bir ay öncəyə təsadüf edir. Həmin hücumları o zaman Talibana sığınmış Al-Qaeda təşkil edib.

Talibanın siyasi ofisinin sözçüsü Məhəmməd Naim Əfqanıstandakı müharibənin bitdiyini elan edib. Onun sözlərinə görə, Taliban təcrid olunmaq istəmir və beynəlxalq ictimaiyyətlə dinc münasibətlərə çağırıb.

“Bütün ölkələrin və qurumların istənilən məsələnin həllini bizimlə müzakirə etməsini istəyirik”, – o, “Al-Jazeera” televiziyasına deyib.

Naimin sözlərinə görə, Kabildə Talibanın nəzarətində olan ərazilərdə hər hansı diplomatik qurum, yaxud qərargah hədəfə alınmayıb, qruplaşma diplomatik missiyaların təhlükəsizliyini təmin edəcək.

“Açıq və inkluziv islamçı hökumət”

Talibançılar gecəyə doğru Kabil ərazisində tərk edilmiş polis postlarının başına keçiblər. Onlar daha öncə Kabildəki prezident sarayına giriblər. Al-Jazeera silahlı döyüşçülərin masa ətrafına yığışdığını göstərib.

Talibanın sözçüsü Suhail Şahin “Associated Press”ə deyib ki, “açıq və inkluziv islamçı hökumət”in qurulması üçün bir neçə günə danışıqlar aparılacaq.

Hakimiyyətin dinc transferindən ötrü aparıcı rəsmilərlə danışıqlar getdiyi bildirilir. Amma keçidin nə vaxt həyata keçəcəyi, Talibandan kimin danışıq apardığı bəlli deyil.

Britaniyanın Baş naziri Boris Conson Qərb ölkələrini ilkin razılaşma olmadan Talibanı Əfqanıstanın yeni hökuməti kimi tanımamağa çağırıb.

Onun sözlərinə görə, Kabildə tezliklə yeni hökumətin olacağı aydındır, amma Qərb ölkələri birlikdə işləyərək Əfqanıstanın “terror üçün əlverişli məkana” çevrilməsinə imkan verməməlidirlər.

Baydenin mövqeyi

ABŞ Prezidenti Co Bayden son hadisələrlə bağlı bəyanat verməyib, amma Ağ ev Twitter-də yazıb ki, o, vitse-prezident Kamala Harrislə birlikdə milli təhlükəsizlik müşavirləri ilə görüşüb, evakuasiyaya dair son məlumatları alıblar.

Bayden Əfqanıstandakı 2 min 500 hərbçinin avqustun 31-dək çıxarılacağını elan edəndən sonra Talibanın nəzarəti ələ alacağı ehtimalını kiçildirdi. O, avqustun 14-də qərarını müdafiə edərək deyib ki, “başqa bur ölkənin vətəndaş müharibəsində Amerikanın sonsuz iştirakı mənim üçün qəbuledilməzdir”.

Silahlılar bir həftədən də az vaxt ərzində Əfqanıstanın böyük şəhərlərini tutandan sonra Bayden, özəlliklə Konqresdəki respublikaçılarım tənqidiylə üzləşib.

Texasdan respublikaçı konqresmen Maykl Makkol CNN-ə deyib ki, Talibanın hakimiyyətə keçməsi Birləşmiş Ştatlara təhdidi dirçəltdi.

“Biz 11 sentyabr terrorundan əvvəlki vəziyyətə qayıdırıq. Terrorçuluq üçün münbit məkana”, – o deyib.

XS
SM
MD
LG