Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:24

Azərbaycandan kapital axını 38 faiz artıb


Məmurların pullarını xaricdən Azərbaycana necə qaytarmaq olar?
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Məmurların pullarını xaricdən Azərbaycana necə qaytarmaq olar?

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 2 milyard 549 milyon 600 min dollar həcmində kapital çıxarılıb.

Bu barədə Mərkəzi Bankın dərc etdiyi tədiyə balansında yazılıb. Qurumun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38.3 faiz çoxdur. Ötən ilin yanvar-iyun aylarında Azərbaycandan kapital axınının həcmi 1.8 milyard dollara bərabər olub. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32.1 faiz çoxdur.

V.Əhmədov
V.Əhmədov

Ölkədən kapital axını hər il niyə artır

Bu suala Mərkəzi Bank və cavabdeh rəsmi qurumlardan, hələlik, birbaşa cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı "Turan"a bunları bildirib: "Bu boyda kapitalın çıxarılmasına nəzarət mexanizmi həyata keçirilmir? Mərkəzi Bank kapitalın hara və nə üçün çıxarılmasını açıqlamalıdır".

Komitə üzvünün sözlərinə görə, kapitalın strukturunun nədən ibarət olduğunu bilmək lazımdır: "Bir var ki, vəsait çıxarılır, harasa investisiya qoyulur və ya xaricdən Azərbaycana mal idxal olunur, buna görə vəsait ödənilir. Burada böyük problem yoxdur. Amma ola bilər ki, maliyyə ölkədən çıxarılıb hansısa ofşor şirkətlərə yatırılır. Ona görə də Mərkəzi Bank onun strukturunu açıqlamalıdır".

O əlavə edib ki, deputatlar bu məsələyə Milli Məclisdə toxunacaqlar.

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, kapitalın çıxarılmasının istiqamətləri ilə bağlı detallı açıqlamaya ehtiyac var: "Təəssüf ki, Mərkəzi Bank bu məlumatları açıqlamır, halbuki əllərində kifayət qədər informasiya var".

İqtisadçı deyir ki, son dövrlərin praktikasını nəzərə alaraq, bu kapital axınının müxtəlif səbəbləri olduğunu söyləmək olar: "Biri və ən formalı olan səbəb ondan ibarətdir ki, Azərbaycanda vəsaiti əldə edən xarici vətəndaşlar və ya şirkətlər bunu leqal şəkildə ölkədən çıxarırlar. Bu da böyük məbləğ deyil".

"Xaricdə daşınmaz əmlakın alınması populyarlıq qazanıb"

Onun sözlərinə görə, ikinci istiqamət xaricdə alınan daşınmaz əmlakdır: "Son zamanlar Azərbaycan vətəndaşlarının ölkədə yox, xaricdə daşınmaz əmlak alması böyük populyarlıq qazanıb. Son bir ildə Azərbaycan vətəndaşları Türkiyədən daşınmaz əmlak alınmasının həcminə görə ilk beşlikdədirlər. Eyni şey Gürcüstana da aiddir".

O qeyd edib ki, üçüncü səbəb isə daha xroniki və qlobaldır: "Azərbaycanda investorlar üçün münbit şəraitin olmadığını nəzərə alaraq onlar öz sərbəst maliyyə vəsaitlərini Azərbaycandan kənarda yatırırlar".

N.Cəfərlinin sözlərinə görə, Azərbaycandan çıxarılan kapitalın həcmi 80-90 milyard dollar ola bilər: "Bu vəsait ölkədə qalsaydı, ölkə iqtisadiyyatına yatırılsaydı, fabriklər, zavodlar açılsaydı və investorlar üçün münbit şərait yaradılsaydı, Azərbaycan iqtisadiyyatının indikindən iki dəfə çox böyüməsinə imkan yaranardı".

XS
SM
MD
LG