«Kapitalbank»ın «Bir kart»larından pul çəkməkdə suçlanan 29-yaşlı Səddam Nəzərli prokurorluqdan tutmuş, Prezident Administrasiyasına qədər müxtəlif orqanlara şikayət məktubları yazıb. İddia edir ki, ona verilən ittiham maddəsi düz deyil. Oğurlanan pulun məbləği də şişirdilib. Amma şikayətlər nəticə vermədi – dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona 6 il 6 ay həbs cəzası kəsildi.
İttihamda «Kapitalbank»ın müştərilərinin hesablarından ümumilikdə 85 min manat pul çəkildiyi göstərilib. Səddam isə deyir ki, məbləğ 50 min manatı keçməyib.
Qanuna görə, məbləğ 50 min manata qədər olanda bu, «xeyli məbləğdə» ziyan sayılır. Xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluğa görə (CM-in 177.2.4 maddəsi) cəzanın yuxarı ən həddi 5 il həbsdir. Ziyanın məbləği 50 min manatdan yuxarı olduqda isə «külli miqdarda» ziyan hesab olunur. Bu əmələ görə CM-in 177.3.2 maddəsində 5 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.
Səddam da deyir ki, nə vaxtsa əməlinin üstünün açılacağını və həbs olunacağını bildiyi üçün məbləğin 50 min manatı keçməsinə imkan verməyib.
«Mənim maddəm dəyişməlidir»
Dekabrın 9-da hökm elan olunmamışdan öncə S.Nəzərli məhkəmədə son sözünü deyib. Bildirib ki, məhkəmə istintaqının başa çatmasına etiraz edir, ədalətli araşdırma istəyir: «Mənim işimdə əsas yüngülləşdirici məqam odur ki, kart hesablarından pul çəkilməsini banka özüm xəbər vermişəm. Bundan sonra təhlükəsizlik sistemini gücləndiriblər, əlavə tədbirlər görüblər. İşlərindəki boşluğu onlara mən çatdırmışam. Ədalətli araşdırma aparılsa, görünər ki, 85 min manat götürməmişəm. Mənim maddəm dəyişməlidir».
Prokuror S.Nəzərliyə 7 il 6 ay həbs cəzası istəyib. Məhkəmə isə qısa müşavirədən sonra onu elə ittiham olunduğu CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsiylə təqsirli bilib və 6 il 6 ay həbs hökmü çıxarıb.
Səddam məhkəmədə danışırdı ki, işsizlik, borc üzündən bu addımı atıb: «Xeyli vaxtdı işsiz idim, borc içində batırdım. Çıxış yolları axtarırdım. Bir müddət market işlətdim, onda da ziyana düşdüm. Görəndə ki, heç cür alınmır, plan qurdum, bu yolla vəziyyətdən çıxmağa cəhd elədim. Əvvəl bir hesabdan çıxarmağı yoxladım. Gördüm ki, alınır, başladım bu işi görməyə...».
Dediyinə görə, əvvəlcədən planı təxminən 40 min pul çıxarmaq olub. Çünki 30 min manata qədər borcu olub. Bilib ki, əvvəl-axır onu yaxalayacaqlar, həbsdə olduğu müddətdə, heç olmasa, 10 min manata qədər də ailəsi üçün ehtiyat qoymaq istəyib: «Fikirləşirdim ki, azyaşlı oğlum mən həbsdən çıxana qədər yaşaya bilsin...».
O bildirir ki, proqramlar vasitəsilə «Kapitalbank»ın «Bir kart» müştərilərinin hesabına daxil olub, anasının onda olan kartına pul köçürürdü. Sonra da həmin pulları nağdlaşdırırdı: «124 nəfərin hesabından pul çıxarmışdım. Özüm banka zəng elədim, dedim ki, sizdə belə boşluqlar var, filan problemləri aradan qaldırmalısınız».